Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Modern.az-ın məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb.
Alman baş məşqçi Berti Foqtsun çalışdırdığı komandamız doğma meydanda cırtdan ölkə olan Lüksemburq yığmasını qəbul edib. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunsa da, qalib gələ bilməyib - 1:1.
Azərbaycan - Lüksemburq matçının sonlarına yaxın əsəbləri tarıma çəkilən azarkeşlər yenidən millimizin baş məşqçisi Berti Foqtsun ünvanına "İstefa!, İstefa!" şüarları səsləndiriblər.
Lüksemburq millisinin matçın 80-ci dəqiqəsində hesabı bərabərləşdirməsindən sonra azarkeşlərimizin əsəbləri dözməyib və "İstefa!, İstefa!" deyə qışqırıblar.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.