Evsiz jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilən yaşayış binası istifadəyə demək olar hazırdır. Uzun müddətdir jurnalistlərin gözlədiyi mənzillərin təqdimatına bir aya yaxın vaxt qalıb. İndi redaksiyaların, eləcədə bütün mətbuatın diqqəti mənzillərin bölüşdürülməsində ədalət prinsipinin maksimum dərəcədə gözlənilib-gözlənilməyəcəyindədir. Çünki Mətbuat Şurası hansı jurnalistlərə mənzil veriləcəyi ilə bağlı meyarları açıqlayandan dərhal sonra redaksiyalarda müzakirələr başlayıb. Ömrünü yarısını mətbuatda, yarısını da başqalarının evində kirayələrdə keçirən jurnalistlərlə bərabər, mənzili olan və ya mənzil şəraiti normal olanlar da prezidentin bu sərəncamından yararlanmağa çalışırlar. Halbuki, illərdir mətbuatda qələmi ilə külüng vuran elə jurnalistlər var ki, bütün media onun mənzil vəziyyətinin nə qədər acınacaqlı olmasından danışır. Sözün qısası, indi mənzillərin kimlərə qismət olacağı da elə biz jurnalistlərin üzərinə düşür. Həmişə ədalət tərəfdarları olan qələm əhli bu dəfə bu balansı elə gözləməlidir ki, həqiqətən mənzil problemi olan jurnalistlər prezidentin sərəncamından yararlana bilsinlər. Əks halda demək olar ki, cəmiyyətin bütün problemlərini yazmaqla çözən bizlərin nə bir sözünə, nə də bir sətrinə belə, inam qalacaq.
Odur ki, başlayaq dövlət tərəfindən jurnalistlərə mənzil verilməsi təşəbbüsü ilə çıxış edən və mənzil problemi yaşayan parlament jurnalistlərindən.
“Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan 14 ildir mətbuatda fəaliyyət göstərir. Tələbəlik illərində yataqxanada yaşayan həmkarmız, sonradan kirayə mənzillərə sığınmalı olub. “İki ali təhsilim var. Hazırda doktoranturada oxuyuram. 33 yaşımda ailə qurmuşam. Belə gec evlənməyimə səbəb evimin olmaması və az əməkhaqqı almağım idi. Fikirləşirdim ki, az maaşla ailə saxlamaq, kirayədə yaşamaq mənə çətin olacaq. Birinci ali təhsilimi başa vurandan sonra atam vəfat etdi. Yəni arxamda nə atam, nə də imkanlı qardaşım var idi ki, mənə maddi dəstək versinlər. 2003-cü ildə Parlament Jurnalistləri Birliyi “Jurnalist” Mənzil Tikinti Kooperativi yaradaraq Bakı Şəhər İcra Hakimiyyətindən dövlət qiymətinə olsa belə, torpaq alıb bina tikməyə qərar verəndən sonra ümidləndim ki, jurnalistlərə bina tikilər və mən də oradan çox ucuz qiymətə mənzil alıb, ailə quraram. 2005-ci ildə də PJB olaraq dəfələrlə müvafiq dövlət orqanlarına bizə torpaq ayrılması üçün müraciət etdik. Bundan sonra prezident İlham Əliyevə bir müraciət hazırladıq və Mətbuat Şurasının sədri Əflatun Amaşov başda olmaqla bir neçə jurnalist təşkilatının rəhbəri, media kapitanları, keçmişdə jurnalistika fəaliyyəti ilə məşğul olmuş millət vəkilləri həmin müraciətə imza atdılar ki, cənab prezident jurnalistlərə torpaq sahəsinin ayrılmasına köməklik göstərsin. Yəni bizim təşkilat jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinin ilk təşəbbüskarı olub. Dəfələrlə bu məsələni mətbuatın gündəminə gətirmişik. PJB rəhbərliyi olaraq dəfələrlə bəzi deputatlardan xahiş etmişik ki, jurnalistlərin ev məsələsini parlament tribunasından qaldırsınlar və onlar da bizə dəstək olublar. Qeyd edim ki, bu məsələdə hər zaman Mətbuat Şurasının sədri Əflatun Amaşov da bizə dəstək olub. Nəhayət 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşərkən Əflatun müəllim jurnalistlərin mənzil durumunun yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etdi və elə həmin gün prezident bir daha alicənablığını nümayiş etdirərək jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam imzaladı. Etiraf edim ki, mən elə prezidentin həmin sərəncamdan ümidlənərək ailə qurmağa qərar verdim. Fikirləşdim ki, bina tikilib qurtarana qədər ailəmlə birtəhər kirayədə qalaram, sonra dövlətimiz jurnalistikda xidmətimi və ehtiyacımı nəzərə alaraq mənə də mənzil verər. Hazırda ailəmlə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində kirayədə qalıram. Ayda 200 manat kirayə haqqı, üstəgəl fəsillərdən asılı olaraq 20-50 manat arasında kommunal xərcləri ödəyirəm. Maaşımın tən yarısı kirayəyə gedir. Dolanışığım çox çətindir. Həyat yoldaşım ali tibb təhsili olmasına baxmayaraq işsizdir.
Yeri gəlmişkən, bu gün ata da olmuşam, oğlum doğulub. İstərdim bu sevincimi yeni mənzildə qeyd edə bilim.
Mənim dövlət tərəfindən jurnalistlərə tikilən binadan mənzil almağa çox böyük ehtiyacım var. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, mənzillər qələmi azad jurnalistikaya, dövlətinə, xalqına xidmət edən və daha çox ehtiyacı olan jurnalistlərə veriləcək. Mən də həmişə dövlətçilik mövqeyində dayanan bir vətəndaş və jurnalistəm, həmişə jurnalistikanın prinsiplərinə hörmət etmişəm”.
Aqil Aslan hesab edir ki, evi, torpağı olan jurnalistlərin dövlətdən ev istəməsi doğru deyil və ev üçün müraciət edən jurnalistlərin doğrudan da evə ehtiyacı olub-olmamağı müvafiq komissiya tərəfindən araşdırılmalıdır:
“Çünki Əflatun müəllim müsahibələrinin birində deyir ki, evi olan və ya başqasının adına evi olanlar da onlara müraciət edib. Şəxsən mənim nə Bakıda, nə Bakı ətrafı kənd-qəsəbələrdə, nə də Bakıya bitişik olan Sumqayıtda evim, torpağım, mağazam var. Nə də ailə üzvlərimin, yaxın qohumlarımın adına evim, torpağım olub. Ona görə də, şuraya edilən müraciətlər Prezident Administrasiyasında diqqətlə araşdırılıb, obyektiv qərar verilməlidir. Çünki, bu, dövlət başçısının sərəncamdır. Yenə də Əflatun müəllimdən sitat gətirərək demək istəyirəm ki, Azərbaycan kiçik ölkədir, jurnalistikada hamı bir-birini tanıyır və bilirik ki, kim harada, kimin evində yaşayır, hansı imkanları var. Ona görə də prezidentin bu sərəncamını urvatsız etmək olmaz. Bütün müraciətlər araşdırılmalı, mənzillər doğrudan da jurnalistikanın prinsiplərinə hörmət edən, dövlətçilik mövqeyində olan evsiz jurnalistlərə verilməlidir”.
“Türküstan” qəzeti artıq öz namizədini də müəyyənləşdirib. Mətbuat Şurası nümayəndəsinin iştirakı ilə redaksiyada toplantı keçirilib və “Türküstan” qəzetindən baş redaktor-parlament müxbiri Aqil Camalın namizədliyi verilib: “Artıq iclasın protokolundan çıxarış Mətbuat Şurasına təqdim olunub, digər sənədləri isə tezliklə təqdim edəcəyəm. Redaksiyamızda 14 illik jurnalist stajına malik və evi olmayan əməkdaş təkcə mən olduğumdan, kollektiv mənim üzərimdə dayandı. Təbii ki, mənzilim yoxdur və məni tanıyan həmkarlarım da mənzillə bağlı durumumu yaxşı bilirlər. Eyni zamanda, həyat yoldaşım da 14 ildir mətbuatda çalışır. Bu baxımdan, evlə bağlı müraciətimizin jurnalist ailəsinin müraciəti kimi nəzərdən keçiriləcəyini düşünürəm”.
Uzun illərdir kirayədə yaşasa da, dövlətdən heç bir umacağı olmayan APA-nın parlament müxbiri Mübariz Aslanov mənzil üçün müraciət etməyəcəyini deyir: “Heç fikrim də yoxdur mənzil üçün müraciət edim. Hətta Mətbuat Şurasının qaydalarına görə, stajım da çatmır. Ümumiyyətlə, o qaydalardan görünür ki, mənzillər veteran jurnalistlərə aiddir. Odur ki, bu səhnəni görəndə cavan jurnalistlərə ev verilməsi məsələsində ümidsizəm”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev isə həmkarlarından fərqli olaraq kirayələrdə sürünməkdənsə, risk altına girərək kreditə mənzil götürüb. Ona görə də, mənzil üçün harasa müraciət etməyə heç bir əsas görməyən həmkarım deyir ki, 2 il qabaq başa düşüb ki, dövlətin verəcəyi evlərə arxayın olmaq olmaz. Odur ki, bu yük altına girib özünə ev alıb.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu da dörd divar arasında deyil, mənzil probleminin məngənəsində sıxılanlardandır. 2003-2005-ci illərdən jurnalistlərə ev tikintisi üçün torpaq ayrılmasının təşəbbüskarlarından olduğunu deyən Kamil Həmzəoğlu vaxtilə onu qınayanların indi özlərini mənzil növbəsində qabağa salmalarından gileyləndi:
“Məsələnin ideya müəlliflərindən və təşəbbüskarlarından biri də mənəm-digər PJB üzvləri kimi. Bu məsələni qaldıranda başqalarını demirəm, elə öz həmkarlarımız, iş yoldaşlarımız hansı ki, indi onlar özlərini qabağa veriblər və mənzil uğrunda ölüm-dirim mücadiləsi edirlər bizi qınayırdılar. Halbuki, bu məsələyə görə, bəzən həmkarlarım tərəfindən tənqid olunan, az qala aşağılananlardan biri mən olmuşam. İstehza edirdilər, kinayə ilə danışırdılar ki, nə düşmüsünüz ortalığa, heç nə alınan deyil. Nə isə. Məcbur olub Bakının ən bərbad və geri qalmış qəsəbələrindən birində torpaq sahəsi aldım. Valideynlərimin köməyi ilə bacımgillə birgə ev tikdirdim. 7 il ərzində yaşadığım evin nə suyu, nə qazı, nə kanalizasiya sistemi, nə düz əməlli yol-izi var. Qar yağanda və ya azacıq olsun belə, yer sürüşkən olanda günlərlə şəhərə çıxmaq olmur. Ən azı “525-ci qəzet”dəkilər və xüsusilə, “Gün.az”-çılar buna şahiddirlər. Bacımgillə şərik evimizin heç bir sənədi yoxdur, sadəcə, bələdiyyənin verdiyi sənəd var. Hazırda xəstə anam, iki övladım, həyat yoldaşım və 3 nəfər də bacımgil olmaqla həmin sənədsiz evdə yaşayırıq. Ona görə də həmin mənzillərdən yararlanmaq mənim də hüququmdur. Əslində buna daha çox haqqım çatır”.
Modern.az-ın baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı evsiz jurnalistlərin mənzillə təmin olunması məsələsi ilə bağlı ilk müraciət edənlərdəndir: “Evsiz jurnalistlərin mənzillə təmin olunması məsələsini ilk dəfə biz qaldırmışıq. Bu məsələnin dəstəklənməsi alqışa layiqdir. Hesab edirəm ki, bu məsələdən də ən çox parlament jurnalistləri yararlanacaqlar. O, ki qaldı mənzil məsələsinə biz on il öncə kooperativ yaratmışıq. Kooperativin 60 üzvü var idi. İndi onun 40-a yaxını ev alıbsa, bu da inkişafın nəticəsidir. Hesab edirəm ki, bu məsələnin gündəmə gətirilməsi və gündəmdə olmasında Parlament Jurnalistləri Birliyinin sədri kimi mənim də xidmətim olub. Hər halda mən də bu mənzilə iddialıyam və onların sırasında olmaq istəyərəm”.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu 90-cı illərin ortalarından KİV-də çalışsa da, elə ömrünün bir o qədərini də kirayələrdə keçirib: “Uzun illərdir kirayədə yaşayıram. Bu isə mənim üçün işimdə ciddi sosial problemlər yaradır. İpoteka ilə ev götürmək cəhdlərim isə faydasız oldu. Bankın tələblərinə uyğun yüksək əmək haqqı almıram. Bankdan kredit almaq üçün də şərait yoxdur. Bank KİV-də çalışanlara kredit verməkdən imtina edir. Hazırda prezident İlham Əliyevin sərəncamı məndə mənzil sahibi ola biləcəyimə ümid yaradıb. Ev almaq üçün başqa digər bir yol tanımıram”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev jurnalist ədalətini və humanistliyini göstərərək tikilən evin uzun müddətdir kirayədə, yataqxanada yaşayan həmkarlarına - Xaqani Səfəroğluna, Alim Hüseynliyə, İmdad Əlizadəyə və başqalarına qismət olmasını istəyir: “Hazırda mənim şəxsi mülkiyyətimdə olan ev yoxdur. Amma kirayədə də yaşamıram. Mənzil şəraitimin yaxşılaşdırılmasına ehtiyacım var. Mətbuat Şurasının elan etdiyi bütün meyarlar da mənim ev almağıma heç bir problem yaratmır. Buna baxmayaraq, hazırda müzakirə mövzusu olan evlərə iddialı deyiləm. Qoy bu evlər uzun müddətdir kirayədə, yataqxanada yaşayan həmkarlarımıza – Xaqani Səfəroğluna, Alim Hüseynliyə, İmdad Əlizadəyə və başqalarına qismət olsun”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı da mənzilsizlik sarıdan əziyyət çəkdiyini deyir. Evinin olmadığını söyləyən Elməddin Muradlı kirayə qalmaqdan da yaman qorxur: “Evim yoxdur. Evim var, amma adıma deyil deyən jurnalistlərdən deyiləm. Bəzi həmkarlarımız elə fəxrlə deyir ki, “evim var. Nə olsun var, öz adıma deyil ki...”. Belələrinə söz tapmıram deməyə. Onsuz da Bakının 70 faizinin qeydiyyatı yoxdur. Hamının evi var, amma qeydiyyatı yoxdur. Vicdan yaxşı şeydir. Mən nənəmin evində yaşayıram. Bir otaqlı evdir, bir tərəfində neft çənləri, bir tərəfində də həmin çənlərə neft vuran motorlar var. Bundan əlavə, sürüşmə zonasındadır. 2003-cü ildə də nənəmə kompensasiya verilib. Amma atamgilin evinə bitişik olduğundan 1994-cu ildə torpaqdan tikildiyindən sökmədik ki, atamgilin də evi uçacaq. O vaxt Səbayel rayon İcra Hakimiyyətindən icazə almadım ki, atamgil köçəndə nənəmin də evini sökərlər. Razılıq verildi. Amma 2003-cü ilin dekabrından sonra köçürmə dayandı. Ev hələ də Bayıldakı sürüşmə zonasında qalıb. Hələ ki, dəyib-dolaşmırlar. Mən ailə həyatı quranda nənəm evini mənə verdi. Amma JEK-dən gəlib mənim və atamın dilindən iltizam aldılar ki, bu evə görə kompensasiya alınıb. Dövlət istədiyi vaxt onu söksə, biz heç nə tələb edə bilmərik. Mən də məcbur olub yazdım ki, əl çəksinlər. Kirayədə qalmaqdan isə yaman qorxuram. Deyirəm ki, birdən adamın imkanı olmaz, kirayəpulunu verə bilməz. Ev sahibi gəlib adamı çölə tökər”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə də dörd divara həsrət qalanlardandır. Laçın rayonundan məcburi köçkün olduğundan 20 ildir ki, Bakı şəhəri Xətai rayonu ərazisində olan 242 saylı uşaq bağçasında məskunlaşıb: “8 nəfərdən ibarət ailəmlə orada yaşayırıq. Müraciət etməyi düşünürdüm. Amma mənim işlədiyim media qurumu saytdır. Mətbuat Şurasının açıqladığı meyarlara görə “Mediaforum” saytı 1 namizəd irəli sürə bilərdi. Bizim saytın başqa əməkdaşı namizəd oldu. Ona görə də mənim müraciət etmək imkanım yoxdur”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı isə həmkarlarından fərqli olaraq mənzil almağa cəhd etsə də, fırıldaqçılar mərdimazarlıq edib. 15 ildən çox jurnalist stajı olsa da, Mətbuat Şurasının qoyduğu meyarlara görə hazırda işlədiyi qəzetdə 3 ili tamam olmayıb: “Bir neçə il əvvəl PJB jurnalistlərin mənzillə təmin olunması təşəbbüsü ilə çıxış edəndə, təşəbbüsə qoşulanlar arasında mən də olmuşam. Çünki mənzil şəraitimizin yaxşılaşdırılmasına ehtiyacımız var və hələ də bu məsələdə heç bir müsbət dəyişiklik edə bilməmişik. Düzdür, oturub hökumətdən ev də gözləməmişik, neçə illər ərzində maaşımızdan qənaət edərək kreditlə ev almağa cəhd göstərdik. Lakin Xırdalanda fırıldaqçı tikinti şirkətinə tuş gəldiyimizdən nə evimiz oldu, nə də pullarımızı qaytara bildik”.
Fərəh Sabirqızı deyir ki, Mətbuat Şurası tərəfindən müəyyən olunan qaydalar onun ev üçün müraciət imkanlarını məhdudlaşdırıb:
“Həyat yoldaşım Məğrur Əliyev 20 ilə yaxındır media aləmindədir, tanınan qələm sahiblərindəndir. Üstəlik, ata-baba yurdu da işğal altındadır, adımızda da əmlakınız yoxdur. Lakin təəssüf ki, Mətbuat Şurası tərəfindən müəyyən olunan qaydalar bizim ev üçün müraciət imkanımızı məhdudlaşdırıb. Çünki indi işlədiyimiz qəzetlərdə 3 illik stajımız yoxdur. Fikrimcə, Mətbuat Şurası bu məqamları nəzərə almalı idi, mənə və mənim kimi mətbuat sahəsində uzun illər xidmət göstərən və mənzil şəraitinin yaxşılaşdırılmasına kəskin ehtiyacı olan digər layiqli jurnalistlərə mənzil təklif etməli idi. Axı başda Əflatun Amaşov olmaqla, Mətbuat Şurasındakılar kimin kim olduğunu, evi olub-olmadığını, kimin nəyə ehtiyacı olub-olmadığını hamıdan yaxşı bilirlər. Lakin mediada, sosial şəbəkələrdə gedən müzakirələrdən də görünür ki, yenə də bir neçə yerdə mənzili, kifayət qədər normal dolanışığı olanlar hamıdan qabağa düşəcək. Yəqin ki, mənzil alanların siyahısına baxan zaman təəssüflənməli olacağıq”.
“Olaylar ” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də 17 ildir ki, kirayədə qalır.
”Azərbaycanda real jurnalistika ilə məşğul olanların mənzil problemini həll etməsi çətin olduğundan uzun müddətdir ki, evsizəm. Odur ki, mənzil almaq üçün müraciət edəcəyəm”.
”Olaylar”da artıq Alim Hüseynlinin mənzil alması üçün namizədliyi təsdiqlənib.
“Azərbaycan” qəzetinin parlament müxbiri Rəşad Baxşəliyev mənzil sahibi olduğundan dövlət tərəfindən ayrılan mənzillərin həqiqətən evə ehtiyacı olan jurnalistlərə verilməsini istədi: “İstərdim ki, mənzillər həqiqətən evə ehtiyacı olan jurnalistlərə verilsin. Mənim evim olduğuna görə müraciət etməyəcəm”.
“AzərTac”-ın əməkdaşı Xətai Əzizov şəxsi evinin olduğunu və dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan mənzillərin mənzili olmayan həmkarlarına qismət olmasını istədiyini söylədi.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı 15-ci ildir ki, bu qəzetdə çalışır. İlk iş yeri də “Yeni Azərbaycan” olub. Bu ilin aprel ayında dövlət başçısı tərəfindən ona “Əməkdar jurnalist” fəxri adı da verilib. Bizimlə söhbətində evinin olmadığını, Əhmədli qəsəbəsində ailəsi ilə kirayədə yaşadığını deyən N.Bayramlı jurnalistlər üçün tikilən binanın mənzillərinin ədalətli şəkildə bölünəcəyinə inandığını bildirib.
“Bu, dövlətimizin, şəxsən ölkə prezidentinin mətbuata qayğısının göstəricisidir”, – deyən N.Bayramlı mənzillərin verilməsi üçün MŞ-nin elan etdiyi meyarların ədalətli olduğunu qeyd edib. Ev məsələsi ilə bağlı redaksiyanın müvafiq qərarı var. Bu qərara uyğun olaraq N.Bayramlı da mənzil almağa namizəd jurnalistlər siyahısına salınıb.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy dövlətin jurnalistlər üçün ayırdığı mənzil məsələsi ilə bağlı fərqli fikir nümayiş etdirən bəzi həmkarlarını qınadı: “Mənzil məsələsi ilə bağlı fərqli fikirlər səsləndirilir. Amma bəzi həmkarlarımın illər boyu çətinliklər içərisində yaşayan media mənsubları ilə bağlı atılan bu addıma, dövlətin bu dəstəyinə qarşı çıxması və aqressiv yanaşması qəbul olunmazdır. Hətta bəziləri düşünürlər ki, dövlətin belə bir addım atması jurnalistlərin ələ alınması, onlara təklif olunan rüşvətdir. Mən belə düşünmürəm. Bundan öncə də KİV-ə Dövlət Dəstəyi Fondunun mətbuatın maddi texniki bazasının inkişafına yönəlik tədbirləri olub. Eləcə də fərdi jurnalist yazılarının qiymətləndirilməsi ilə bağlı jurnalistlərə dəstək verilib. Hesab etmirəm ki, verilən bu dəstəyin qarşılığında mətbuat, xüsusilə də qeyri-dövlət mətbuatı, müstəqil qəzetlər öz mövqeyini dəyişib, fərqli mövqe tutublar. Ölkə prezidentinin mənzil tikintisi ilə bağlı 2010-cü ildə imzaladığı sərəncamı yalnız xoşməramlı qərar kimi qəbul etmək lazımdır. On illərdir kirayənişin yaşayan jurnalistin həm normal yaşamaq, həm də yazıb-yaratmaq hüququ var. Hətta mənzil məsələsinə görə bəziləri ailə qurmaq imkanından da məhrum olur. Bir çoxlarının uşaqları böyüyür, onların təmin olunmasında ciddi problemlər var.
Təbii ki, ölkənin aparıcı mətbuat orqanların biri olan, tirajı və dövriyyəsi ilə fərqlənən “Yeni Müsavat” qəzetində 14-cü ildir ki, çalışan jurnalist olaraq mənzilə iddiaçılardan biriyəm. Hesab edirəm ki, ədalətli bölgü olacaqsa, jurnalistlər üçün nəzərdə tutulmuş bu binadan mənim də kiçicik payım ola bilər. Bu da mənim sonrakı fəaliyyətimdə də stimullaşdırıcı rol oynaya bilər. Jurnalistin normal mənzil şəraiti yoxdursa, onda uzunmüddətli keyfiyyətli yaradıcılıqdan, jurnalist fəaliyyətindən də söhbət gedə bilməz. Hələ ki redaksiyada iclas keçirilməyib. Amma mən də sənədlərimi təqdim etmək niyyətindəyəm. Amma təəssüflənirəm ki, redaksiyamızda mənzilə ehtiyacı olan əməkdaşlarımızın sayı çoxdur. Hətta baş redaktorumuz mətbuata müsahibəsində də bildirdi ki, seçim etməkdə çətinlik çəkir. Çünki iddialılar və mənzil problemi olanlar çoxdur. Ancaq gündəlik qəzetlər üçün 3 nəfərlik kvota müəyyənləşdirilib.
Bir bina ilə mətbuatın mənzil problemini həll etmək mümkün olmayacaq. Paralel digər addımlar atılsa, dövlətin mətbuatın inkişafına, növbəti bir töhfəsi ola bilər və yalnız alqışlana bilər”.
Bir igidin ömrü qədər jurnalistikada olduğunu deyən “Lent.az”-ın əməkdaşı Ramiz Cürənov mənzillə iddialı olanlardandır: “Həyat yoldaşım da jurnalistidir. Hər ikimizin də 10 ildən çox stajımızı var. Xırdalanda kirayədə qalıram. Mən də mənzil almaq üçün müraciət edəcəyəm”.
“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov:
“Bizim təmsil olunduğumuz mətbuat orqanı Mətbuat Şurasının üzvü olmadığına görə və onların şərtlərinə görə, biz mənzil məsələsi üçün Mətbuat Şurasına müraciət edə bilmərik. Amma fərdi qaydada ölkə başçısına müraciət etmək fikrim var. Bu bina tək çap mediasına tikilməyib. Həmin bina media mənsubları üçün tikilibsə, bu məntiqlə bizim də mətbuat nümayəndəsi kimi müraciət etmək hüququmuz var. Bu hüququmdan istifadə edəcəyəm”.
Sonda isə bizə həmkarlarımın mənzil alan jurnalistlərin siyahısına baxanda təəssüflənməməyi arzulamaq qalır.
Gültəkin ƏLƏSGƏR