«Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə, çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. 4 iyun 1993-cü il hadisələri də bütün bu amillərin nəticəsi olaraq özünü göstərdi».
Modern.az xəbər verir ki, bu fikirləri hakim partiyanın saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan əraziləri işğal olunurdu, əhalinin sosial durumu isə günbəgün ağırlaşırdı.
«Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bunu həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər özləri də açıq etiraf edirdilər. Təbii ki, səriştəsiz hakimiyyətin bir il ərzində apardığı siyasət «məntiqi sonluğa» çatdı. AXC-Müsavat hakimiyyətinin «qəhrəman» elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı ölkəmizi böyük təhlükələrlə üz-üzə qoydu. Həmin hakimiyyət öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. Ona görə də, o zaman hakimiyyətdə olmuş, 4 iyun hadisələrini törətmiş adamların indi dövlətin və xalqın taleyindən danışmağa mənəvi haqqları yoxdur»- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Anar RÜSTƏMOV