Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "rəhbəri" Arayik Harutyunyan Moskvadan qayıtdıqdan sonra yeni fikir ortaya atdı. Belə ki, Arayik Harutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. O, qondarma qurumun “rəhbərinin” ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək.
Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Harutyunyanın aqibətinin necə olacağı isə sual altındadır.
Separatçılar arasında yaşanan daxili ixtilafın səbəbi nədir? Proses nə ilə yekunlaşacaq?
Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, "parlament" tərəfindən "rəhbər"in təyin edilməsi daha çox "seçkilərin" saxtalaşdırılmasına xidmət edəcək:
“Bu gün Qarabağın dağlıq hissəsində yaşayan ermənilər separatçıların çoxundan beziblər. Onlar özləri üçün alternativ siyasətçi tapa bilər, yaxud qeyri-sistem oyunçusunun uğur qazanmasına şərait yarada bilər. Buna görə də, Arayik təyinat prosesi uğurla həyata keçirilə bilsin deyə bu yola əl atıb”.
Politoloq bu fikrin Arayik Harutyunyanın müstəqil qərarı olmadığını bildirib:
“Bu qərar gizli danışıqlar zamanı beynəlxalq dairələr tərəfindən Arayik Harutyunyana verilən əmrin nəticəsidir. Həmin beynəlxalq dairələr Qarabağda öz adamlarını "hakimiyyətə" gətirməyi özləri üçün məqsəd qoyublar. Bu da onu göstərir ki, Azərbaycan Qarabağla bağlı yaxın vaxtlarda çox ciddi qərarlar verəcək. Ümumiyyətlə, 2023-2024-cü illər Azərbaycanın mühüm addımlar atması üçün çox vacib sayılır. Bundan sonra həm regionda, həm də beynəlxalq müstəvidə vəziyyət dəyişə bilər. Qarabağdakı ermənilər bilməlidir ki, Azərbaycan öz məqsədinə mütləq şəkildə çatacaq. Dünyada heç yerdə separatçılıq qələbə qazanmadığı kimi, Azərbaycanda da qazana bilməyəcək. Sadəcə olaraq onlar girovdurlar və girovlardan bu və ya digər şəkildə istifadə edirlər. Amma təbii ki, ədalətin bərpa ediləcəyi günlər heç də uzaqda deyil. Yaxın vaxtlarda daha bir qələbənin sədasını eşidəcəyik”.
Politoloq Arayik Harutyunyanla Ruben Vardanyan arasındakı münaqişəyə də toxunub:
“Şübhə yoxdur ki, hər iki separatçı arasında bir qovğa var. Onu da qeyd etmək lazımdır ki, Vardanyanla Nikol Paşinyan arasında da münaqişə var. Ümumiyyətlə, Qarabağ erməniləri və Paşinyan hakimiyyəti arasında ideoloji, siyasi cəhətdən ciddi şəkildə fikir ayrılıqları mövcuddur. Arayik Harutyunyandan daha çox Nikol Paşinyanın başı üzərində qara buludlar dolaşır. Paşinyanın cəzalandırılması üçün regional qüvvələr müəyyən addımlar ata bilər. Bununla da, həm Ermənistanda, həm də Qarabağda eynifikirli şəxslərin hakimiyyətə gəlməsinə və eyni dairədən idarə edilməsinə müvəffəq ola bilərlər”.