Modern.az

“Qatı mühafizəkar Arınc üzr istəyirsə, bu AKP-nin səhvinin etirafıdır” - ŞƏRH

“Qatı mühafizəkar Arınc üzr istəyirsə, bu AKP-nin səhvinin etirafıdır” - ŞƏRH

6 İyun 2013, 12:09


Son günlər Türkiyədə yaşanan olaylar bölgənin və dünyanın əsas siyasi gündəminə çevrilib. Gəzi parkının sökülməsinə etiraz əlaməti olaraq başlayan aksiyanın miqyası genişlənərək Türkiyəni cənginə aldı. Türkiyədə baş verən proseslərdə Suriya və İran izi də axtarılır. Təsadüfi deyil ki, saxlanılanlar arasında İran vətəndaşlarının olduğu da qeyd olunur. Türkiyə hökumətinə qarşı istefa tələbləri irəli sürən aksiyaçılar baş nazir Ərdoğanı hədəfə alaraq onun yürütdüyü siyasəti ciddi şəkildə tənqid edirlər. Maraqlı cəhət ondan ibarətdir ki, Türkiyənin belə bir zamanında Ərdoğan Afrika turnesinə çıxıb. Onun səfərdə olduğu vaxt isə baş nazir müavini Bülənt Arıncın Türkiyə prezidenti Abdulla Güllə görüşdən sonra xalqdan üzr istəməsi siyasi müstəvidə yeni bir gündəm yaratdı. Ancaq bu siyasi jest də hakimiyyətdən narazı kütləni sakitləşdirmədi. Bütün bunlar Türkiyədə hakim partiya AKP-nin seçkilərdə nüfuzuna xələl gətirəcəkmi?

  Bu barədə Modern.az-ın sullarını cavablandıran politoloq Ərəstun Oruclu proseslərin AKP-nin nüfuzuna mənfi mənada təsir edəcəyini istisna etmir. Onun fikrincə, Türkiyə cəmiyyətində AKP-nin mövqeyi kifayət qədər laxladı. Seçkidə qalib gəlmək məsələsinə isə fərqli yanaşan siyasi təhlilçi məsələni digər prizmadan şərh etdi:

“Vaxtından əvvəl seçki keçirilsə, hansı partiyanın qalib gəlməsi sual doğurur. Çünki AKP-nin alternativləri də yetərincə güclü deyil. Düşünürəm ki, AKP-nin seçkiləri udmaq şansı əlindən alınmayıb”-deyən Ərəstun Oruclu əlavə edib ki, istənilən halda AKP-nin mövqeyi zəifləyib.   Türkiyənin baş nazir müavini Bülənt Arınçın xalqdan üzr istəməsini isə politoloq daxili anlaşmanın nəticəsi kimi dəyərləndirib.

“AKP üçün Rəcəb Tayyib Ərdoğan parlaq fiqurdur. Ona görə də birbaşa baş nazirin üzr istəməsi AKP daxilində müəyyən fikir ayrılığına səbəb ola bilərdi. Bu baxımdan ola bilər ki, öz aralarında anlaşıblar ki, Bülənt Arınc bu hərəkəti etsin. Eyni zamanda o da məlumdur ki, Bülənt Arınc AKP daxilində ən mühafizəkar qanadın rəhbəri sayılır. Bu mənada ən mühafizəkar qanadın nümayəndəsi üzr istəyirsə, deməli AKP bir növ etiraf etmiş olur ki, ciddi səhvlərə yol verib”-deyə o, qeyd edib.

Aqşin KƏRİMOV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama