Modern.az

Aslan İsmayılov: “Hakimiyyət təmsilçilərindən xahiş edirəm…” - MÜRACİƏT

Aslan İsmayılov: “Hakimiyyət təmsilçilərindən xahiş edirəm…” - MÜRACİƏT

Təhsil

3 İyun 2013, 16:08

Bu günlərdə təzyiqlərə məruz qalan tanınmış vəkil Aslan İsmayılov apardığı mübarizədən geri çəkiləməyəcəyini bəyan edib.  O, Modern.az-a açıqlamasında hakimiyyət təmsilçilərinə müraciət ünvanlayıb:

”Son günlər ərzində bir daha Azərbaycan vətəndaşlarının ən yüksək əxlaqi dəyərlərə malik olduqlarının şahidi oldum. Son 24 il Azərbaycanda yaşadığım müddət apardığım mübarizənin dəyərsiz olmadığını gördüm. Bəzən ən yaxınlarımın belə "sənin etdiklərin heç kimə lazım deyil", "əbəs yerə özünü yorma" və s. kimi ifadələrinin yalnış olduğunun şahidi oldum. Bu dəstəyə görə hər birinizə təşəkkür edirəm!

Əminəm ki, Azərbaycan vətəndaşlarının mənə olan zəngləri, sosial şəbəkələrdəki məktubları və digər dəstək addımları hakimiyyət təmsilçilərinin nəzərindən qaçmamışdır. DİN rəhbərliyinin məni qəbul etməsi də bu dəstəyin nəticəsi idi. Bu günlər mənim təhlükəsizliyimi qorumaq, müdafiəm üçün kütləvi aksiyalar təşkil etmək kimi çoxsaylı təkliflər, özü də tək siyasi partiyalar, ictimai təşkilatlar tərəfindən deyil, həm də sıravi vətəndaşlar tərəfindən olması, həqiqətən məsələnin tək mənə qarşı olan qanunsuzluq, əxlaqsızlıq olmadığını göstərdi.

Mənim təmkinli davranışım onsuz da ölkədəki gərgin vəziyyəti ağırlaşdırmamaqdan irəli gəlir. Əgər kimlərsə mənim çəkindiyimi zənn edib, baş verənləri ört-basdır etmək istəyirlərsə yanılırlar. Bir daha təkrar edirəm, mən əqidə sahibiyəm! Əqidə sahiblərini isə qorxutmaq mümkün deyil. Bunu zənn edənlər, heç olmasa bir anlığa özü həbsdə ola-ola işgəncələrə məruz qalmış Hacı Tale Bağırovun həbsxanadan belə mənə dəstək olmasını göz önünə gətirsinlər.

Məsələ təkcə mənə qarşı olan qanunsuzlardan ibarət deyil. Hacı Tale Bağırova, Rəşad Ramazanlıya və digər şəxslərə qarşı baş vermiş zorakılıq hadisələrini törətmiş məsul şəxslər aşkar edilib cəzalandırılmalıdırlar. Bütün baş verənlər sonadək araşdırılmayınca, cinayət törətmişlər məsuliyyətə cəlb olunmayınca mən mübarizəmdən çəkinən deyiləm. Bu mübarizədə həm ölkə daxilində, həm beynəlxalq aləmdə bütün qanuni üsullardan istifadə edəcəm.

Bir daha hakimiyyət təmsilçilərindən xahiş edirəm, Azərbaycan bizim ümumi Vətənimizdir və burada kimlərinsə əlahiddə imtiyazlara malik olmasına, ölkənin talan edilməsinə, insanlarla kölə kimi davranılmasına, onların haqlarının pozulmasına imkan verilməsin. Çünki Biz, Azərbaycan Vətəndaşları buna yol verməyəcəyik!
Yadda saxlayın haqq nazilər, ancaq üzülməz!”

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama