Modern.az

“Çağdaş Təhsil”in təsisçisi həbs edildi 

“Çağdaş Təhsil”in təsisçisi həbs edildi 

18 Fevral 2023, 18:27

1 sentyabr 2022-ci il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə gələrək özünü “Çağdaş Təhsil” jurnalının təsisçisi kimi təqdim edən Zeynalov Vüsal Fazil oğlu ictimai asayişi, eyni zamanda vətəndaş qəbulu zamanı idarənin iş rejimini 3 saat ərzində pozub, idarə əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, vətəndaş Vüsal Zeynalovun sadalanan cinayət tərkibli davranışı sərgiləməsinə səbəb Regional Təhsil İdarəsi tərəfindən məktəb direktorlarına ödənişli əsaslarla şagird nailiyyətlərinin hər hansı media qurumunda paylaşılmasına razılıq verilmədiyi ilə bağlı təlimat olub.

 

Vətəndaş Vüsal Zeynalovun Lənkəran-Astara Regional Təhsil İdarəsində yaratmış olduğu insidentlə bağlı dərhal “102” Xidməti – Zəng Mərkəzinə məlumat verilib, hadisə yerinə gələn polis əməkdaşları dərhal prosesə müdaxilə edib. Fakt üzrə toplanmış materiallar əsasında hazırlanmış ittiham aktı Lənkəran Rayon Prokurorluğuna təqdim olunub.

 

Hadisə ilə bağlı araşdırma aparılıb və Lənkəran Rayon Məhkəməsinin 06.02.2023-cü il tarixli 1(049)-59/2023 nömrəli hökmü ilə Zeynalov Vüsal Fazil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

"Əlavə olaraq bildiririk ki, son günlər bəzi sosial şəbəkə platformalarında və saytlarda idarənin fəaliyyəti ilə bağlı bəzi hallarda bilinən, daha çox isə saxta profillərlə fakta söykənməyən, böhtan xarakterli, təhqiramiz yazılar paylaşılır. İctimai çaşqınlıq yaradan, cəmiyyətdə inamsızlıq formalaşdıran bu kimi hallara qarşı regional təhsil idarəsi tərəfindən hüquqi müstəvidə münasibət bildirəcək.

 

Qeyd edirik ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq qurur, vətəndaş məmnunluğunu, işə qəbulun şəffaflığını, tədrisin təşkili ilə bağlı tələbləri qanunauyğun şəkildə təmin edir", - rəsmi açıqlamada deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir