
İstanbulun mərkəzi Taksim meydanı və ətraf ərazilərdə gərginlik davam edir.
Polisin İstanbulun mərkəzində aksiyaçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməsi insanları daha da hiddətləndirib. Bu, Türkiyənin başqa şəhərlərində də hakim partiyaya - AKP-yə qarşı yürüşlərə səbəb olub.
Taksim Gəzinti Parkının söküntüsü ilə başlayan İstanbul gərginliyi hazırda da sürür. On minlərlə vətəndaş Taksim meydadında AKP hökumaəti əleyhinə çıxışlar səsləndirməkdədir. Gəzinti Parkında ağacların kəsilib ərazidə ticarət mərkəzi tikilməsinə qarşı çıxışlar hakim Ədalət və İnkişaf Partiyasının apardığı siyasətə etiraza qədər böyüyüb.
Mayın 31-də gecə və iyunun 1-də polislə qarşıdurmaya çevrilən aksiya iştirakçıları bütün gecəni «İstefa hökumət!», «İstefa Tayyip!» şüarlarıyla hakimiyyətin buraxılmasını tələb ediblər.
Polisin sərt müdaxiləsi xalqın hiddətinə səbəb olub və evlərdə oturub bayıra çıxa bilməyənlər də balkona çıxıb aksiyaçılara dəstək nümayiş etdiriblər. Türk polisi etirazçılara qarşı dayanmadan bibər qazı, su şırnaqlarından istifadə edib. «Taksim» meydanına gedən yollarda polis barrikadalar qurub. Qarşıdurmalarda çox sayda yaralananlar var. Yaralananların sayının 100-dən çox olduğu, elə bu qədər aksiyaçının da polis bölmələrinə aparıldığı bildirilir.
Modern.az-ın məlumatına görə, “Hürriyət” qəzeti xəbər verir ki, az öncə polis qüvvələri Taksim meydanından geri çəkilib. ”Ağaclar kəsilməsin!”, “AVM tikilməsin!” deyə etiraz edənlərin Gəzinti parkına girişinə icazə verilib. Gəzinti parkındakı polis barrikadaları qaldırılıb. Minlərlə istanbullu Gəzinti parkına axın edib. Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan TV ilə canlı yayımda Taksim meydanında baş verənlərə münasibət bildirib.
”Azadlıq” radiosunun məlumatına görə, müxalifəti tənqid edən baş nazir baş verənlərin arxasında demokratiyaya təhlükə olduğunu deyib.
«Bunlar istəyir ki, insanlar gecəqondularda yaşasınlar. Bizim amalımız isə insanların insan kimi yaşamasıdır. Hər yerdə milli parklar qururuq. İndi burda bəzi dostlar etiraz edə bilər. Baxın, Zekeriya köyündə yüzlərlə ağac kəsildi, universitet tikildi. İndi bağırıb çığıranlar o zaman harada idi. Niyə o zaman meydana çıxıb danışmadılar. O zaman mən həbsxanada idim. Mən şeir oxuduğum üçün həbsxanada idim. İndi o universitet dövlətin universitetidir. Bəzi məlumatlara görə, həmin ərazidə 40 min ağac kəsilib. İndi Taksim meydanında bu hadisələri törədənlər düz addım atmır. Kimsə nəyi isə düz demək istəyirsə, çıxıb düzünü desin.
Bu hökuməti ağaca, yaşıllığa qarşı çıxan hökumət adlandırmaq düzgün deyil. Səmimi olan dürüst olar. İçməli su tapa bilmirdiniz. İndi tərtəmiz İstanbula, suyu olan İstanbula qovuşduq deyə, bunu belə edirsiniz. 368 min ağac kəsiləcəkmi? Bu haradan çıxdı, belə bir məntiq haradan çıxdı. Haradandır bu məntiq?.
CHP başqanına səslənirəm. Bu gün Kadıköydə mitinq keçirəcəyini bəyan edib. Keçirsin, bu, onun haqqı, problem deyil. O mitinqdə təhrik ifadələri işlətməli olsan, unutma ki, bu millət sizi heç bir zaman əfv etməyəcək. Məsələ mitinq keçirməkdirsə, mən onun 100 min adam topladığı mitinqə 1 milyon adam toplayaram".