Modern.az

Nazir uşaqların bayramında internat evlərinə getdi - FOTOLAR

Nazir uşaqların bayramında internat evlərinə getdi - FOTOLAR

Təhsil

1 İyun 2013, 13:54

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Xəzər rayonunun Şaqan kəndində yerləşən 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı internat evlərində bayram tədbirləri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirdə nazir Fizuli Ələkbərov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirlərdə bildirilib ki, Azərbaycanda uşaqlara, gənc nəslə qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Həmçinin Azərbaycan BMT-nin 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına qoşulan və bununla bağlı qarşısında duran öhdəlikləri uğurla yerinə yetirən ölkələrdən biridir. Azərbaycanda uşaqların təhsili, sosial problemlərinin aradan qaldırılması, sağlamlığı və mənəvi inkişafı, hüquqlarının müdafiəsi, şəxsiyyət kimi formalaşmaları məqsədilə mühüm dövlət proqramları qəbul edilərək layiqli tərzdə icra olunur. Azərbaycanda gələcəyimiz olan uşaqlarla bağlı dövlət siyasəti daim güclənməkdədir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm sənədlər imzalanır və 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması barədə möhtərəm dövlət başçısının 22 dekabr 2008-ci il tarixli Sərəncamı ölkəmizdə uşaqlara hərtərəfli diqqət və qayğının artırılması sahəsində növbəti mühüm addım olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün internat evlərində də uşaqlara hərtərəfli qayğının artırılması məqsədilə ardıcıl işlər görülür. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bu sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Eyni zamanda, internat evlərində bütün bayramlar, əlamətdar günlər münasibətilə şənliklər təşkil edilir, uşaqlara fərəhli duyğular bəxş olunur. Ölkə rəhbərinin 2006-cı il martın 29-da təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaq məqsədinə xidmət edir. Bayram şənliklərində müxtəlif müsabiqə, yarış  və sərgilərdə yüksək nailiyyətlər əldə etmiş uşaqlara hədiyyələr verilib, rəngarəng musiqili-əyləncəli proqramlar uşaqlara əsl bayram sevincləri bəxş edib.

Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün internat evlərində 300 nəfərdən artıq uşaq tam dövlət himayəsində yaşayır.





Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama