Tanınmış jurnalistlər mətbuat xidmətlərindən aldığı solaxay açıqlamalar
Bu yazını yazanda bir anlıq fikirləşdim ki, işdən yorulan, yorğunluğunu, stressini, atmaq istəyən kəslər ətək-ətək pul töküb, günlərlə bilet axtarmaqdan əl çəksələr yaxşı olar. Çünki yumor hissinə görə, heç də Rafael və Coşqundan geri qalmayan mətbuat xidmətləri ilə bir-iki dəqiqə danışmaq yerinə düşür ki, bütün yorğunluğun canından çıxsın, üzünə təbəssüm gəlsin.
Bu dəfə Modern.az əsəbi, gərgin peşə sahibləri, yəni jurnalistlərin mətbuat xidmətlərindən aldıqları ən gülməli və maraqlı cavabları təqdim edir. Kompüterin qarşısında barmaqları və əsəbləri tarıma çəkilən həmkarlarım bir anlıq əllərinizə və əsəblərinə dinclik verib kompüter qarşısında oxucu kimi əyləşin. Çünki oxumağa dəyər.
Başlayaq elə “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlıdan. Daxili I.l’r Nazirliyi Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun kefi kök vaxtına tuş gələn Elməddin Muradlı ondan fransızsayağı cavab alıb:
“Bir dəfə Nərimanov rayon Polis İdarəsinin zabiti Fransaya getmişdi. Polis işçisi ola-ola gedib Parisə, orda da Fransa hökumətinə müraciət edib ki, ona siyasi sığınacaq versinlər. Guya ki, onu Azərbaycanda yaşamağa qoymurlar. Təsəvvür edin ki, polis zabiti belə bir addım atıb. Təbii ki, mən də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidova zəng edib soruşdum ki, o polis niyə belə edib? Ehsan Zahidov da sağ olsun, maraqlı cavab fikirləşib tapdı. Dedi ki, “cavandır da, gedib Baden-Badenin mavi gecələrini görüb, ona görə geri qayıtmaq istəmir”. Məndə elə beləcə yazdım, başlığada bu sözləri çıxartdım”.
“Azadlıq” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı da DİN mətbuat xidmətinin intuisiyasının bol vaxtında sualına maraqlı cavab alanlardandır: “DİN-də saxlanılan gənclərin hara aparıldığını soruşmaq üçün mətbuat xidmətinə zəng elədim. İndi yadımda deyil kimlər idi saxlanılanlar. Mətbuat xidmətinin işçisinin cavabı belə oldu ki, “intuisiyam mənə deyir ki, onlar prokurorluğa aparılıblar”. Hətta bunu sosial şəbəkədə yazdığıma görə məndən bir az incimişdilər”.
Həmkarım daha bir maraqlı cavabı isə Baş Prokurorluğun mətbuat xidmətindən alıb: “Bir dəfə də Eldar Sultanovdan barəsində cinayət işi açılan şəxsin tutulub, tutulmadığını soruşurdum. Korrupsiyaya qarşı Mübarizə İdarəsi həmin şəxsi cinayət başında tutmuşdu. Xəbər gəldi ki, adamı sərbəst buraxıblar. Mən də bunu dəqiqləşdirmək istəyirdim ki, saxlanılıb yoxsa sərbəst buraxılıb. Mənə dedi ki, “bizə heç vaxt belə sual verilməyib, ona görə də cavablandırmayacağam”. Dedim, necə yəni, sizə indiyədək belə sual verilməyibsə, demək cavablandırmamalısınız?
Nəysə, kişi sözündən dönmədi. Axıradək cavab vermədi”.
“Yeni Müsavat”-ın əməkdaşı Sevinc Telmanqızının da başına az belə hadisə gəlməyib. Amma mətbuat xidmətlərinin ondan inciyəcəklərindən ehtiyat edib başqa müsahibləri ilə bağlı maraqlı söhbətlərdən danışdı:
“Bir dəfə bir nəfərdən açıqlama aldım. Sağollaşandan sonra mənə belə bir mesaj yazdı: “Sevinc xanum, xayiş edirəm, savatdu yazun didiylərimi. Sonram camahat bizə gülməsün”. Mən bu cür “savadlı” birisinin mənə savad dərsi verməsindən o qədər məmnun oldum ki, ona yazmağa cavab tapmadım.
Gülər Əhmədovanın vəkili Raqif Mustafayevlə söhbətləşmək üçün “Neftçilər” metrostansiyasının qarşısında görüşməyi vədələşdirmişdik. Stansiyanın çıxışında onu görüb tanıdım. Nə qədər əl yellədimsə, mən tərəfə baxmadı. Sonda yaxınlaşıb özümü təqdim etdim. Təəccübləndi. “Balaca imişsiniz ki” dedi. Zarafatla “Raqif bəy, mən hansısa yazımda boyumun 1.75 olduğunu yazmışdım?” soruşdum. Tam ciddi şəkildə “düzü elə yazınıza rast gəlməmişəm” dedi”.
S.Telmanqızı mətbuat xidmətinin də ona verdiyi ən maraqlı cavablardan birini danışmağa razılaşdı:
“Respublika Prokurorluğunun mətbuat xidməti Eldar Sultanova Elşad Abdullayevin işi ilə bağlı suallar yolladım. 2 saat vaxt istədi, 2 saat sonra cavab eynən bu cür idi: “Biz sizə istintaqın gedişi ilə bağlı lazım gələndə məlumat verəcəyik. Bizi izləməyə davam edin”.
“Aznews.az” saytının əməkdaşı Bahar Rüstəmlinin də nazirlik əməkdaşlarının maraqlı cavabları ilə bağlı xatirələri var:
“O gün Mədəniyyət və Turizm Nazirliyinə zəng vurub dedim ki, bəs Aygün Kazımova küsüb Azərbaycandan gedir. Niyə gedir, nazirlik bunu səbəbi ilə maraqlanıb? Cavab nə olsa yaxşıdır: “Biz Ümumdünya Mədəniyyətlərarası Dialoq tədbirindəyik. Aygünün getməsinə sonra baxarıq”.
Bir dəfə də Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri Sabir Vəliyevdən soruşdum ki, bəs üzümsayaq pomidor sortu Azərbaycana nə vaxt gətiriləcək? Cavab verdi ki, “üzümü satıb pul qazandıq, qaldı “kitaylar”ın bic yolla yetişdirdiyi pomidorlar...”.
Gültəkin ƏLƏSGƏR