Bu gün hakim Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilib. YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Bundan başqa, qurultayda YAP-da təşkilati məsələlər baxılıb, struktur dəyişikliyi edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov YAP-ın yeni sədr müavinləri seçiliblər. Onlar eyni zamanda YAP İdarə Heyətinə düşüblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin edilən keçmiş təhsil naziri Misir Mərdanov, “91-lər”dən olan Şahlar Əsgərov və Qaradağ rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaqub Əliyev YAP İdarə Heyətindən çıxarılıb.
Bundan başqa, YAP icra katibinin müavinlərinin sayı 3-dən 2-yə endirilib, Siyavuş Novruzov və Mübariz Qurbanlı müavin postlarını qorusalar da, Bahar Muradova kənarda qalıb.
Bu dəyişikliklərdən müxalifət partiyaları hər hansı bir yenilik gözləyirmi?
Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, Mehriban Əliyevanın YAP sədrinin birinci müavini seçilməsi hakim partiyanın siyasətində müəyyən dəyişiklik yarada bilər.
“Bu onu göstərir ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi hələ son söz deyil. Bununla yanaşı, AMEA prezidenti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin YAP sədrinin müavini seçilməsi ziyalılar, qaçqınlarla əlaqələri gücləndirmək istiqamətinə yönələn bir addımdır. Yenə deyirəm, əsas məsələ Mehriban Əliyevanın birinci müavin olmasıdır. Bu, mahiyyət etibarilə bir daha İlham Əliyevin prezident seçkilərində iştirakı haqqında qəti bir fikir olmadığının göstəricisidir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətçi həmkarının fikirləşdiklərinin tam əksini söyləyib.
“Hər hansı bir dəyişiklik olacağı gözlənilmir. Çünki onsuz da YAP avtoritar üsullarla idarə olunurdu. YAP demokratik ənənənə və dəyərlərdən uzaq bir təşkilatdır”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa YAP qurultayında edilən struktur dəyişikliklərini bu partiyanın öz daxili işi adlandırıb.
“Bu baxımdan dəyişikliklər bizi ciddi şəkildə maraqlandırmır. Çünki YAP iqtidar partiyasıdır və özləri istədiyi şəkildə strukturunda yenilik edə, daha çevik idarəetmə forması yarada bilər. Ona görə də bizim YAP-ın fəaliyyətini şərh etməyimiz doğru deyil. Səs çoxluğu ilə qurultay nümayəndələri strukturda islahatları münasib biliblərsə, bu, onların qərarıdır, hörmətlə yanaşmaq lazımdır. Bütövlükdə hesab edirəm ki, YAP-ın siyasi həyatda iştirakı daha çox demokratik əsaslar və plüralizm şəraitində olmalıdır. YAP Azərbaycanda demokratik islahatların avanqardı rolunu oynamalıdır. Çünki hakim partiyanın bu istiqamətdə fəaliyyət göstərməyinə imkan və potensialı çoxdur. Ümid edirəm ki, bu qurultay demokratik islahatların keçirilməsi baxımından YAP-ın uğurunun artmasına gətirib çıxaracaq”.
ADP sədri Sərdar Cəlaloğlunun cavabı belə olub: “YAP klassik partiya deyil ki, orda baş verən hadisələr hansısa siyasi nəticəyə təsir edə bilsin. Misir Mərdanovun çıxarılması da YAP-ın öz daxili işidir. Hansı meyarlara görə kadr dəyişikliyi etməyi özləri bilərlər. Mehriban Əliyevanın müavin seçilməsi çox güman ki, regional faktor üzrə formalaşmanın dağıdılmasıya yönəlib. Ona görə də düşünürəm ki, Misir Mərdanov YAP rəhbərliyindən çıxarıldı”.
Aqşin KƏRİMOV