”Azərbaycan və Ermənistan səfirlərinin təşəbbüsü ilə bu yaxınlarda icmaların görüşü gözlənilmir”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O qeyd edib ki, Azərbaycan tərəfi görüşlə bağlı öz təkliflərini verib.
“Amma qarşı tərəf bu məsələni uzadır və heç bir səbəb də göstərilmir”.
Rusiyadakı azərbaycanlı oliqarxların yaratdığı “Milyarderlər İttifaqı” ilə bağlı suala isə səfir “mən bu barədə heç bir şey fikirləşmirəm, danışmaq istəmirəm” deyə cavab verib.
Rusiyaya gəlmək üçün viza rejiminin tətbiqi ilə bağlı isə səfir qeyd edib ki, Azərbaycan vətəndaşları onsuz da xaricə ümumvətəndaş pasportu ilə gedirlər.
“Bizim üçün bu barədə heç bir problem yoxdur. Viza rejimin tətbiqi ilə bağlı rəsmi bir şey yoxdur, amma belə olarsa, viza rejimi Azərbaycanda da tətbiq olunacaq. Amma bu gün rəsmi səviyyədə belə bir şey yoxdur. Sadəcə olaraq bunlar söz-söhbətdir”.
Gültəkin ƏLƏSGƏR