Dünyaca məşhur opera müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Bakı ofisindən rəsmi açıqlama verilib.
Azərbaycanın işğal altındakı ərazisinə –Dağlıq Qarabağa gələn ispan müğənnisi səfəri zamanı gözlənilməz açıqlamasında Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi kimi təmsil olunduğunu bildirib.
BMT-nin Azərbaycan nümayəndəliyinin İctimai informasiya şöbəsinin rəhbəri Vəfa Səfərli Modern.az-a bildirib ki, Monserrat Kabalye Azərbaycanın işğal altındakı ərazilərinə BMT-nin nümayəndəsi kimi gedə bilməz. Onun sözlərinə görə, məşhur müğənni 1974-cü ildən YUNESKO-nun xoşməramlı səfiridir.
”Ola bilər ki, müğənni açıqlamasında YUNESKO-nu təmsil etdiyini deyib. Onun səfəri ilə əlaqədar BMT-yə belə bir məlumat daxil olmayıb. Ümumiyyətlə, Kabalye BMT-nin təmsilçisi kimi işğal olunmuş ərazilərə səfər edə bilməz. Sadəcə media nümayəndələri onu BMT-nin nümayəndəsi kimi təqdim ediblər. Yəni erməni mətbuatı yazıbsa, aydın məsələdir”, – deyə Vəfa Səfərli bildirib.
Gültəkin ƏLƏSGƏR