Modern.az

Sülh hamıdan çox Ermənistanın özünə lazımdır - Sahibə Qafarova

 Sülh hamıdan çox Ermənistanın özünə lazımdır - Sahibə Qafarova

Parlament

14 Fevral 2023, 11:19

“Azərbaycan Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olmuş və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistana sülh sazişinin imzalanmasını təklif edib. Sülhün əldə olunması hamıdan çox Ermənistanın özünə lazımdır”.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ilə bildirib.

 

Sahibə Qafarova deyib ki, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatların tələblərini açıq-aşkar pozaraq, öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmayıb, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının qarşısını alır.

 

Görüşdə son dövrlər Laçın yolu ətrafında mövcud olan vəziyyətlə bağlı geniş məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Üçtərəfli bəyanata ciddi riayət edir və sənəd üzrə bütün öhdəlikləri tam yerinə yetirib. Üçtərəfli Bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir.

 

Bununla yanaşı, spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan iki ildən artıqdır ki, Laçın yolundan mina, hərbi sursat, şəxsi heyət və talan edilmiş təbii sərvətlərin daşınması üçün istifadə edir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə, habelə təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadə hallarına qarşı Azərbaycan vətəndaşlarının etiraz aksiyaları onların qanuni hüququdur və etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir. Spiker Sahibə Qafarova qeyd edib ki, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, guya humanitar böhran yaranması ilə bağlı Ermənistan tərəfinin bəyanatları tamamilə əsassızdır. Laçın yolu boyunca hər gün onlarla nəqliyyat vasitələrinin, sülhməramlı kontingentin maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım maşınlarının hərəkəti erməni tərəfinin əsassız iddialarını təkzib edir. Beləliklə, bütün bunlar sübut edir ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?