Modern.az

“Qadın və Sağlamlıq” jurnalı işıq üzü gördü - FOTOLAR

“Qadın və Sağlamlıq” jurnalı işıq üzü gördü - FOTOLAR

4 İyun 2013, 15:30

"Lider Qadınlar" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün təsisçisi olduğu “Qadın və Sağlamlıq” jurnalının təqdimatını keçirib. Restoranlardan birində süfrə arxasında təşkil edilən mərasim səmimi və xoş ovqat yaradıb.

Modern.az xəbər verir ki, təqdimatda millət vəkilləri Bahar Muradova, Sevic Hüseynova, Hadi Rəcəbli, Ombudsman Sədaqət Süleymanova, jurnalın redaksiya heyətinin üzvləri, və media nümayəndələri iştirak ediblər.

Xanım deputat belə bir jurnalın ərsəyə gəlməsində qonşu dövlətlərin təcrübəsindən və dostların köməyindən yararlandığını bildirib. O, Azərbaycan media məkanında qadınlar üçün çoxlu sayda jurnallar nəşr edildiyini, lakin onların mövzu üzrə öz oxucu dairəsi olduğunu qeyd edib: “Bu jurnalı ərsəyə gətirməkdə əsas məqsəd xanımlarımızı respublikamızda dövlət qadın siyasəti və hərəkatında baş verən yeniliklər, ölkəmizin ictimai-siyasi həyatında və cəmiyyətimizin bütün sahələrində qadınlarımızın uğurları ilə tanış etməklə yanaşı, qadın, uşaq, ana sağlamlıq məsələlərini daim diqqətdə saxlamaqdır.” M.İbrahimova həmçinin bu nəşri Azərbaycan cəmiyyətinin sağlam gələcək naminə atdığı addımlar sırasında həyata keçirilən mühüm işlərdən biri kimi dəyərləndirib.

Tədbir iştirakçıkları jurnalın ideya xətdini dəstəkləyərək qadın sağlamlığı dedikdə, təkcə fiziki sağlamlıq deyil, həm də qadınlarımızın mənən və ruhən sağlam olmalarının vacibliyini vurğulayıblar. Cəmiyyətin sağlam inkişafının sağlam düşüncəli qadınların, anaların öhdəliyində olduğu qənaətinə gəliblər.

“Bu məqsədlə jurnalımızın səhifələrində milli-mənəvi dəyərlərimiz, adət ənənələrimiz, mədəniyyətimiz haqqında xüsusi səhifələrin hazırlanması nəzərdə tutulur. Məqsədimiz qadınları hərtərəfli sağlam görməkdir”, – M.İbrahimqızı qeyd edib.

Jurnalın redaksiya heyətinə uğurlar arzulayan Bahar Muradova bu təşəbbüsü bəyəndiyini deyib. O, bildirdi ki, hər bir Azərbaycan qadını burada siyasi, iqtisadi, ictimai və sosial həyatdan məlumat almaqla yanaşı, eyni zamanda “öz sağlamlığını necə qorumalı” sualına cavab tapacaq:

““Qadın və sağlamlıq” jurnalının işıq üzü görməsini alqışlayıram. Hesab edirəm ki, layihələrin ardıcıl olaraq keçirilməsinə, regionlarda tərəfdaşların yetişməsinə etyac var, regionlara diqqət artmalıdır”- 

Ombudsman Elmira Süleymanova da  jurnalın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə uğurlar diləyib: “Sağlamlıq, sağlam həyat tərzi sahəsində maarifləndirməyə də olduqca böyük ehtyac var. İnanıram ki, “Qadın və sağlamlıq” jurnalı bu nəcib məqsədlərə xidmət edən dəyərli mənbə olacaqdır. Odur ki, yeni jurnala “Qədəmləri mübarək, xeyirli olsun, deyirəm

Millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli “Qadın və sağlamlıq” jurnalına çoxlu oxucu arzulayıb. “Bunun üçün qadınlarımız jurnalın səhifələrində onları maraqlandıran suallara cavab tapa bilməlidirlər. Bu suallar təkcə ictima-siyasi, sosial məsələlər deyil, gündəlik məsələlər də ola bilər”, – deyə millət vəkili bildirib. Millət vəkili öz çıxışında “lider qadın” obrazının portretində daha çox zərifliyin, kişiləri incə ustalıqla idarə etmək qabiliyyətlərinin cəmləndiyini önə çəkib.

Tədbir iştirakçılarına jurnalın gələcək fəaliyyəti barədə də məlumat verilib"Qadın və sağlamlıq" jurnalı "Dünya qadınları", "Diplomat xanımlar", "Hüquq guşəsi", "Qadın və sağlamlıq", "Sahibkar xanımlar", "Sənətkar xanımlar", "Gənc liderlər", "Asudə vaxt" və s. rubrikaları ilə ayda bir dəfə oxucuların görüşünə gələcəkdir.

Jurnal qadınların asudə vaxtlarını da yaddan çıxartmayıb. Odur ki,  "Sağlamlıq və qadın" dərgisi vasitəsilə qadınlarımız, həmçinin yeni dəb kolleksiyaları, gözəllik sirləri, yeni mətbəx reseptləri, faydalı məsləhətlər və s. ilə də yaxından tanış ola biləcəklər.

 


 

Elçin AĞAYEV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama