Modern.az

8 Martda müəllimlərə pul yox, kitab verin - Deputatdan ÇAĞIRIŞ 

8 Martda müəllimlərə pul yox, kitab verin - Deputatdan ÇAĞIRIŞ 

Təhsil

28 Fevral 2023, 16:10

8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqca məktəblərdə valideynlərdən məcburi pul yığılması məsələsi gündəmə gəlir. Ötən gün elm və təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə bu məsələyə toxunub. 

 

Nazir bu cür hallarla üzləşən valideynləri şikayət etməyə çağırıb: "Belə olduqda valideynlər nazirliyə şikayət etsin. Bundan sonra biz hərəkətə keçə bilərik. Müəllimləri təbrik etmək olar. Ancaq bahalı hədiyyələr verilməsi pedaqoji fəaliyyətə uyğun deyil. Valideynlər daha çox bu işə təşkilatçılıq edir. Biz valideynlərə qarışa bilmərik, məsləhət görə bilərik ki, bundan imtina etsinlər. Bundan utanmasınlar".

 

Müzakirələrə səbəb olan 8 Martla bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev vurğulayıb ki, pul istisna olmaqla, müəllimə hədiyyə vermək ənənəsi keçmişdən mövcuddur:

 

"Müəllimə gül dəstəsi, yaxşı qələm, kitab hədiyyə edilməsi qəbul olunandır. Məktəb direktorlarının, müəllimlərin 8 Martla əlaqədar konkret siyahı hazırlayıb valideynlərdən pul tələb etməsi yolverilməzdir. Bayramlarda və digər tədbirlərdə müəllimə hədiyyə kimi pul vermək düzgün deyil. Bu məsələ tənzimlənməlidir. Konkret nizam-intizam olmalıdır".

 

 

Deputatın sözlərinə görə, məktəb valideynlərdən onsuz da kifayət qədər pul qoparır: "Hazırda elə bir vəziyyət yaranıb ki, bu gün insanlar qazandıqları vəsaiti ən çox səhiyyə və təhsilə xərcləyirlər. İbtidai sinif pilləsindən valideynlər uşaqlarına repetitor tuturlar. 10-11-ci sinif şagirdlərinin böyük qismi dərslərdən yayınır. Məktəbə gəlmirlər. Bunun müqabilində direktorlarla sövdələşmələr olur. Bunu hər kəs bilir. Bura bayramları da əlavə etdikdə, valideynlərin durumu bir qədər də çətinləşir. Təhsildə məmnuniyyət artırılmalıdır. Kiminsə imkanı olmadığına görə nəsə verə bilməməsi sinifdə ayrı-seçkilik mühiti yaradır. Bu da tədris prosesinə pis təsir göstərir".

 

Valideynlərin müəllimlərdən şikayət etməsinə gəlincə, deputat qeyd edib:

 

"Valideynlər şikayət etməsə də, vəziyyət bilinir. Gərək, şikayət olsun? Şikayət edən şəxsi nələrin gözlədiyi barədə də düşünmək lazımdır. Bəzən buna başqa don geyindirirlər. Bu məsələləri təbii axara salmaq lazımdır. Elə mühit yaratmaq lazımdır ki, heç kim fərqli hərəkət etməsin. Bunun üçün də məktəb rəhbərliyi düzgün təyin edilməlidir. Müəllimlərin maaşları ilbəil artırılır. Müəllimlər gərək öz tamahlarını bir balaca yığışdırsınlar. Bu, bir az da insanın vicdanına aid məsələdir. Müəllimlər valideynin durumunu nəzərə almalı, ondan heç nə tələb etməməlidir. Onun övladına öz doğma balası kimi münasibət bəsləməlidir. Axı insan şüurlu varlıqdır. Bu keyfiyyətləri zorla onun şüuruna yeritmək mümkün deyil. Müəllimlər cəmiyyətin ən vicdanlı təbəqəsini təşkil edir. Buna görə də, prosesi özləri nizama salmalıdırlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır