Modern.az

 Boz ay bozara-bozara keçər

 Boz ay bozara-bozara keçər

21 Fevral 2023, 17:56

Xalq təqvimi ilə Boz ay, yəni qışın son ayı başlayıb. Fevralın 21-22-dən martın 21- 22-nə qədər olan Boz ayı “Yazın qırxlı çağı” sayırlar. Əvvəllər bu ay “Alaçalpo”, “Boz çillə”, “Ala çillə”, “Ağlar-Gülər”, “Çıxçömbəl” adları ilə də tanınırdı.

Düz 30 gün, yəni Novruz bayramına qədər hava gah bozaracaq, gah qaralacaq, gah da gün çıxacaq. “Boz ay bozara-bozara keçər”-məsəli təsadüfi deyilmir.

Boz ay hər biri 7 gündən ibarət 4 həftəyə - çilləbeçəyə bölünür. Üç “doğru çərşənbə” (“doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”) və İlaxır çərşənbə “Boz ay”dadır. Əvvəlki 3 çərşənbənin su, od, yel və torpaq çərşənbəsi adlanması şərtidir. Daha çox son 30 ildə televiziya və mətbuatın adlandırması, sıralaması ilə bağlıdır. Əslində Azərbaycanın bölgələrində doğru çərşənbələr- Doğru çərşənbə, Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə, Yel çərşənbə, Kül çərşənbə, Külə çərşənbə, Su çərşənbəsi, Sular Novruzu və s. adlanır.

Azərbaycanın bütün bölgələrində İlaxır çərşənbənin adı elə İlaxır çərşənbədir. Əvvəllər İlaxır çərşənbə bayramdan belə təntənəli keçirilib...

...Xalqımızın “Boz ay” haqqında əfsanəsi maraqlıdır: “Qədim zamanlarda aylar yox imiş. İnsanlar görürlər ki, ilin günlərini qarışdırırlar, ona görə də günləri aylara yığırlar. Hər aya 32 gün verirlər, boz aya 14 gün qalır. Görürlər ki, boz ay inciyir, ayların payından bir gün verirlər boz aya. Onlar olur 31 gün, boz ay olur 25 gün. Görürlər ki, boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir gün istəyir. Ayların yarısı deyir ki, daha 31 günümüz var, verə bilmərik. O biri yarısı isə boz aya 1-2 gün verir. Boz ay olur 31 gün. Qalan ayların bəzisi 31 gün, bəzisi 30 gün, biri isə 28 gün olur. Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün havası da qarışıqdır. Çünki soyuq günləri qış aylarından, isti günləri yay aylarından, yağışlı günləri yaz və payız aylarından alıb.

Xalq təqvimində boz ay döl ayı kimi də tanınır. “Boz ayımız bozarsa da döl ayıdır ki, döl ayıdı”, - deyimi bununla bağlıdır.

Bu ayda qoyunlar quzulayar, quzular mələyər, ata-babalarımız deyiblər ki, “Döl düşdü, bərəkətdən göl düşdü”. Bir də belə vaxtda söyləyərlər ki, “Quzuların səsindən qış səksənər, köynək-köynək ət tökər”.

Dölün başlanması çobanların sevincinə səbəb olurdu. Quzu almaq böyük bayram idi. Bu münasibətlə keçirilən şənliyə qonum-qonşu dəvət olunardı. Xalq etiqadına görə, hər kəs belə şənlik təşkil etməzdisə, onda döl bərəkətli olmazdı.

Dölün uğurlu keçməsi ilə bağlı bir sıra inam və mərasimlər keçirilərdi: qovut hazırlayar, kətəməz və sulux bişirərlər. Qonum-qonşuya bulama payı göndərərdilər.

Döl vaxtı evin ayağı sayalı ağsaqqalı və ya ağbirçəyi oğlan uşağını qoçun belinə mindirib sürünün içinə buraxardı. İnanca görə, belədə quzunun erkəyi çox olardı. Döl ərəfəsində qoyun sürüsü yanında qurddan, canavardan söhbət salmazdılar. Deyirdilər ki, qoyun qorxudan ölü quzu doğar.

Bayramda hamı bir-birinə gözaydınlığı verər, xeyir-bərəkət diləyər, sayaçı nəğmələri oxuyardı:

Qoyunun yüzü gəlir,
Dolanır düzü gəlir.
Çobanın qucağında
Neçə cüt quzu gəlir.

Anam, a şişək qoyun,
Yunu yumşaq qoyun.
Bulamanı çox elə
Gözləyir uşaq qoyun.

Qoyunlar quzulayanda uşaqların üzü gülərdi, bulaması sonbeşiklərin olardı. Kənd-kəsəkdən süd qoxusu gələrdi, dələmənin, yağın, şorun, pendirin, ətin bol olmasını arzulayarlar. Bərəkət qoyun-quzu dırnağından başlayır, - deyərdilər.

Dölçülər quzuları qardan gözləyərdilər, əgər quzuları birdən-birə qara çıxartsan, dəyərlər: quzunu yelqursaq eləyərsən. Boz ayda ara-bir mal-qaranı örüşə çıxararlar ki, heyvanın ağzı ota, dada çatsın. Elə ki, mal-qara boz aydan salamat çıxdı, bundan sonra elat camaatı rahat nəfəs alardı.

Xalq etiqadına görə, bütün ilin necə keçəcəyi məhz boz ayın geçməsindən asılıdır. Boz ayda əkinə hazırlıq görülər, ağacların dibləri bellənərdi. Bağlara-bağçalara qulluq edər, qoyun-quzu yatağını, otlağını səliqə-sahmana salardılar. Arıçılar qışdan çıxmış arılarına şirə verərdilər.

Əkinçilər boz ayın ortalarında taxıl əkinlərini suvarardılar. Bu suvarma “gülənbər” adlanırdı, sonrakı suvarmalara “döndərmə”, “çiçək suyu” deyərdilər.

Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı.

Qışlığı tükənənlərə dən verilərdi. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanardı.

Təzə bağ salmaq istəyənlər şitili boz ayda basdırardılar. Hamı bir-birinə kömək edər, “birlik harada, dirilik orada”, “cəfa çəkməsən, səfa sürməzsən” inamları ilə yaşayırdılar.

Boz ayda, Novruza qədər ev-eşiyin, həyət-bacanın təmizlik işlərinə başlarlar; yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü “soyub” yuyarlar, yununu çırpar, təzələyib üst-üstə yığarlar. Evin üst gözlərini sahmana salar, qonaq-qara üçün hazırlardılar.

Xalça-palazı çaya töküb yuyar, sərib qurudardılar. Özü də işin ağırlığına baxmayaraq, onu elə şuxluqla yerinə yetirərdilər ki, axırda yorğunluqdan heç əsər-əlamət də qalmazdı.

Boz ayda ağbirçəklər, qız-gəlinlər bayram donluğu üçün ip əyirər, cəhrəyə, nehrəyə güc verər, toxucular cəhrə darağını əyirib qurtarar, xalça-palazı yaza qalan qadınlara məzəmmətlə baxardılar.

Xalq arasında Ala Çalponun son həftəsi ilə yazın birinci həftəsində əsən quru soyuq küləklərə “Xıdır Nəbi küləyi” deyilirdi. Həmin küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başladığından ona bəzi hallarda “puçur yeli” deyilirdi.

Boz ayımızda salamatlıq olsun!


Bəhmən Faziloğlu,
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər