Modern.az

Nazirin iştirakı ilə keçən Son Zəng – REPORTAJ - FOTOLAR

Nazirin iştirakı ilə keçən Son Zəng – REPORTAJ - FOTOLAR

31 May 2013, 15:22

Növbəti tədris ilini də başa vurduq. Hər il olduğu kimi sonu və başlanğıcı eyni gündə yaşayan 11-cilərin bu həyəcanına şərik olmaq üçün orta məktəblərdən birinə reportaj dalınca yollandıq. Gedəcəyimiz yer artıq bəlli idi: Nərimanov rayonu 200 saylı Bağça-Məktəb-Lisey Kompleksi (BMLK). Sözsüz ki, seçimimizin xüsusi səbəbi var idi. Belə ki, yeni seçilmiş təhsil naziri Mikayıl Cabbarov ilk dəfə bu məktəbin 11-cilərini təbrik edəcəkdi.


Beləcə, məktəbə yolandıq. Məktəbin həyətinə girər-girməz bizi qəribə abı-hava öz ağuşuna aldı: şagirdlərin həyəcanı, əllərində gül və hədiyyələr ora-bura qaçmaları, valideynlərin təlaşı, birincilərin heyran baxışları... Bir anlıq məktəb illərimiz, məzun günümüz gözlərimiz önündə canlandı. Axı biz də birincilər və 11-cilər kimi müxtəlif zamanlarda olsa da eyni hissləri yaşamışıq. Məzun günümüzdə müəllimlərimizin xeyir-duaları qulaqlarımızda cingildəyir. Hətta müəllimlərimizdən biri demişdi ki, “bu son xoş sonluqdur. Bu son yeni başlanğıcdır. Yeni başlanğıc yeni həyatdır”. Bu gün onun nə demək istədiyini artıq yaxşı başa düşürəm. “Son zəngə” sayılacaq dəqiqələr qalır. 11-cilər və birincilər artıq öz yerlərini alıblar. Birincilər məktəblə vidalaşacaq 11-cilərə gül hədiyyələri, onlar isə hələ uşaqlıqlarından qopmamış birincilərə müxtəlif oyuncaqlar verirlər. 11-cilərin köynəkləri, məzun lentləri üzərində gələcək həyatlarında gerçəkləşməsi ümidi ilə yazılmış arzu və istəklər yer alır. Nəhayət, jurnalist həmkarlarımla qarşılaşıram. Onlarla məzun xatirələrimizi bölüşürük. Budur artıq tədbirin rəsmi hissəsi başlayır. Məktəbin direktoru Qafar Hüseynov və təhsil naziri Mikayıl Cabbarov çıxış üçün nəzərdə tutulan səhnəyə qalxırlar. Bir anlıq dumanlı məktəb xatirələrindən uzaqlaşıb, dəftər-qələmlərimizi hazırlayıb gündəlik işimizə qayıdırıq. Tədbir himnin səsləndirilməsi, Azərbaycan Respublikası və BMLK-in bayraqlarının gətirilməsi prosesi ilə başlayır. 

Daha sonra mikrofon qarşısına keçən məktəb direktoru Qafar Hüseynov ev sahibi kimi bütün qonaqları salamlayıb, qısa nitq söyləyir: “Bütün məzunları “Son zəng” günü ilə bağlı təbrik edirəm. Bu il məktəbimizdən 293 şagird əlaçılıqla məzun olacaq. Mən ümid edirəm ki, onların hər biri uğurlu nəticələr göstərib, gələcəkdə prezidentimizin yaxın tərəfdaşları, silahdaşları olacaq. Bu gün hər birimiz üçün ən xoş gündür. Sizin hər birinizə gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm, həm valideynləri, həm müəllimləri, həm də bütün 11-cilərimizi təbrik edirəm”. 

Səsin titrəməsindən direktorun da necə həyəcanlı olduğu hiss edilirdi.


Axı, onun da bu şagirdlərin yetişdirilməsi, biliklərə layiqincə yiyələnməsində xidmətləri olub və bu gün o öz əməyinin bəhrəsini görmək ümidi ilə 11-cilərini yola salacaqdı.

Nazir mikrofon qarşısında nitqini söyləyir: “Bu gün sevinclə dolu bir gün olduğu qədər kədər hissi də oyadan gündür. Hər birimiz şagird olanda məktəbi bitirməklə bağlı elə bir gün olmayıb ki, ağlımıza belə fikir gəlməsin. Əslində bu həyatımızın böyük bir mərhələsinin başa çatdırılmasıdır. Həyatımızın ilk məktəbinin uğurla başa vurulduğu gündür. Yəqin ki, gələcək həyatınızda hər biriniz müxtəlif ali təhsil ocaqlarında təhsil almağınızı fikirləşirsiniz. Bu imtahanlarda sizə uğurlar arzu edirəm. İçərinizdə özünü hər hansı bir peşə üçün hazırlayanlar olduğuna inanıram və bu çox mühüm məsələdir”. 


Nazir cəmiyyətə qoşulacaq gənclərə üzünü tutaraq bildirib ki, hər bir dövlətin gücü və qüdrəti tək ali təhsilli insanlarda deyil, həmçinin peşəkar insanlarla bağlıdır. “Əminəm ki, sizin hər biriniz qarşınıza qoyduğunuz məqsədə nail olmaq iqtidarındasınız. Müəllimləri ürəkdən təbrik edirəm. Çünki hər birimizin yetişməsində, bu gün sizin məzun olmağınızda hesab edirəm ki, müəllimlərimizin çox böyük və əvəzsiz rolu var. Ümumiyyətlə həyata bir məktəb kimi baxsaq, yəqin ki, birinci və ən önəmli məktəbimiz orta məktəbimiz olur. Valideynlərə təşəkkür edirəm ki, müasir Azərbaycanın oğlunu və qızını yetişdirirsiniz. Yaxşı bilirsiniz ki, həyatda bizim övladlarımıza verə biləcəyimiz ən böyük nemət yaxşı təhsildir. Çünki yaxşı təhsilin əldə edilməsi gələcək həyatda hər bir uşaq üçün istənilən mirasdan zəngin və dəyərlidir. Təhsil Nazirliyi olaraq biz gələcəkdə valideynlərin özlərinin məktəblərin özünüidarə edilməsində rolunun artırılmasını düşünürük”.

M. Cabbarovun son sözü ilə tədbirin rəsmi hissəsi bitir. Bundan sonra isə hamının həyəcanla gözlədiyi an gəlir. “Son zəng” çalınır. Bu səsi eşidərək ağlayan kim, sevinc göz yaşlarını silərək məktəb yoldaşlarını qucaqlayanlar kim... Artıq konsert də başladı. Məktəb rəhbərliyinin şagirdlər üçün sürprizi də var. Meyxanaçı Vüqar şagirdlərin xahişi ilə repertuarından onların sevdiyi mahnıları ifa edir.


Bir az öncə ayrılacaqları üçün kədərlənən 11-cilər artıq oynamağa başlayıblar. Hər tərəfi onların gülüşləri, bir-birinə məzəli atmacaları, alqış səsləri bürüyüb. Gələcəkdə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq niyyətində olanlar da bu fürsətdən yararlanmağı unutmur. Onlar öz bacarıqlarını vidalaşacaqları yoldaşlarına nümayiş etdirirlər. Təhsil Nazirliyinin müvafiq əmri ilə 11-cilərin bu gün şənliyi başqa yerdə keçirmələrinə icazə verilmədiyi üçün onlar öz əyləncələrini əvvəllər dərs oxuduqları, müəllimlərinin suallarına cavab verdikləri sinif otaqlarından birində davam etdirəcəklər. Biz isə reportajımızı burada yekunlaşıb redaksiyaya qayıdırıq. Yol boyu məktəblərin musiqi sədalarını redaksiyada da eşidirəm və öz reportajımı məhz bu “Son zəng”in sədaları altında yazıram.

 

 

 

 

Aytən ƏLİYEVA

Elçin AĞAYEV  
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI