Rusiyanın Aşağı Taqil şəhərində azərbaycanlı gənc 2 dostu ilə birlikdə həbs edilib. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onlar adam oğurluğunda təqsirləndirilirlər. Polisin verdiyi məlumata görə, şəhərin yaşayış binalarından birinin qarşısında 3 naməlum şəxs 17 yaşlı qızı zorla maşına oturdaraq ərazini tərk ediblər.
Həyata keçirilən əməliyyat nəticəsində maşın saxlanılaraq oğurlanan qız azad edilib. Şübhəli 24 yaşlı azərbaycanlı iki yoldaşı ilə birlikdə həbs edilib. Hadisənin motivi isə sevgidir. Belə ki, həmən qıza vurulan azərbaycanlı rədd cavabı almasına baxmayaraq, onunla nəyin bahasına olursa-olsun evlənmək qərarına gəlib. Məqsədini həyata keçirmək üçün onu oğurlamaq qərarına gəlib. Bu işə 23 və 19 yaşlı iki dostunu da cəlb edib. Rusiya cinayət məcəlləsinin “qabaqcadan əlbir olaraq, yetkinlik yaşına çatmayan şəxsin oğurlanması” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə həbs edilənlərə 12 ilədək həbs cəzası verilə bilər.
Vüqar İsmayılov