ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq işi ilə bağlı ortaya yeni materiallar çıxıb. “Təzadlar” qəzeti bu işlə bağlı dindirilən hal şahidlərinin ifadələri də içərisində olan 2 cildlik, 600 səhifədən ibarət istintaq materiallarını əldə edib. Qəzet istintaqa mane olmamaq üçün onları hiss-hissə yayacağının anonsunu verib. İlk yayılan ifadələr isə adı M.Abdullayevlə yaxın münasibətlərdə hallanan müğənni Mətanət İsgəndərli və M.Abdullayevin qayınatası Şamil Şahməmmədova məxsusdur.
Modern.az saytı "musavat.com"a istinadən müğənni Mətanət İsgəndərlinin istindaqda səsləndirdiyi fikirləri təqdim edir.
Mətanət İsgəndərli: “Mahir mənim mahnılarıma söz yazıb, maliyyə dəstəyi göstərib”
İlk olaraq nəzərinizə M.İsgəndərlinin ifadəsini çatdırırıq. Müğənni istintaqa ifadəsində öncə M.Abdullayevlə tanışlıq hekayəsindən danışıb: “Abdullayev Mahir İslam oğlu ilə təxminən 1996 və ya 1997-ci ildə tanış olmuşam. Həmin dövrdə tanışım, AzTV-də operator işləyən Asim Cəlilov mənə Mahir adlı dostunun oxuduğum "Anam, hardasan?" mahnısına qulaq asdığını və anası vəfat etdiyindən bu mahnının onu kövrəltdiyini söyləyərək klip çəkdirmək istədiyini bildirdi. Daha sonra Mahirlə öz prodüserim, bəstəkar Asif Kərimovu tanış etdim. Həmin vaxtdan Mahirlə mənim aramda dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq. Mahirin özü də şeir yazmaq istedadına malik olduğundan mənim ifamda səslənən “Kürdəmir”, “Küsmə məndən”, “Ülvi balam”, “İlk məhəbbət kövrək olur” mahnılarımın sözlərini yazıb. Mahir ümumiyyətlə incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də göstərib və hətta Asiflə birlikdə 1998-ci ilin 16-17 mart tarixlərində solo konsertlərimi təşkil edib. Bununla bizim Mahirlə münasibətlərimiz daha da yaxınlaşdı və onun özündən əlavə dostları Sənan, Namiq və Qulu ilə tanış oldum.
“Son gün yolda and içirdi ki, məni heç bir qadınla aldatmır, dalaşdıq...”
...Biz bir-birimizə qarşı çox qısqanc olduğumuzdan tez-tez Mahirlə küsülü olurduq. 02 oktyabr 2003-cü il tarixdə AzTV-nin seçkiqabağı o zamanki Dəvəçi rayonunda təşkil etdiyi konsertdə iştirak etmək üçün Mahir, dostu Sənan, prodüserim Ələddin və köməkçim Asiflə birlikdə həmin rayona getmişik. Əvvəlcədən planlaşdırdığımıza əsasən konsertdə çıxış etdikdən sonra biz Nabrana getməli idik ki, Mahir orada almaq istədiyi torpaq sahəsinə baxsın. Lakin təşkil olunmuş konsertdə səhnəyə gedən yol narahat olduğundan mən orada çıxış etməkdən imtina etdim və Ələddinə iradımı bildirdim ki, “mən bu cür uzun paltarda necə səhnəyə çıxacam”. Bundan sonra rayona gəldiyimiz yuxarıda göstərdiyim şəxslərlə birlikdə mən və Asif Ələddinin maşınında, Mahirlə Sənan sonuncunun maşınında Nabran istiqamətində yola düşdük. Axşam radələrində Nabrana çatdıqdan sonra hazırda yadımda qalmayan səbəbdən Mahirlə sözləşdik və bir-birimizdən küsdük. Bundan sonra onlar dördü yemək yedilər, mən isə çox əsəbi olduğumdan ayrıca otaqda oturdum. Təxminən 1 saatdan sonra artıq Bakıya qayıtmaq qərarına gəldik və biz gəldiyimiz qaydada mən, Ələddin və Asif bir maşında, Mahirlə Sənan isə digər maşında yola düşdük. Nabran ərazisini tərk etdikdən sonra Mahirin təkidi ilə mən Sənangilin maşınında əyləşdim.
Yolda Mahir and içərək məni əmin etməyə çalışırdı ki, o məni digər qadınlarla aldatmır. Mahirin növbəti andlarının birində Sənan ona üstüörtülü dedi ki, “niyə yalandan and içirsən, sən Mətanəti aldadırsan axı”. Mahir Sənanın bu sözündən küsərək “Beş barmaq” deyilən ərazidə maşını saxlatdırıb, yoldan keçən sarı rəngli taksiyə minib bizdən ayrı getdi. Sənan və mən Mahiri geri qaytarmağa cəhd etsək də, o bizə məhəl qoymadan çıxıb getdi. Həmin vaxtdan sonra Mahirlə heç bir əlaqəm olmayıb. Belə ki, mən Mahirin bu hərəkətindən incidiyimdən ona zəng etməmişəm. Eyni zamanda bu müddət ərzində Sənanla da əlaqə saxlamamışam. 13 oktyabr 2003-cü il tarixdə saat təxminən 24 radələrində Asif mənə zəng edərək Mahiri görüb-görmədiyimi soruşdu. Mən isə Asifə Mahirlə küsülü olduğumuzu və onu təxminən 10-11 gündür ki, görmədiyimi söylədim. Mahir ümumiyyətlə yalana meylli insan olduğundan əvvəlcə onun itməyinə inanmadım. Lakin yenə də məsələni dəqiqləşdirmək üçün Mahirin hazırda xatırlamadığım telefon nömrəsinə zəng etsəm də, nömrə bağlı idi. Mahirin itməsi xəbərini eşitdikdən sonra dəfələrlə ona zəng etsəm də, həmçinin Asif və Ələddin vasitəsilə xəbər öyrənməyə çalışsam da hər hansı müsbət nəticə əldə etmədim. Hadisədən təxminən 10-12 gündən sonra Mahirin qardaşları Elşad, Elsevər və Eldəniz axşam saat 20 radələrində mənim evimə gələrək, Mahirlə mənim münasibətim barədə məlumatlı olduqlarını söylədilər. Mən isə onlara həqiqətən də Mahirlə yaxın münasibətimiz olduğunu, lakin onun harada olması barədə heç nə bilmədiyimi dedim".
“Elşad mənə deyirdi ki, Mahir sağdır, qayıdan kimi ölkədən gedəcəklər”
Müstəntiqin Elşad, Elsevər, Eldəniz və İsmayıl Abdullayevlərlə bağlı sualına isə M.İsgəndərli belə cavab verib: “Adı qeyd olunan şəxslərdən yalnız Elşadı tanımışam. Belə ki, Mahir itkin düşəndən sonra bir dəfə müğənni Vasif Məhərrəmlinin bacısı Vəsilə məni evlərinə qonaq dəvət etdi, ora getdikdən bir qədər sonra isə Elşad da onlara gəldi. Həmin vaxt Vəsiləgildə Elşad, mən, Vəsilə və Vasif Məhərrəmli olub. Orada biz Elşadla təklikdə qalaraq Mahirin itkin düşməsi ilə bağlı hazırda xatırlamadığım mövzuda mehribancasına söhbət etdik və Elşad Mahirlə bağlı mənim fikirlərimi öyrənirdi. Təxminən yarım saat sonra Elşad getdi, mən isə bir qədər sonra getdim. Söhbət zamanı Elşad çox rahat və sakit görünürdü, əhvalı yüksək idi, qardaşını axtaran şəxsə oxşamırdı. Danışıq zamanı mən belə hiss etdim ki, Elşad qardaşı ilə maraqlanmaqdan daha çox mənim itkin düşmə ilə bağlı hər hansı məlumatımın olması ilə əlaqədar soruşurdu və bu barədə heç bir şey bilmədiyimi müəyyən etdikdə Elşadda bir rahatlıq yarandığını hiss etdim”.
Müğənni ifadəsində daha bir şok məlumat verib: “Bundan əlavə Elşad həmin görüşdə mənə dedi ki, Mahir sağdır, ona zəng edib, yaxın vaxtlarda qayıdacaq, qayıdan kimi isə onlar Azərbaycanı tərk edəcəklər. Elşad həmçinin mənə dedi ki, nə qulluğum olsa ona müraciət edə bilərəm. Mən isə ona rədd cavabı verərək heç bir şeyə ehtıyacımın olmadığını bildirdim. Mən əminəm ki, Elşad Mahirin harada olmasını bilir”.
“Mahirin ziddiyyətdə olduğu və ya düşmənçilik etdiyi şəxslər barədə nə deyə bilərsiniz?” sualını M.İsgəndərli belə cavablandırıb: “Onun danışığından belə başa düşürdüm ki, onlar ABU-nu hansısa dağıstanlılardan alıblar və bu səbəbdən həmin tanımadığım adamlarla nəsə ziddiyyətləri olub. Ancaq bu məsələni tam təfərrüatları ilə bilmirəm. Mahirin hər hansı şəxsdən borc alması barədə dəqiq məlumatım olmasa da, onun danışıqlarından belə başa düşürdüm ki, onun tanımadığım şəxslərlə nəsə külli miqdarda pul söhbətləri olub”.
“Mahir Rəsul Quliyevlə danışandan sonra dedi ki, biz hakimiyyətə gələcəyik”
Müğənni DİN-in sabiq əməkdaşı Hacı Məmmədovla bağlı sualı da cavablandırıb: “Hacı Məmmədovla yaxın münasibətim olmasa da, onu bir dəfə Qusar rayonunda sahibi olduğu "Qarabulaq" istirahət mərkəzində görmüşəm. Özüm bir neçə dəfə ailəmlə birlikdə həmin istirahət mərkəzinə dincəlmək üçün getmişəm.
Həmin səfərlərimin birində Hacı Məmmədov bir sənət adamı kimi məni öz ailəsi ilə birlikdə əyləşdiyi masaya dəvət edərək, ailəsi ilə tanış etdi və təxminən 1 saata yaxın onlarla birlikdə oturub ümumi söhbətlər etdim. Bundan təxminən 2 ay sonra Hacı Məmmədov prodüsserim Əllədinə zəng edərək tanımadığım qohumunun hazırda yadımda qalmayan şadlıq sarayında keçirilən toy məclisində müğənni kimi iştiraka dəvət etdi. Hacının ailəsi ilə bir süfrə arxasında oturub çörək kəsdiyimizdən həmin toyda oxudum pul almadım. Bundan əlavə Hacı Məmmədovla hər hansı münasibətim olmayıb. Hacı Məmmədovla tanışlığım bununla da bitib. Bu hadisə Mahir Abdullayev itməmişdən qabaq, yaxud bundan sonra olduğunu hazırda xatırlaya bilmirəm".
M.İsgəndərli müstənqin sualına cavab olaraq, M.Abdullayevin siyasi baxışları barədə də danışıb: “Mahirin siyasi baxışları barədə elə də məlumatım yoxdur. Lakin onun sözlərindən mənə məlum idi ki, o, dostu Sənan İbrahimov vasitəsilə sabiq spiker Rəsul Quliyevlə əlaqə saxlayıb. Hətta o, bir dəfə deyib ki, "biz hakimiyyətə gələcəyik". Bu sözləri deməkdə mənə elə gəlir ki, o, özünü və qardaşlarını nəzərdə tuturdu. Lakin hansı siyasi qüvvə ilə onlar hakimiyyətə gələcəklərini Mahir mənə bildirməyib və mən bununla maraqlanmamışam. Eyni zamanda bildirmək istəyirəm ki, Mahir mənim yanımdan qeyd etdiyim şəxslə, yəni Rəsul Quliyevlə, həmçinin digər müxalifət nümayəndələri ilə əlaqə saxlamayıb".
M.İsgəndərli deyib ki, tanınmış insan olduğundan E.Abdullayev qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq və diqqəti ona yönəltmək üçün onu ittiham edir: “Elşadla təklikdə olan görüşümüz zamanı o mənimlə mehriban danışıb, irad bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini bilmirəm”.
“Qayınata” Mahir Abdullayevlə bağlı Zahid Dünyamalıyevlə nə danışıb?
Şahid Şahməmmədov Şamil Məmməd oğlunun (Mahir Abdullayevin qayınatası) ifadəsində də xeyli ilginc məqamlar var. Ş.Şahməmmədov bildirib ki, hər şey 13 oktyabr 2003-cü il tarixində baş verib: “13 oktyabr 2003-cü il tarixdə saat 24 radələrində qızım Gültəkin həyəcanlı vəziyyətdə evimizə telefonla zəng edib bildirdi ki, Mahir saat 10 radələrində evdən çıxıb, gün ərzində telefonlarına cavab vermir, evə də gəlməyib. Yoldaşım və oğlum İqbal Gültəkingilə getdilər, orada səhərə kimi qaldılar. Səhərə kimi telefonla əlaqə saxladım, deyirdilər ki, Elşad, Elsevər, öz dostları ilə Mahiri axtarırlar, müsbət nəticə əldə edəndə deyəcəklər. Elşad özü hüquqşünasdır və lazımi tədbirlər görüb. Sonrakı günlərdə mən bildim ki, Elşad rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət edib. Üstündən çox keçməsinə baxmayaraq, Mahir Abdullayev tapılmadı. Hazırkı dövrədək mənim çoxsaylı şikayətlərim olub, prezidentə, MTN-in, DİN-in, Baş Prokurorluğun rəhbərliyinə, bu məsələ ilə bağlı onların qəbulunda olmuşam. Elşad və qardaşı, Baş Prokurorluqda işləyən Elsevər Abdullayev Mahirin axtarışını öz üzərlərinə götürmüşdülər və bizə bildirirdilər ki, ciddi məşğul olurlar, daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyev şəxsən bu işlə məşquldur. Hətta mən də Zahid Dünyamalıyevlə DİN-dəki xidməti otağında təhlikdə söhbət etmişəm. Mənə vəd etdi ki, "Elə bil öz qardaşımı axtarıram", lakin uzun müddət keçsə də, heç bir nəticə əldə olmadı. Təxminən Mahir itəndən 1 ay sonra Elşad bildirdi ki, bir nəfərlə o, Mahirin qaytarılması üçün danışıq aparır, həmin adama külli-miqdarda pul verib, məbləğini demədi. Təxminən 2004-cü ilin yaz ayları olardı, Elşaddan daim nə tədbirlərin görməsini soruşurdum, o, mənə bildirdi ki, əgər inanmırsınızsa, gedək, həmin adamla görüşdürüm. Elşad məni ABU-dakı öz kabinetinə apardı. Bir müddət sonra otağa Arzu Kazımov adlı şəxs “duruxmuş” vəziyyətdə gəldi. Mən çox əsəbi idim, Arzudan soruşdum ki, “pulu almısan, niyə Mahirin tapılması məsələsini həll etmirsən?” Arzu cavab verdi ki, “mən bu məsələ üçün pul almamışam, mənə ancaq yol pulunu Elşad verib, bir özündən soruşun, mənə nə qədər pul verib”. Arzunun söhbətinə Elşad susub heç bir cavab vermədi, Arzunu ifşa etmədi, bu, məni təəccübləndirdi. Mən dəqiq xatırlamıram, lakin göstərdiyim kimi, mən, Elşadın kabinetində Arzu ilə söhbət edərkən, Arzu Kazımova təsir göstərmək üçün (Oxu: yalandan - Təzadlar.) bildirmişdim ki, ona verilən pulun bir hissəsi mənimdir, bağımı satıb ona vermişəm".
Ş.Şahməmmədov vurğulayıb ki, onun bağı olmayıb, cəmi bir torpaq sahəsi olub və onu da 2006-2007-ci illərdə 7 min manata satıb. “Elşada mən Mahirin tapılması üçün pul verməmişəm, nə də ki, Elşad məndən bu məqsədlə pul istəyib” deyən Ş.Şahməmmədov həmçinin 14 mart 2004-cü il tarixdə qeydə alınan, bir neçə ay öncə yayılan, özünün də iştirakçısı olduğu videoçəkiliş barədə hadisə zamanı xəbərdar olmadığını deyib.
Asif Mərzili: “Əlimizdə 600 səhifəlik cinayət işi materialları var, yayacağıq”
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə “Yeni Müsavat”a açıqlamasında bu materialları necə əldə etmələrindən danışdı. Dedi ki, M.Abdullayevin işi ilə bağlı ilk gündən araşdırma aparıblar və son olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına onun işi ilə bağlı sorğu göndəriblər: “Sorğumuza cavab olaraq Arzu Kazımovun işi ilə bağlı Elşad Abdullayevin şikayəti əsasında aparılan istintaq hərəkətləri ilə bağlı istintaq sənədlərini təqdim etdilər. Bu istintaq sirri yayılmır, bu, bizə istintaqdan verilib. Əlimizdə ittiham aktı da var. Burda heç bir jurnalist fantaziyası yoxdur”.
Müsahibimiz dedi ki, bu materialları davamlı olaraq yayacaqlar. 2 cilddən, 600 səhifədən ibarət cinayət işi materiallarının içində olan bəzi istintaq sirlərini işıqlandırmayacaqlarını vurğulayan A.Mərzili E.Abdullayevin yazışmalarını da tezliklə gün üzünə çıxaracaqlarını vurğuladı.