Modern.az

İlyas İsmayılov parlamentdə hökumətin ünvanına nələr deyəcəkmiş?

İlyas İsmayılov parlamentdə hökumətin ünvanına nələr deyəcəkmiş?

Təhsil

31 May 2013, 16:14

Milli Məclis "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini  müzakirəsiz qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə də baxılıb. Layihə müzakirə olunmadan səsverməyə çıxarılıb və qəbul edilib.  Bu, bəzi deputatların narazılığına səbəb olub. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev qanun layihələrinin parlamentdə müzakirəsiz, ardıcıl olaraq səsverməyə çıxarılmasına görə parlament rəhbərliyini tənqid edib:  “2012-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələri aparmırsınız, ikinci, üçüncü dərəcəli məsələ ilə bağlı müzakirə açırsınız”.

Məlumata görə, müzakirələrdə bir neçə nəfər, o cümlədən  Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov da iştirak etmək istəyirmiş.

Partiyanın mətbuat xidmətindən məlumatı təsdiqləyiblər və bildiriblər ki, İ.İsmayılov əvvəlcə onlara təqdim olunan layihədəki bəzi məqamlara toxunmaq istəyirmiş:

“Bizə təqdim olunan “Azərbaycan Respublikası 2012-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsində qeyd olunur ki, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunub, onun ümumi daxili məhsulda (ÜDM-də) xüsusi çəkisi təxminən 4 faiz artıb. Yəni, iqtisadiyyatın diversifikasiyası prosesi artıq gedir və büdcəyə daxil olan neft gəlirləri tədricən qeyri-neft gəlirləri ilə əvəzlənir və bu, xoş haldır.

Bununla yanaşı, Azərbaycanın ixracının neft, qaz və neft məhsullarından asılılığının səviyyəsi 2012-ci ildə yenə 90 faizdən artıq olub ki, bu da bütün dünyada neft-qaz ölkələri arasında ən yüksək göstəricilərdən biridir, yəni, neftdən asılılıq hələ də kritik həddədir.

Zənnimcə, diversifikasiyanı ləngidən və onun daha geniş şəkildə aparılmasına mane olan bir sıra faktorlar mövcuddur. Onlardan ikisini göstərim:

1.Xammal satışından ölkəyə gələn xarici valyuta axınları qarşısında yerli valyutanın bahalaşması və bunun nəticəsində bir sıra iqtisadi sektorların rəqabət qabiliyyətinin azalması.

2.Hökumətin prioritet kimi seçdiyi sektorlardan, demək olar ki, yarısının Azərbaycan üçün yüksək hesab oluna bilən ixrac və idxalı əvəzetmə potensialı yoxdur. İdxal-ixrac prosesində rəsmi və qeyri-rəsmi əngəllər hələ də qalmaqdadır”.  

İlyas İsmayılov sonra  2005-2011-ci illərdə “Azərenerji” Səhmdar Cəmiyyətinə 1 milyard 206 milyon manat dövlət investisiyası yönəldildiyini, lakin bu investisiyaların elektrik enerjisi istehsalına təsir etmədiyini  qabartmağı planlaşdırıbmış: “Bu investisiyaların fonunda 2006-cı ildən başlayaraq, elektrik enerjisi istehsalı hələ də yatırılan pula müvafiq ölçülərdə artmayıb,  əksinə 23 milyard kilovat-saatdan 20 milyard kilovat-saata enib”.

“Ədalət” sədri iri vergi ödəyicilərinə ayrılan vəsaitə və onların ödədikləri vergilərə də toxunmaq istəyirmiş: “Qeyri-neft sektoru üzrə 6 iri dövlət vergiödəyiciləri üzrə aparılmış hesablamalar göstərir ki, 2007-2012-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə daxil olan müəssisələr və “Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti istisna olmaqla qalan dövlət şirkətləri dövlət büdcəsindən aldıqları investisiya ilə müqayisədə xeyli az vergi ödəyiblər. Ümumiyyətlə isə bu 6 iri dövlət vergiödəyicilərinin son 6 il ərzində dövlət büdcəsindən aldıqları investisiya yardımı ödədikləri vergilərdən təxminən 2 dəfə çox olub”.

Çıxışının sonunda  İ.İsmayılov hökumətə konkret təkliflər də vermək istəyirmiş: “Zənnimcə, hökumət hələ də iqtisadi diversifikasiya üçün gərəkli olan investisiya mühitinin yaradılması istiqamətində yetərli addımlar atmayıb, azad rəqabət üçün tələb olunan normativ bazanı yaratmayıb – bu işdə Milli Məclisin də müəyyən “payı” var. İdxal-ixrac prosesində rəsmi və qeyri-rəsmi əngəllər aradan qaldırılmayıb. İnvestisiya layihələrinin icrası üzrə də kifayət qədər sərt nəzarət yoxdur. Hesab edirəm ki, bu məsələlər dövlətin və hökumətin nəzərində olmalı, bütün sahələrdə real islahatlar aparılmalıdır”. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama