Modern.az

QAT qurultay keçirdi – Akif Nağı sədr seçildi

QAT qurultay keçirdi – Akif Nağı sədr seçildi

Təhsil

1 İyun 2013, 14:05

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) 4-cü qurultayı keçirilib. Modern.az xəbər verir ki, Qurultay Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. QAT sədri Akif Nağı hesabat məruzəsində bildirib ki, təmsil olunduğu qurum Azərbaycan torpaqlarının-Qarabağın işğaldan azad olunmasını qarşısına məqsəd qoyub:
“Nə qədər ki, torpaqlarımız işğal altındadır, hansısa nəticədən nəyəsə nail olmağımızdan danışmağımız yersizdir. Bu illər ərzində təşkilatımız müharibə əhval-ruhiyyəsinin gücləndirilməsi üçün hərtərəfli iş aparıb”.

QAT sədri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətsiz olduğunu da qeyd edib. “Xalq diplomatiyasının geniş vüsət almağa imkan verməməklə ermənilərin yalançı sülh danışıqlarının qarşısını almağa çalışdı. Ermənilərin Azərbaycana davamlı səfərlərinin qarşısı alındı”.  

A.Nağı eyni zamanda qarşıda duran məsələlərə də toxunub və bildirib ki, QAT-ın növbəti vəzifəsi cəmiyyətin müharibəyə stimulaşdırlmas, səfərbər edilməsi təbliğatını aparmaqdır: “Digər vəzifəmiz isə saxta danışıqlar prosesinin dayandırılmasına nail olmaqdır. Milli barış birlikdən keçir. Bunun üçün isə müharibə qaçılmazdır. Hər şeyimiz var. Ordu, silah, pul. Bəs elə isə nə üçün müharibəyə başlamırıq. Qarabağsız Azərbaycan olmayacaq. Ya Qarabağ, Ya ölüm”.  

Daha sonra Qurultayda MTNK-nin və digər qurum rəhbərlərinin hesabatı dinlənilib və qənaətbəxş hesab olunub. Qurultayda təşkilatın sədri, digər strukturlarına seçkilər keçirilib, Akif Nağı növbəti müddətə QAT sədri seçilib.
Qurultayın qəbul etdiyi qətnamədə bildirilib ki, müharibəyə başlamaq təkidlə tələb olunsun, bunun üçün səylər artırılsın, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilsin, Azərbaycanın təslimçi sülhə getməyəcəyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsın, gənclər arasında hərbi vətənpərvərlik işi gücləndirilsin, ordu ilə bağlı mənfi rəyin yaradılmasına imkan verilməsin, kütləvi etiraz aksiyaları əsas mübarizə vasitəsi kimi daha da səmərəli tətbiq edilsin.

Qurultayda beynəlxalq təşkilatlara, dövlət başçılarına müraciət və tədbirin bəyanatı da qəbul olunub. Bəyanatda torpaqların işğaldan azad edilməsi məsələsi xüsusi olaraq vurğulanıb.  

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama