Modern.az

MİQ-dəki dəyişiklik müəllim olmaq istəyənlərin xeyrinədir, yoxsa ziyanına?

MİQ-dəki dəyişiklik müəllim olmaq istəyənlərin xeyrinədir, yoxsa ziyanına?

28 Fevral 2023, 17:22

Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində dəyişikliklər edilib. Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva mətbuata açıqlamasında MİQ-lə bağlı dəyişikliklərin mahiyyətini açıqlayıb.

 

O bildirib: “Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.

 

Nəzakət Mehdiyeva MİQ imtahanında səhvin düz cavabı aparmasına da aydınlıq gətirib: 

 

"Əvvəl MİQ imtahanında da səhv düzü aparmırdı. Ancaq təhlillər göstərdi ki, bəzən asan və orta suallara cavab verə bilməyən şəxslər çətin sualları cavablandıra bilir. Bu da test imtahanının verdiyi rahatlıqdır. Yəni adam nə olar-olar deyib variantı işarələyə bilər. Buna görə də, əsl bilik nümayişi olsun deyə bu imtahanda səhvin düzü aparması məsələsi tətbiq olundu”.

 

Bəs bu dəyişiklər effektiv olacaqmı? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, proqramın çətinləşməsi müəllimlərin hazırlığına mənfi təsir göstərə bilər:

 

“Müəllimlərin işə qəbulu üzrə olan dəyişiklik çərçivə ilə bağlıdır. Proqramlar öncədən təqdim olunur və bunun əsasında müəllimlər hazırlaşırlar. Əlbəttə, əsas dəyişiklik ədəbiyyat fənni ilə bağlıdır. İmtahana salınacaq suallar məhz əsərlər barəsində olacaq. Buna görə də, ədəbiyyat suallarını cavablandıracaq müəllimlərin əsərləri təfsilatı ilə bilməsi mütləqdir. Müəyyən zaman çatışmazlığı onların hazırlıqlarına təsir göstərə bilir və bunun daxilində proqramın bir qədər çətinləşməsi müəyyən qədər nəticələrə təsir edə bilər ki, bunu da gözləyirik. Müəllimin qarşısına çıxan sualları cavablandırarkən çətinlik çəkməməsi üçün öz fənni barədə müəyyən biliklərə sahib olması vacibdir. Ona görə də, məsələyə bir qədər müsbət baxmaq olar”.

 

Ekspert imtahanla yanaşı, müəllimlərin iş problemindən də söz açıb: “Hər il MİQ imtahanına müraciət edən namizədlərin sayı 40-50 min nəfər olur. Biz çalışmalıyıq ki, həmin şəxslərin ən az yarısı qədər vakant yerlər çıxara bilək. Lakin cəmi 8-9 min nəfərlik vakant yer çıxarırıq. Bu isə arzuolunan nəticə deyil. 8-9 min yer dolduqudan sonra 30 mindən çox şəxs işsiz qalır. Ona görə də, biz vakant yer məsələsinin önə çıxarılmasına çalışmalıyıq. Bunu tələb etməliyik”.

 

 

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, indiyə qədər MİQ imtahanlarının məzmununun qiymətləndirilməsi istiqamətində xeyli dəyişikliklər edilib:

 

“2009-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu test imtahanı vasitəsilə keçirilməyə başlayıb. 2011-ci ildə isə qəbul prosesi bütün ölkəni əhatə edib. 2013-cü ildə bu prosesdə yeni mərhələ başlayıb. Etiraf edək ki, geridə qoyduğumuz müddət ərzində müəllimlərin işə qəbulu imtahanının məzmununun qiymətləndirilməsində müəyyən dəyişikliklər edilib. Belə ki, son dəyişikliyə qədər imtahan iştirakçıları ixtisas, məntiq və kurikulumdan suallara cavab verirdilər. 2022-ci ildə edilən dəyişikliyə əsasən MİQ iştirakçıları bu il yanlız ixtisas ve kurikulumdan suallara cavab verəcəklər. Hesab edirəm ki, bu, yanlış addımdır. Biz qəbul prosesində yalnız müəllimlərin ixtisas biliklərini yoxlamalıyıq. Çünki, kurikulumla bağlı ayrıca vəsait yoxdur”.

 

 

Təhsil eksperti səhv cavabların düzü aparmasına da münasibət bildirib:

 

“Bu dəyişiklik keçən ildən tətbiq olunur. İmtahan iştirakçısı bəzən sualın cavabını bilməsə də, cavabı yazırdı və bəzən bu düz çıxırdı. Məncə, bu dəyişiklik yaxşıdır. Bununla haqq-ədalət də öz yerini tapır. Hesab edirəm ki müəllimlərin işə qəbulu prosesində səhv cavabların düzgün cavablara təsir göstərməsi doğru yanaşmadır”.

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsinə edilmiş dəyişikliklərə gəlincə, K.Əsədov bəzi məqamlardan narazı qaldığını söyləyib.

 

“Bu dəyişiklik çərçivə sənədi ilə bağlıdır. Onlar ədəbiyyat siyahıları təqdim edirlər ki, həmin imtahan iştirakçıları o kitablardan və mövzulardan oxusun. Burada müəyyən problemlər var. Çərçivə sənədi orta məktəb kitablarıdır. Ancaq bizim məzunlarımız orta məktəbdə oxuyanda o kitablardan istifadə etməyiblər. Dərsliklər 4-5 ildən bir dəyişilir. Yaxşı olar ki, çərçivə sənədinə ali təhsillə bağlı sual salınsın. Eyni zamanda ədəbiyyatla bağlı kifayət qədər böyük əsərlər yazılıb. Bəli, müəllimlər o əsərləri oxumalıdır. Buna baxmayaraq, həmin əsərdən sual salmaq doğru olmaz, çünki müəyyən epizodlar var ki, insanlar bunu unudur.

 

Fikrimcə, məzmunla bağlı ümumi sual salınsa, daha yaxşı olar. Dəyişikliklərdən biri tarix kitabının məzmunu ilə bağlıdır. Hesab edirəm ki, tarix dərslikləri də bir neçə ildən bir dəyişdirilir. Bu amil çərçivə sənədində öz əksini tapıb. 3 il bundan əvvəl MİQ-də iştirak edən şəxs bu il yenidən prosesə qoşulmalıdır. Düşünürəm ki, bu dəyişiklik doğru deyil. Prosesi sadələşdirmək lazımdır. Geniş ədəbiyyatlarla, testlərlə uğurlu müəllim seçə bilmərik. Ümumi bilik ve bacarıqları yoxlayan testlərin olması daha yaxşı olardı. Bununla daha effektiv nəticə almaq olar”.

 

Aytac Əsədova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi