Modern.az

Hüseyn Abdullayevə görə “cəzalanan” “Şeron”dan xəbər çıxdı

Hüseyn Abdullayevə görə “cəzalanan” “Şeron”dan xəbər çıxdı

7 İyun 2013, 16:53


Sabiq millət vəkili və bəstəkar Hüseyn Abdullayevin Azərbaycan xalqını mübarizəyə səsləyən “Susma” adlı klipini səsləndirən “Şeron” qrupu üzvlərinə xəbərdarlıq edildiyi söylənir. İddialara görə, Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun Modern.az-a verdiyi məlumatda bildirib ki, onlarda belə bir məlumat yoxdur.

“Şeron” qrupunun bədii rəhbəri Tərlan isə belə bir hadisənin olmadığını vurğulayıb: “Belə bir şey heç yuxuda da olmayıb. Əgər bizə ciddi tapşırıq verilibsə, mən bunu sizə danışaram. Siz jurnalistlər olmayan “məsələni”  şişirdirsiniz. Şayiəni haradan eşitmisinizsə, oradan da cavab axtarın. Belə söhbətlərin yayılması bizim özümüzü də narahat edir”.

  “Susma” mahnısının məhz “Şeron” qrupu üçün yazılması ilə bağlı sualımıza isə qrupun bədii rəhbəri belə cavab verib: “Hüseyn Abdullayevlə bağlı heç bir suala cavab vermək ixtiyarım yoxdur. Əgər buna cavab axtarırsınızsa onda Hüseyn Abdullayevə zəng vurun nə istəyirsiniz, soruşun. Mahnını, sözləri o yazıb, aranjemanı da o edib”.

“Bu mahnını siz özünüz oxumaq istədiniz, yoxsa bəstəni Hüseyn Abdullayev  oxumağınız üçün təklif etdi” sualımıza isə Tərlan bu barədə heç bir məlumat verməyəcəyini söylədi.      

Qeyd edək ki, sosial şəbəkələrdə “Şeron” qrupunun üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması ilə bağlı məlumatlar yayılıb. Xəbərə görə, onları “Bandotdel”də döyüblər. O da qeyd olunur ki, bir neçə saat “Bandotdel”də saxlanılan müğənnilər sabiq deputatla əlaqələri barədə sorğu-suala tutulublar. Onlara həmçinin, Hüseyn Abdullayevdən “uzaq olmaq” tapşırığının verildiyi vurğulanır. Hətta “Şeron“ qrupunun üzvlərinə “Bandotdel”ə aparılmalarını gizli saxlamaları barədə ciddi tapşırığın da verildiyi qeyd edilir.  

Gültəkin ƏLƏSGƏR        
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama