QHT Əməkdaşlıq Alyansı “2013-cü il Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” ilə bağlı açıqlama verib. Açıqlamada bir sıra təkliflər irəli sürülüb. Modern.az-ın məlumatına görə, QHT Alyansının açıqlamasında bildirilir ki, Azərbaycandakı ictimai-siyasi vəziyyət, bu il keçiriləcək prezident seçkiləri təkcə strateji müttəfiqimiz olan dövlətlər üçün deyil, həm beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Açıqlamada daha sonra bildirilir:
”Eyni zamanda Azərbaycan dövlətinin bir sıra beynəlxalq qurumlar və təşkilatlar qarşısında öhdəliklərin yerinə yetirilməsi haqqında qoşulduğu müqavilələr vardır. Bu öhdəliklər sırasına insan hüquqlarının qorunması, seçki mühiti və digər bu kimi ciddi öhdəliklər daxildir. Öhdəliklərin yerinə yetirilməsi həm beynəlxalq təşkilat və qurumlar, həm də müxtəlif vətəndaş cəmiyyəti institutları tərəfindən izlənilir və qiymətləndirilir. Hər iki tərəf bununla bağlı hesabatlar hazırlayır və açıqlamalar yayır. Amma yayılan hesabatlar və açıqlamalar ölkə ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Ayrı-ayrı tərəflər hazırlanan hesabatların qərəzli olması və ya reallığı əks etdirdiyini iddia edir.
Reallıqıdır və faktdır ki, Azərbaycanla bağlı beynəlxalq təşkilatların yayılan hesabatları həmin qurumların tərəfdaşı olan yerli təşkilatlara istinad edilərək hazırlanır və həmin tərəfdaşların mövqeyinə əsasən formalaşır. Bu da hazırlanan hesabatların tərəfsizliyi baxımından ictimiyyətdə şübhə obyektinə çevrilir. Hesab edirik ki, real situasiyanı əks etdirən hesabatların hazırlanması üçün ilkin informasiya mənbələrinin əhatə dairəsi genişləndirilməlidir. Yalnız bu yolla Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı həqiqəti əks etdirən hesabatlar hazırlanması və ictimiyyətin bu hesabatı birmənalı qəbul etməsi mümkündür.
Belə təzadlı məqamlar seçkilərlə bağlı daha çox ortaya çıxır. Beynəlxalq təşkilatlar və xarici müşahidə missiyaları əvvəlcədən müəyyən edilmiş hüquq-müdafiə, media və digər vətəndaş cəmiyyəti təşkilatlarının hesabat və sənədlərinə əsasən qiymətləndirmələr aparırlar. Bu da ölkədəki mövcud şəraitin obyektiv qiymətləndirilməsinə imkan vermir və nəticədə seçki mənzərəsi və ya seçki mühiti, rəqabət şəraiti reallığı əks etdirmir. Bu kimi hallar mövcud problemlərin həllinə yardım etmək əvəzinə, qarşılıqlı ittihamlara rəvac verir. Halbuki, real situasiyanın daha dəqiq analizi aparılarsa, informasiya mənbələrinin əhatə dairəsi genişlənərsə, müxtəlif mənbələrdən əldə edilmiş informasiyalar məcmusu düzgün təhlil edilərsə, daha obyektiv hesabatlar hazırlamaq mümkündür. Bunun nəticəsində də qarşılıqlı hörmət və dialoq mühiti yaranmasında çox böyük irəliləyiş əldə etmək mümkündür. Bu eyni zamanda mövcud problemlərin həllinə birbaşa yardım etmiş olacaqdır.
Ona görə də hesab edirik ki, 2013-cü il Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması ən mühüm şərtlərdən biridir. Beynəlxalq təşkilatlar Azərbaycanda proseslərin obyektiv qiymətlədirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müstəqil fəaliyyət göstərən, heç bir siyasi qurumu təmsil etməyən QHT-lərlə, QHT koalisiyaları ilə əlaqələrin qurulmasına maraq göstərməlidir. Öz növbəsndə yerli vətəndaş cəmiyyəti sektoru da bu istiqamətdə fəallıq etməli, ölkəmizin imici, demokratiyanın təbliği və möhkəmlənməsi üçün öz fəaliyyətini gücləndirməlidir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki:
- Beynəlxalq təşkilatlar, müşahidə missiyaları ölkədə fəaliyyət göstərən yerli vətəndaş cəmiyyəti institutlarına tam açıq olmalı və bütün təşkilatlardan eyni məsafədə dayanmalıdır;
- Beynəlxalq təşkilatlar, müşahidə missiyalarının bəzi qurumlar tərəfindən inhisara alınması ilə bağlı Azərbaycan ictimaiyyətində formalaşmış rəyin dəyişilməsi üçün bu qurumlar öz fəaliyyətlərində və əməkdaşlıq məsələlərində dəyişiklik etməlidirlər;
- Beynəlxalq təşkilatlar, missiyalar müxtəlif baxışları bölüşən yerli QHT-lərlə və QHT koalisiyaları ilə əməkdaşlığın genişləndirililməsində maraqlı olmalıdır;
- Beynəlxalq təşkilatlar, missiyalar, yerli QHT-lər və hakimiyyət arasında müxtəlif formatlı görüşlərin keçirilməsi intensivləşməlidir;
- Ölkədə olan ictimai-siyasi vəziyyətin qiymətləndirilməsi üçün tərəflər arasında dialoq mühitinin yaradılması ilə bağlı təşəbbüslər artırılmalıdır”.