Avropa İttifaqı nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri əldə etdiyi sənəd layihələrinə istinadən yazıb.
Nəşr yazıb ki, mübahisəli məqam Avropanın sanksiya tətbiq etmək istədiyi sintetik kauçuk məsələsi olub. Sintetik kauçuk sənayesi hər il Rusiyaya milyardlarla dollar gəlir gətirir. Məsələn, Avropa İttifaqı 2021-ci ildə Rusiyadan 700 milyon dollarlıq rezin alıb. Sintetik kauçuk şinlər və digər avtomobil komponentləri hazırlamaq üçün istifadə olunur.
"Politico" qeyd edib ki, İtaliya və Almaniya sözügedən məhsula qoyulan qadağaya şübhə ilə yanaşır, Polşa isə bunu dəstəkləyir. Bundan əlavə, daha üç Rusiya bankına qarşı sanksiyalar müzakirə edilib. 10-cu sanksiyalar paketinin Ukraynadakı müharibənin ildönümünə qədər ortaya çıxacağı gözlənilir.