Modern.az-ın xəbərinə görə, tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov bu gün keçirdiyi mətbuat konfransında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzləşdiyi zorakıllıq barədə məlumat verib.
“Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun başına torba keçirilib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada döyülməsi barədə məlumat əldə etdim və bu işi araşdırdım. Məlum oldu ki, həqiqətən də İsgəndər Həmidova işgəncə verilib. Bununla bağlı çıxış etdim. Bundan sonra isə idarənin Nərimanov rayon şöbəsində rəis müavini olan Canpolad Daanov tərəfindən mənə zəng gəldi. Həmin vaxt mən öldürülmüş həkim-kardioloqun qətli ilə bağlı araşdırma aparırdım, Ekspertiza rəisindən icazə alıb Nərimanov rayonundakı şöbəyə yollandım. Şöbədə növbətçi kobud şəkildə “keçin içəri!” dedi. İçəri keçəndən sonra anladım ki, məni cinayətkarların dindirildiyi zirzəmiyə aparırlar. Çünki məni bura dəvət edən rəis müavinin otağı ikinci mərtəbədə yerləşirdi. Birinci mərtəbədə otaqların birinə daxil olduq. İçəridə Canpolad Daanov oturmuşdu. Nəyə görə bura gətirilməyimi soruşdum. O, isə qəfildən məni təhqir etməyə başladı. Ünvanıma təhqiramiz ifadələr işlətdi. Mən bircə kəlmə dedim ki, təhqir etməyin. Elə bu zaman qulağımın dibindən bir yumruq dəydi. Bundan sonra içəridə olan cavan oğlan da ona qoşularaq, məni təhqir etməyə basladılar. Dedilər ki, “Sən bilirsən hardasan? Deyəsən çaşmısan? Bu idarəni yaxşı tanımırsan?!”.
A.İsmayılov deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona hədə-qorxu gələndən sonra azad ediblər: “Bu hadisədən sonra Baş Prokurorluğa məlumat verdim. Baş Prokurorluğun “qaynar xətti”nə bu haqda bildirdim. Daha sonra isə Daxili İşlər Nazirliyinə yazılı teleqram vurdum. Amerika səfirliyinə məlumat vermişəm. Bu işi sona çatdıracağam. Məni öldürmək istəyirlərsə, qoy öldürsünlər. Ən qorxduğum şey şərəfsiz yaşamaqdır. Qanımı tökmək istəyirlərsə, qoy töksünlər. Amma mənim qanım onlara baha başa gələcək. Bunların hamısı bir mərkəzdən idarə olunur. Mənə olan təzyiqlərin əsas səbəbi sosial şəbəkələrdə, Facebook-da olmağım və gənclərdən dəstək almağımdı. Bunların hamısı bir mərkəzdən idarə olunur“.
O. Mansurzadə qeyd edib ki, vəkil Aslan İsmayılov bu günlərdə KİV-ə açıqlamalarında konkret cinayətə görə tutulan Rəşad Ramazanova BMCMİ-də guya işgəncə verilməsi barədə həqiqəti əks etdirməyən və böhtan xarakterli məlumatlar yaymaqla polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərib: “Məsələ ilə bağlı vəkil idarənin İstintaq şöbəsinin rəis müavini Canpolad Daanov tərəfindən adı çəkilən Baş İdarəyə dəvət edilib. Söhbət zamanı İstintaq şöbəsinin rəis müavini tərəfindən Rəşad Ramazanovla bağlı yalan və böhtan xarakterli məlumatlar yaymasının yolverilməzliyi, adı çəkilən şəxsin bununla bağlı verdiyi izahatda idarədə hər hansı fiziki təzyiqə məruz qalmadığını qeyd etdiyi vəkilin nəzərinə çatdırılıb. Əksinə, söhbət zamanı vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar. Ona görə vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq şöbəsinin rəis müavini tərəfindən döyülməsi və təhqirə məruz qalması barədə mətbuata açıqlamalarını bütün vasitələrlə gündəmdə qalmağa, ictimai diqqəti özünə çəkməyə və polis barədə qəsdən yanlış rəyin formalaşdırılmasına yönəlmiş təxribatçı bir hərəkət, ucuz sensasiya dalınca qaçmaq, yersiz hay-küy yaratmaq istiqamətindəki növbəti avantürist addım, populizm kimi qiymətləndiririk”.
Vüqar İsmayılov