Modern.az

Müsavat Milli Şura məsələsini yenidən müzakirəyə çıxardı

Müsavat Milli Şura məsələsini yenidən müzakirəyə çıxardı

Təhsil

3 İyun 2013, 19:02

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda ötən həftə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, seçki hazırlıqları və ictimai-siyasi duruma dair müzakirələr aparılıb.Bu barədə partiyanın mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, qərarların icrası bölümündə mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətini 95 illiyi münasibətilə Müsavat Partiaysının qərargahında keçirilən konfrans və mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə qeyd olunan bayram mitinqi müzakirə olunub.

Daha sonra Müsavat Partiyası başqanının, partiyanın prezidentliyə  namizədi İsa Qəmbərin partiyanın Xətayi rayon təşkilatı üzvləri, eləcə də bitərəf Xətayi sakinləri ilə görüşü barədə fikir mübadiləsi aparılıb.Divan hər üç tədbiri müsbət qiymətləndirib və bütün iştirakçılara təşəkkürünü bildirib.

Görülən işlərə dair bölümdə Arif Hacılı  İsveç, Almaniya və Polşaya səfəri və bu ölkələrdə müsavatçılarla keçirdiyi görüşlər haqqında məlumat verib.

Partiyadaxili məsələlərə dair müzakirələrdə Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Mustafa Hacıbəylinin apelyasiya şikayətinə baxılmasının sünii şəkildə uzadıldığı qeyd olunub. Divan M.Hacıbəylini Milli Şuranın ilk məhbusu adlandırıb.

Divan Müsavat Partiyası başqanının maşının İsmayıllıda saxlanmasına və cərimə meydançasına aparılmasına, eləcə də partiya başqanının Zaqatala rayonunda qatıldığı yas məclisinin polis tərəfindən mühasirəyə alınmasına etirazını bildirib.

Seçkilərə hazırlıq bölümündə  ötən həftə  bu istiqamətdə görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, iyunun 4-ü saat 14:00-da İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının toplantısı keçiriləcək.

İctimai-siyasi duruma dair bölümdə öncə qardaş Türkiyədə keçirilən etiraz mitinqləri və onların səbəbləri  barədə fikir mübadiləsi aparılıb. Divan aksiya zamanı etirazçılarla polis arasında yaranan qarşıdurmadan və Türkiyə iqtidarının da etiraf etdiyi kimi, polisin etirazçılara qarşı qeyri-adekvat güc tətbiq etməsindən narahatlıq keçirdiyini bəyan edib. Bildirilib ki, Divan  türk xalqının mövcud vəziyyətdən dialoq vasitəsilə çıxış yolu tapacağına əminliyini bəyan edib.

Divan vəkil Aslan İsmayılova qarşı təzyiqlərin davam etdirilməsini qınayıb. Toplantı zamanı Müsavat Partiyasının bu olayı pisləyən bəyanat verdiyi qeyd olunub. Həmçinin bildirilib ki, hadisə ciddi şəkildə araşdırılmalı, cavabdeh şəxslər cəzalandırılmalıdır.

Daha sonra Milli Şura ilə bağlı proseslər müzakirə  edilib. Divan 28 mayda Milli Şuranın yaradılması haqda qərar verilməsini müsbət qiymətləndirib, bu qurumun ilk iclasına hazırlıqların sürətləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Sonda cari məsələlərərə baxılıb.     

A.RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama