Bakıdan Masallıya yola düşəndə ən çox istədiyim bir şey var idi - yaşı 100-ü ötmüş bir nəfər tapıb, ondan müsahibə almaq. Amma ondan da çox istədiyim bu müsahibimin kişi olması idi. Yarızarafat olsa da, deyim ki, indiki şəraitdə həyat yoldaşı azərbaycanlı olan kişinin bir əsrdən artıq yaşaması qəhrəmanlıqdır.
Xahişimizi rayon icra başçısının müavini Nəsir Muxtarlıya deyəndə, heç düşünmədən cavab verdi ki, Masallıda uzunömürlü bir məşhur nənə var. Beləcə Qasımlı kəndində yaşayan qəhrəmanımızı görməyə yollandıq. Bunun üçün Yeddioymaq icra nümayəndəsinin müavini İlqar Qafarov bizə bələdçilik etdi. Rayon mərkəzindən Qasımlıya xeyli yol olduğundan yolboyu yerli adət-ənənələri, maraqlı hesab olunacaq məqamları soruşduq. Öyrəndik ki, bu sovetlikdən iki mindən artıq kişi Rusiyanın müxtəlif şəhərlərində ticarətlə məşğul olur. Getdiyimiz Qasımlı kəndi isə deyilənə görə, gürcü kökənlidir. Erkən nikahlar isə Cənub zonasının əksər yerlərində olduğu kimi, burda da “dəbdir”:
”Mənim nənəm 1924-cü il təvəllüdlüdür, oğlu 1939-cu ildə doğulub. Təsəvvür edin ki, ana ilə balanın arasında 15 yaş fərq var. Beş-altı il əvvələ qədər bu kəndlərdə toyuq kəsməyə kişi tapılmırdı. İndi isə əksinədir. Ərazi nümayəndəliyində doğum şəhadətnamələrini mən yazıram. 12-13 oğlana bir qız düşür. Təxminən 10 ildən sonra rayonda qız qıtlığı yaranacaq. Burda 24-25 yaşlı qızları alan olmur. Bizim kənddə evdə qalmış 50-60 qız var”-deyə bələdçimiz İlqar Qafarov söylədi.
Qasımlıdakı evlərin 80 faizində internet var, rayonun varlı kəndlərindən sayılır. Məsələn, Masallının digər kəndlərində gəlin köçən qıza 4 dəst yorğan-döşək verirlərsə, Qasımlıda bunun beş qatını edirlər:
”Bu yaxınlarda bir boşanma hadisəsində məhkəmə icraçıları ilə getmişdim. Gəlinin 56 min manatlıq cehizi var idi. Yeddi dənə uzun “QAZel” maşını cehizi tutmadı. Hələ bundan da artıq cehiz verənlər var. Burda bir saata küçədə gəzsən, yolda bir qız-gəlin görməzsən. Çox nadir hallarda yaxın kəndlərə qız verirlər. Rayonda ən kriminal kəndlərən biri Şıxlardı. Hər toyda dava var. Burada bəzi ailələr toylarında polis gətirib oturdur ki, dava düşməsin. Hələ polis ola-ola qırğın düşür. Çox davakar camaatdır”.
...Nəhayət ki, qəhrəmanımın yaşadığı kəndə çatırıq. Qapıdan içəri giririk. Hə, deyəsən odur, həyətdə gəzişir. Yaxınlaşıb hal-0əhval tuturuq. Hiss olunur ki, ağır eşidir. Qəhrəmanım Ağabəyim nənənin nə az, nə çox - düz 107 yaşı var. El dili ilə desək, ikinci “kruqu” gedir. Çətinliklə də olsa, onunla söhbətləşə bilirik.
- Nənə, nə iş görürdünüz?
- Heç bir iş görmürəm. Gəzməyə gedirəm.
- Hara gedirsiniz? - Qonşuya, öz övladımın yanına.
- Özünüz tək gedə bilirsiniz?
- Hə. Birdən hiss edirəm ki, Ağabəyim nənə ayağını çəkir.
- Deyəsən ayağınız əzilib.
- Hə, sağıcılıqda əzilib. Çoxdan olub.
- Neçə övladınız var?
- Dörd. İndi 2-si sağdır. Qızımın evində qalıram. Oğlum da Rusiyadadır.
- Neçə yaşınızda ailə qurmusunuz?
- Ay bala, heç bilirəm ki, vallah yadımdan çıxıb.
- Yoldaşınız nə vaxt dünyasını dəyişib?
- Lap çoxdan. Bu arada qızı deyir ki, Ağabəyim nənə iki dəfə ailə qurub. İlk nikahı Böyük Vətən Müharibəsindən əvvələ təsadüf edir. Həmin nikahdan 3 övladı olub. İkinci dəfə isə 50-ci illərdə ailə qurub. Elə həmin bu xanım da nənənin ikinci həyat yoldaşındandır. İkinci həyat yoldaşı 1978-ci ildə vəfat edib.
- Valideynləriniz uzunömrlü olub?
- Anamı görməmişəm rəhmətə gedib. Atam ikinci dəfə ailə qurub. Ögey ana yanında böyümüşəm.
- Sağlamlığınızdan şikayətiniz var?
- Gəzirəm, dolanıram. Ayaqlarımdan şikayətim var. Bədənimdə də ağrılar olur.
- Neçə nəvəniz var?
- (nənə bu suala qızının köməkliyi ilə cavab verir. Deyəsən yaddaşı da korşalıb- İ.V-) On bir nəvəm var. Nəticələrim 15-dən çoxdur. Kötücələrim də var. Bir nəvəmin nəvəsi də var. Qızı deyir ki, Ağabəyim nənənin daha çox xoşladığı ağartı məhsulları və göyərti ilə hazırlanan yeməklərdir. İçdiyi çay isə adidir. Xəmir xörəklərini isə ümumiyyətlə yaxına buraxmır. Son 3 ilə qədər Ağabəyim nənə əməlli-başlı qıvraq imiş. Cavan nəvəsinin dünyasını dəyişməsindən sonra çox sınıxıb.
- Ay nənə, televizora baxırsınız?
- (Qəhərlənir-İ.V). Baxmıram. Xoşum gəlmir, qəlbim sınıqdır. Bir nəvəm ölüb. Ondan sonra heç nə istəmirəm. İşdə olanda arvadına zəng vurub deyirdi ki, “nənəmi apar evimizə”. Qurban kəsərdi, payımı gətirərdi. Məni nə arvadı, nə özü gözdən qoyardı. Adı Rasim idi. Ən çox onu istəyirdim. Bakıda işləyirdi. Heç 50 yaşı olmadı. İndi onun 1 oğlu 2 qızı qalıb.
- Musiqiyə qulaq asırsınız?
- Ehhh. Evdə baxırlar. Mən baxmıram.
-Namaz qılırsınız?
- Hə, mən namazsız qalmaram. Cavanlığımdan namaz qılıram.
- Oruc tuta bilirsiniz?
- Gözüm əməliyyat olunandan sonra molla ilə məsləhətləşdim. Dedi ki, “indiyə kimi tutmusan, indi tuta bilmirsənsə, eybi yoxdur”.
- Məşhəd sizə yaxındır, ora getmisiniz?
- Getməmişəm.
- Orta məktəb oxumusunuz?
- Məktəbə getmişəm. Amma indi oxuyub-yazmaq yadımdan çıxıb.
- Nə qədər təqaüd alırsınız?
- Yeznəm alır, mən bilmirəm. Özü götürür.
- İndiki pulları tanıyırsınız?
- Mənə pul verir ki, tanıyım da…
- Prezident seçkisində iştirak edəcəksiniz?
- Yox. Evə qutu göndərirlər.
- Yazıb-oxumaq bilmirsiniz. Namazı necə öyrənmisiniz?
- Atam molla idi. Deyirdi ki, “qızım, namaz qıl”. Özü öyrətmişdi.
- Bacınız-qardaşınız olub?
- Üç bacım, bir qardaşımm olub. Evin kiçiyi mən idim.
- Əsliniz hardandır?
- Masallıdan. Bazara yaxın idik. Yoldaşım öləndən sonra qonşular oğluma dedilər ki, “sən Rusiyaya ge, burda qalıb fikir çəkərsən”. Mən də qızımla yaşamalı oldum. Özləri dəvət elədilər. Oğlum ildə bir-iki dəfə gəlir. Gələndə mənə pay da gətirir, deyir “pulun yoxdursa, pul da verim”.
- Pulu neyləyirsiniz?
- Niyə ki, pul mənə də lazım olur…
Bu arada bələdçimiz İlqar müəllim deyir ki, Ağabəyim nənə rayonun folklor kitabına düşüb. Hazırda Yeddioymaq sovetliyinin ən yaşlı sakinidir. Təxminən bir neçə il əvvələ kimi isə burada 1878-ci il təvəllüdlü Səltənət nənə yaşayıb.
Qəhrəmanımız Ağabəyim nənə 90 yaşına qədər fermada sağıcı, tütünçülükdə fəhlə işləyib.
- Sağ olsun höküməti, işləyib pulumu almışam. Amma fermadan məni işdən çıxardılar. İşləmək istəyirdim.
- İndi prezidetimiz kimdir?
- O öldü ha, Allah rəhmət eləsin, onun oğludur. Allah o kişiyə rəhmət eləsin (salavat çevirir-İ.V). O vaxt deyirdilər ki, Heydər Əliyevi televizorda göstərirlər, tez gedirdim. O danışıb qurtarmayınca televizorun qarşısından durmurdum. Heydər Əliyev danışanda ürəyim açılırdı. Amma erməni köpəkoğlundan danışanda onda mən yava (əsəbi şəkildə danışır-İ.V) olurdum. Sağ olsun onun oğlu. Allah ona ömür versin, sizinlə mehriban olsun.
- Bu kəndlərdə erməni yaşayıb?
- Burda rus olub, erməni yox. Kalinovka kəndində.
- Masallıdan kənarda olmusuz?
- Bir dəfə Sumqayıtda olmuşam.
- Buranın adının mənası nə deməkdir?
- Bura Yeddioymaq kolxozudur. Amma rayonun adının dəqiq mənasını bilmirəm, yanımda deməyiblər axı.
- Kürəkəninizlə yola gedirsiniz?
- Yola getməyib nə edəcəm?!
Ağabəyim nənənin yeznəsinin adı Rəzzaxdır. İlk baxışdan mərhum aktyor Məlik Dadaşovu xatırladan Rəzzax kişi 9 May qələbə günündə Ağabəyim nənənin müharibə iştirakçısının ailəsi qismində ona veriləcək pulu ala bilməməsindən şikayətlənir:
”9 May-qələbə günündə veteranların ailə üzvlərinə 500 manat verirlər, amma bu arvada vermirlər. İndi sənət toplayıram. Bütün orqanlara müraciət eləmişəm. Leninqrada yazacam ki, ordan arxivi çıxarsınlar. Gedib qaynatamın qəbrinin (Ağabəyimm nənəin ikinci həyat yoldaşı Əzizov Firudin özündən 10 yaş kiçik olub – İ.V) şəklini də çəkmişəm”.
Ağabəyib nənə ilə söhbəti bitiririk. Nənənin arzusu hamıya xoşbəxtliyin nəsib olmasıdır.
İntiqam Valehoğlu
Fotolar Elçin Ağayevindir