“Bu ilin dörd ayı ərzində 72 nəfər brüzelyoza yoluxub. Vəba ilə bağlı monitorinqlərə başlanılıb”. Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji şöbə müdiri Rita İsmayılovanın Modern.az-a verdiyi məlumata görə, ötən illə müqayisədə brüzelyoza, qara yaraya və quduzluğa yoluxma hallarının sayı azalsa da bölgələrdə bu xəstəliklərin ocaqları mövcuddur.
R. İsmayılovanın sözlərinə görə, brüselyoz Azərbaycan üçün endemik xəstəlik olsa da ötən illərlə müqayisədə xəstəliyə yoluxma halları azalıb:
“İl ərzində isə 300-400 belə hal olur. Amma ötən illə müqayisədə xəstəliyə yoluxma hallarının sayı azalıb. 2012-ci ildə 2011-ci illə müqayisədə 130 hal xəstəlik az olub. Bu ilin dörd ayı ərzində isə 72 nəfər brüzelyoza yoluxub ki, bu da keçən illə müqayisədə 20 hal azdır. Ən çox xəstəlik halı İmişli rayonunda qeydə alınıb. Belə ki, bölgədə 36 nəfər xəstələnib. Hamıya məlumdur ki, bu xəstəlik heyvanlardan insanlara keçir. Yoluxma halı insandan insana keçmir. Ona görə də əsas mənbə hal-hazırda da mövcud olan xəstə heyvanlardır. Baytarlıq Xidmətindən aldığımız məlumata görə İmişli rayonunda heyvanlar arasında xəstələnmə halı daha çoxdur”.
Azərbaycan üçün vəba təhlükəsi olmadığını söyləyən şöbə müdiri xəstəliklə bağlı may ayının 15-dən yoxlamalara başlanıldığını bildirdi. Onun sözlərinə görə, bu xəstəliyin monitorinqinin aparılması üçün hava temperaturu əsas rol oynadığından temperatur 18 dərəcə olanda monitorinqlərə başlanılır və noyabr ayına qədər bu yoxlamalar davam etdirilir:
“Taun Əleyhinə Stansiya 16 nöqtədə su nümunələri götürür. Çimərliklərdən, Abşeron su kanalından və s. nümunələr götürülür və yoxlanılır. Son 5 ildə vəba törədicisi aşkar olunmayıb”.
Qara yara xəstəliyinə görə Azərbaycanda ocaqların mövcud olduğunu deyən Rita İsmayılova həmin ərazilərdə bu xəstəliyin yayılma riskinin daha çox olduğunu vurğuladı. O, bildirdi ki, xəstəlik də heyvan mənşəli olduğundan yoluxma halına heyvan kəsimi zamanı, onun ətinin doğranması vaxtı rast gəlinir: “Təbii ki, heyvan bu xəstəliklə xəstələnibsə insan həmin heyvanın əti ilə təmasda olarsa insanda da yoluxma halı baş verir. Ən çox Azərbaycanda xəstəliyin dəri növü qeydiyyata alınıb. Digər formaları isə qeydiyyata alınmayıb. Ötən il Qax rayonunda qara yara xəstəliyinə yoluxma halı baş verib. Ötən il 8 belə fakt qeydə alınsa da bu il hələ ki, xəstəliyə yoluxma halı baş verməyib. Amma bu xəstəliyin profilaktikası üçün maarifləndirici tədbirlər aparılır. Demək olar ki, bu xəstəlik respublikanın bütün bölgələrində yayılma ehtimalı var. Amma daha çox Şimal və Qərb bölgəsində xəstəliyin yayılması üçün münbit şərait var”.
Bu il quduzluq xəstəliyinə yoluxma hallarının sayının ötən illə müqayisədə azaldığını deyən Taun Əleyhinə Stansiyanın rəsmisi onu da bildirdi ki, ötən il quduzluq xəstəliyinə tutulma faktları olsa da bu ilin dörd ayı ərzində belə hal qeydə alınmayıb. Belə ki, keçən il 8 nəfər quduzluğun qurbanı olub. Ötən ilin dörd ayı ərzində isə bu rəqəm 4 olub:
“Ümumiyyətlə quduzluq elə bir xəstəlikdi ki, onun sonu ölümlə nəticələnir. Yəni insan xəstələnibsə demək ölür. Ötən il quduzluğa yoluxan 8 nəfərin hamısı ölüb. Xəstəliyi əsasən itlər yoluxdurur”.
Quduzluğun daha çox vəhşi heyvanlar arasında yayıldığını deyən R. İsmayılovanın sözlərinə görə, xəstə heyvanın insanı dişləməsi, dırnaqlaması insanın da yoluxması ilə nəticələnir.
Gültəkin ƏLƏSGƏR