Modern.az

Zəlzələ Türkiyəyə tələbə axınını AZALDACAQ

Zəlzələ Türkiyəyə tələbə axınını AZALDACAQ

Təhsil

20 Fevral 2023, 14:20

Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən zəlzələ 41 mindən çox insanın həyatına son qoyub. Prezident Rəcəb Tayyib Ərdoğan fəlakətlə bağlı distant təhsil formasına keçdiklərini açıqlayıb. Ölkə başçısı universitetlərin yay aylarına qədər açılmayacağını, ali təhsil müəssisələrinin yataqxanalarında zəlzələdən zərərçəkən sakinlərin yerləşdiriləcəyini bildirib.

 

Qardaş ölkənin Ali Təhsil Şurasının məlumatına görə, 2000-ci ildə Türkiyədə təxminən 18 min əcnəbi tələbə olduğu halda, 2022-ci ilə qədər bu rəqəm 300 mindən çox olub. Onlardan 26 mindən çoxu azərbaycanlı tələbələrdir. Zəlzələdən sonra əcnəbi tələbələrin bir çoxu öz ölkələrinə təxliyə olunub. 

 

Minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətin Türkiyə təhsilinə vurduğu ziyan hazırda əsas müzakirə mvözusudur. Ehtimal olunur ki, məlum hadisə səbəbindən növbəti illərdə Türkiyəni seçən əcnəbi tələbələrin sayı azala bilər.  

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti İlqar Orucov zəlzələnin Türkiyəyə təhsil almaq üçün gələn xarici tələbələrin sayına təsir edəcəyini söyləyib.
 

"Artıq hər kəsə bəllidir ki, onlayn dərslər ənənəvi təhsilin yerini tuta bilməz. Ancaq Türkiyənin bu sahədə kifayət qədər təcrübəsi var. Bununla bağlı universitetlər də təhsilin keyfiyyətinin aşağı düşməməsi üçün xüsusi addımlar atacaqlar. Türkiyənin distant təhsilə keçməsi zərurətdən yaranan addımdır. Türkiyədə bir çox ölkədən gələn xarici tələbələr təhsil alır. Təbii ki, fəlakətin yaratdığı təhlükə və onlayn dərslərin keçirilməsi qərarı digər ölkələrdən gələn tələbə axınının zəifləməsinə səbəb olacaq. Çünki pandemiyadan sonra bütün dünya gördü ki, onlayn dərslər ənənəvi təhsili əvəz etmək potensialında deyil", - deyə o bildirib.

 

Ekspert vurğulayıb ki, müəyyən ixtisaslarda dərslərin ənənəvi şəkildə keçirilməsi böyük önəm daşıyır:

 

"Tibb və mühəndislik ixtisası üzrə təhsil alan tələbələrə dərslər onlayn şəkildə yaxşı tədris olunmaya bilər. Türkiyədə dərslərin distant olaraq keçirilməsi bəzi bölgələrdə, xüsusilə, zəlzələ olan bölgələrdəki universitetlərin tələbələr tərəfindən əvvəlki kimi seçilməməsinə gətirib çıxaracaq. Ümumilikdə isə yeni qərarın ölkəyə təsiri olacağını düşünmürəm. Bir müddətdən sonra dağıntılar olan bölgələrdə tikinti işləri aparılacaq və əvvəlki vəziyyətə gətiriləcək. Amma dağılmış şəhərlərdə yerləşən universitetlərin yenidən inşa oluması uzun müddət çəkəcək. Həmçinin, əvvəlkindən fərqli olaraq tələbələrin həmin ərazilərə marağı azalacaq. Lakin distant tədrislə bağlı qərar təhsilə böyük zərbə vurmayacaq, sadəcə tələbə axınının əvvəlkinə nisbətən zəifləməsinə səbəb olacaq".

 

Rahib Ələsgərov

Twitter
Sizə yeni tvit var
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə