Modern.az

Xocalı qurbanları dünyada belə ANILDI - FOTOLAR

Xocalı qurbanları dünyada belə ANILDI - FOTOLAR

26 Fevral 2023, 15:58

Xocalı soyqırımının 31-ci ildönümü tamam olur. Xalqımızın başına gətirilən faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, aksiyalar təşkil olunur. Azərbaycan diaspor nümayəndələri dünyanın dörd bir yanında Xocalıya ədalət tələb edərək, xüsusi fəallıq nümayiş etdirirlər.

 

Modern.az xəbər verir ki, belə tədbirlərdən biri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

 

Lensovet adına Mədəniyyət Sarayında baş tutan tədbir “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə azərbaycanlılarının milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilib.

 

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandıran natiqlər qeyd ediblər ki, məhz azərbaycanlı olduqlarına görə həmin müdhiş gecə aralarında 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Misli görünməmiş amansızlıqla törədilmiş Xocalı soyqırımına görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin və Qarabağdakı erməni separatçılarının məsuliyyət daşıdığı vurğulanıb. Tədbirdə çıxış edənlər dünya birliyini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi və bu dəhşətli faciəni törədənlərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar. Nəzərə çatdırılıb ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq.

 

 

Okeanın o tayında da Xocalıya ədalət istənilib.

 

ABŞ-ın Mayami-Deyd dairəsində 26 fevral 2023-cü il tarixi Xocalının Anım Günü elan edilib. Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarları Şurasının sədri III Oliver G. Gilbert Bəyannamə imzalayıb.

 

Bəyannamədə bildirilib ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.

 

Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından 26 fevral 2023-cü il tarixini Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 31-ci ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.

 

 

ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

 

Azərbaycan diasporunun təşkilatçılığı ilə universitetin fakültə evində “Xocalını xatırlayırıq: Ermənistan və Azərbaycan hərb və sülh yolu ilə” mövzusunda baş tutan tədbir Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması məqsədilə təşkil edilib.

 

İctimaiyyətə açıq şəkildə təşkil edilmiş konfransda Kolumbiya Universitetinin professor-tələbə heyəti, Nyu-York və digər ştatlarda yaşayan diaspor nümayəndələri və fəalları iştirak ediblər.

 

Konfransın məruzəçiləri qismində Qrinsborodakı Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin professoru Əli Əsgərov və Tennesi Texnologiyalar Universitetinin siyasi elmlər üzrə professoru Mixael Gunter çıxış ediblər.

 

Universitetin çoxmilli tərkibli auditoriyasında maraqlı müzakirə çərçivəsində keçən konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi tələbləri ilə bağlı fikirlər səslənib.

 

 

 

Estoniya parlamentinin (Riigikogu) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.  

 

Bəyanatda bildirilib ki, deputat qrupu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş, çoxlu sayda qadın, uşaq və qoca da daxil olmaqla 600-dən çox dinc sakinin qətlə yetirildiyi Xocalı qətliamını pisləyir və xalqımıza dərin hüznlə başsağlığı verir.

 

“Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regionun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramımızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”, - deyə birgə bəyanatda nəzərə çatdırılıb.

 

 

Litvanın paytaxtı Villnusda Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət” adlı fotosərgisi nümayiş etdirilib.

 

Sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.

 

Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur olub və torpaqlarımızı işğaldan azad edib.

 

Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.

 

 

Qonşu Gürcüstanda fevralın 24-dən başlayaraq paytaxt Tbilisidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilir.

 

Aksiya Gürcüstandakı “Azərbaycan Evi”nin, AZEBİ və “Alyans” Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilir.

 

Akiya zamanı üzərində gürcü və ingilis dillərində “Xocalıya Ədalət!” tələbinin əks olunduğu 4 yük avtomobili paytaxtın mərkəzindəki Aleksandr Çavçavadze küçəsindən hərəkət etməyə başlayıb. Avtomobil karvanının şəhərin mərkəzindəki izdihamlı yerləri və əhalinin sıx yaşadığı əraziləri (Rustaveli prospekti, Azadlıq meydanı, Pekin, Merab Kostava, Marcanişvili, Sereteli küçələri və sair) əhatə edən marşrut üzrə hərəkət etməsi nəzərdə tutulub. Aksiya fevralın 28-i axşam saat 20:00-dək davam edəcək.

               

Polşa paytaxtında Xocalı soyqırımı qurbanları yad edilib

 

Varşava şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Polşa Seyminin və Senatının rəsmi şəxsləri, dövlət qurumlarının və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, ölkənin elm, ictimai, mədəniyyət, din xadimləri, iş adamları, Azərbaycan diasporunun fəalları, soydaşlarımız və tələbələr iştirak ediblər.

 

 

Bundan əlavə, Praqada “Xocalıya ədalət!” tələbi ilə aksiya təşkil edilib. Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

 

“Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşəbbüsü ilə baş tutan aksiya “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilib.

 

ABŞ-ın Florida ştatında Xocalı şəhidləri yad olunub

 

 

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Nova Cənub-Şərqi Universitetinin nəzdindəki Kreyq və Barbara Vayner Holokost Refleks və Resurs Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Amerika-Azərbaycan Gənclər Assosiasiyasının (AAYA) təşkilatçılığı ilə baş tutan tədbirdə Nova Cənub-Şərqi Universitetinin bir qrup tələbəsi iştirak edib.

 

 

Serbiyanın paytaxtı Belqrad şəhərində isə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun təmsilçiləri, Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, azərbaycanlı və yerli tələbələr, yerli KİV nümayəndələri iştirak ediblər.

 

 

ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan “Suburban Living Magazine” jurnalında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar məlumat dərc olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşkilatçılığı ilə dərc olunan məlumatda “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyasına diqqət cəlb edilib.

 

 

 

Aysel Məhərrəm

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər