Modern.az

Mənzillər otaq sayına görə evsiz jurnalistlər arasında necə bölünəcək: - Əflatun Amaşov: “Bu haqda da fikirləşmişik” - AÇIQLAMA

Mənzillər otaq sayına görə evsiz jurnalistlər arasında necə bölünəcək: - Əflatun Amaşov: “Bu haqda da fikirləşmişik” - AÇIQLAMA

Media

5 İyun 2013, 12:53



Ölkə prezidentinin sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində evsiz jurnalistlər üçün tikilən yaşayış binası demək olar istifadəyə hazırdı və indi mənzillərin bölüşdürülməsi istiqamətində ciddi müzakirələr gedir. Redaksiyalar iyunun 15-dək mənzilə ehtiyacı olan jurnalistləri müəyyənləşdirib, onların adlarını Azərbaycan Mətbuat Şurasına təqdim etməlidirlər. Mənzillərin öz gələcək sahiblərinə Milli Mətbuat günündə - 22 uyulda təqdim olunacağı gözlənilir.

Tikintisi 5 milyon manata başa gələn yaşayış binası 16 mərtəbəli, 156 mənzillidir.
Maraqlıdır, 2 və 3 otaqdan ibarət təmirli mənzillər evsiz jurnalistlərin siyahısı hazırlanandan sonra necə bölüşdürüləcək?

Məsələn, mənzilə ehtiyacı olan jurnalistlərin hamısının ailə tərkibi saya görə eyni deyil, ailə üzvlərinin sayı uşaqlara görə dəyişir – 3, 4, 5 nəfər... Belədə kimə ikiotaqlı, kimə üçotaqlı mənzil veriləcək?

Bundan başqa, yəqin ki, kimin hansı mərtəbələrdə yerləşdirilməsi də mübahisəsiz ötüşməyəcək. Şübhəsiz ki, çoxları çalışacaq ki, daha aşağı mərtəbələrdən mənzil alsın...

Ümumiyyətlə bu məsələlər necə həll olunacaq? Mənzillər bölüşdürülərkən püşkatma həyata keçiriləcəkmi?

Modern.az saytı bu suallarla Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

“2 və 3 otaqlı təmirli mənzillərin hansı jurnalistlərə veriləcəyi ilə bağlı meyarları biz sonra, siyahı tam hazır olanda fikirləşəcəyik ”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, hələ “kimlər ev ala bilər?” meyarları ilə ərizələrin qəbulu gedir.

Ə.Amaşovun sözlərinə görə, bu məsələ müəyyənləşəndən sonra jurnalistlər üçün tikilmiş çoxmərtəbəli evin mənzillərinin bölüşdürülməsi meyarları müəyyənləşdiriləcək.

Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binadan jurnalistlərə mənzillərin verilməsi ilə bağlı Mətbuat Şurası müəyyən meyarlar müəyyən edib. Belə ki, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Sonradan telekanallar da bu siyahıya əlavə olundu və hər bir telekanalın da mənzil almaq üçün 3 əməkdaş müəyyənləşdirməsi nəzərdə tutulur.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi