
Milli Şurada təmsil olunan Müsavat, AXCP və “El” Hərəkatının vahid namizədlə prezident seçkisində iştirak etməsi siyasi gündəmin əsas prioritetlərindən birinə çevrilib. Milli Şurada vahid namizədlə bağlı qərar qəbul oluna bilərmi?
Modern.az məsələ barədə Müsavat və AXCP-dən münasibət öyrənib. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, bu məsələ hələlik müzakirə mövzusu deyil.
“Milli Şuranın ilk yığıncağı keçiriləndən, ümumi əsasnaməsi və məramnaməsi, proqramı qəbul olunandan sonra seçkidə iştirakla bağlı məsələlər müzakirə oluna bilər. Milli Şura yeni elan olunub. Onun ilk yığıncağına hazırlıq işləri gedir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da eyni sözləri deyib: “Milli Şura hələlik toplanmayıb. Hələ ki, bir çox həlli vacib olan məsələlər var. Milli Şura toplanan zaman yəqin ki, vahid namizəd məsələsi müzakirə olunacaq. Həmin vaxt müxtəlif variantlar da nəzərdən keçiriləcək. Hələlik isə bu istiqamətdə müzakirə olmayıb”.
Xatırladaq ki Milli Şura 28 may Respublika Günü elan olunub.
Aqşin KƏRİMOV