Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun iyunun 2-də Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edib.
XIN mətbuat xidmətinin məlumatına görə, nazir Elmar Məmmədyarov Forumda Azərbaycanın ABŞ və İsrail ilə ikitərəfli münasibətləri barədə məlumat verib.
Azərbaycan ilə İsrail arasında əlaqələrdən danışan nazir, xalqlarımızın tarixən formalaşmış münasibətlərinin qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərib.
Beynəlxalq aləmdə Azərbaycanın yalnız enerji resursları ilə zəngin bir ölkə deyil, həmçinin dözümlülük ənənələrinin dərin kök saldığı nümunəvi bir cəmiyyət kimi tanındığını vurğulayan E.Məmmədyarov müsəlman ölkəsi kimi tanınan Azərbaycanın səmavi dinlərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığı nadir məkan olduğunu bəyan edib. Nazir tarixən yəhudi icmasının Azərbaycanda heç bir məhdudiyyətlərə məruz qalmadan yaşadığını və cəmiyyətimizin müxtəlif sferalarında təmsil olunduğunu qeyd edib. E.Məmmədyarov yəhudi icmasının hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan hökumətinin tərkibində səhiyyə naziri postunu tutmuş Aşkenazi yəhudisi olan Yevsey Qindes tərəfindən təmsil olunduğunu, eləcə də yenicə qurulmuş hökumət tərəfindən 1919-cu ildə Yəhudi Xalq Universitetinin təsisi haqqında qərar verildiyinə dair faktları Forum iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, nazir İsrailə rəsmi səfərindən bəhs edərək, Prezident Şimon Peres, Baş nazir Benjamin Netanyahu və digər rəsmilərlə səmərəli görüşlər keçirdiyini bildirib və iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müntəzəm məsləhətləşmələrin davam etdiriləcəyini söyləyib.
Cənubi Qafqaz regionunda tammiqyaslı əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edən nazir Azərbaycanın ən qısa zaman kəsiyində münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Nazir, həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Azərbaycanın dünyanın müxtəlif məkanlarında, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini söyləyib.
Tədbirdə Azərbaycanın xarici işlər naziri ilə yanaşı, Çexiya və Polşanın xarici işlər nazirləri də çıxış ediblər.
Qeyd edək ki, eyni gündə səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin gənc liderlərindən ibarət bölməsi olan ACCESS Forumunun bağlanış toplantısında çıxış edib.