Son zamanlar Dağlıq Qarabağdakı separatçı rejimə xarici dövlət nümayəndələrinin səfərləri intensivləşib. Bir müddət öncə Avropa Parlamentinin bir qrup deputatı, bunun ardınca Fransa parlamentinin nümayəndələri, bundan sonra isə Çex deputatların səfəri heç də xoş məqamlardan xəbər vermir. Faktiki olaraq işğal olunmuş torpaqlarımıza səfər Azərbaycan dövlətinin razılığı ilə həyata keçirilməlidir. Ancaq reallıq bunun əksini deyir. Məşhur ispan müğənnisi Monserat Kobalyenin də separatçı rejimin prezidenti Bako Saakayanla görüşməsi artıq Azərbaycana hörmətsizlik kimi qəbul edilə bilər. O artıq işğal olunmuş torpaqlara BMT nümayəndəsi” kimigəldiyini bəyan edib.
Bəs son zamanlar səfərlərin aktivləşməsi hansı mətləblərdən xəbər verir? Modern.az-ın bu və digər suallarını politoloq Vəfa Quluzadə cavablandırıb.
Siyasi təhlilçi bildirib ki, bu cür səfərlər adətən dövlət mövqeyini ifadə etmir. “1990-cı illərdə Rusiyadan da tanınmamış respublikaya gedənlər olub. Bu siyahıda parlament nümayəndələrini və müğənniləri də görmək olardı”-deyən Vəfa Quluzadə əlavə edib ki, bu səfərlər əslində düşmən ölkəyə heç bir müsbət nəticə vermir. Bu cür səfərləri erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirən siyasi ekspert qeyd edib ki, bu sadəcə bir PR-dır. “Amma ortalıqda heç nə yoxdur. Onların elə bir hüququ da yoxdur ki özlərini tanıtsınlar”-deyə vurğulayıb.
Vəfa Quluzadənin fikrincə səfərləri həmin nümayəndələrin təmsil olunduğu dövlətlər təşkil etmir. “Erməni lobbisi kimlərinsə cibinə bir az pul qoyur və deyir ki, get Dağlıq Qarabağa, orda da yemək-içməyini təşkil edir. Dövlətlər hər hansı parlament üzvünün ora getməsinə cavabdeh deyil”.
Aqşin KƏRİMOV