Modern.az

Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı azalıb - RƏSMİ GÖSTƏRİCİ

Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı azalıb - RƏSMİ GÖSTƏRİCİ

Ölkə

6 İyun 2013, 10:45

Milli Məclisin 24 may tarixli iclasında çıxış edən deputat Elman Məmmədov Azərbaycanda Qarabağ müharibəsi veteranlarına çox cüzi müavinət verildiyini bildirərək, parlamenti məsələni diqqətə almağa çağırdı. Deputatın çağırışı cəmiyyətin əksər üzvləri tərəfindən də dəstəklənib.

Qeyd edək ki, Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı, onların gəzdirdiyi “veteran vəsiqəsi” ilə bağlı məsələ tez-tez mübahisə mövzusuna çevrilir.

Bəzi deputatlar və məmurlar hesab edirlər ki, vaxtilə bir neçə günlüyə cəbhə bölgəsində ezamiyyətdə olmuş şəxslərin “veteran vəsiqəsi”nə malik olmaları və müavinət almaları düzgün deyil. Bunun  əksini düşünənlər isə qeyd edirlər ki, döyüşlərin getdiyi müddətdə kimin cəbhə bölgəsində neçə gün xidmət etməsindən asılı olmayaraq həmin şəxslərin hamısı Qarabağ müharibəsi iştirakçısı sayılmalıdır.

Qeyd edək ki, “veteran vəsiqəsi”ni müharibə iştirakçılarına vaxtilə Müdafiə Nazirliyinin tabeliyində olmuş hərbi komissarlıqlar verirdi. O zaman dolayı yolla veteran vəsiqələrinin verilməsi halları da istisna olunmur.

Hazırda Azərbaycanda Qarabağ müharibəsi veteranı kimi neçə nəfərə müavinət verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda veteranlara verilən müavinət 33 manat təşkil edir.
Nazirliyin rəsmi məlumatına görə, hazırda ölkədə müavinət alan Qarabağ müharibəsi veteranlarının rəsmi sayı 49892 nəfərdir.
Bundan başqa, daha 3574 nəfər başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşaviri olaraq ayda 33 manat müavinət alır.

Modern.az saytının bu araşdırması zamanı bir məsələ diqqətimiz çəkdi. Məlum oldu ki, ötən illə müqayisədə Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı azalıb. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı rəqəmlərdən belə görünür. Belə ki, hələ 2012-ci ilin elə bu vaxtında nazirlikdən Modern.az-ın sorğusuna verilən cavabda ölkədəki Qarabağ müharibəsi veteranlarının sayının 50978 nəfər olduğu bildirilmişdi.
Aradan keçən bil il müddətdə Qarabağ veteranlarının sayı azalaraq, 49892 nəfərə düşüb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi