Modern.az

Eldəniz Vəliyev: “APA TV işə başlayanda digər telekanallardan təbriklər gəlmədi” - MÜSAHİBƏ+FOTOLAR

Eldəniz Vəliyev: “APA TV işə başlayanda digər telekanallardan təbriklər gəlmədi” - MÜSAHİBƏ+FOTOLAR

Media

8 İyun 2013, 11:30

APA TV-nin baş direktoru: “İcazə verin susmaq hüququmdan istifadə edim”

Modern.az saytının müsahibi APA internet televiziyasının baş direktoru Eldəniz Vəliyevdir.

- APA TV-nin yaradılması münasibətilə sizi və kollektivinizi təbrik edirik.

– Çox sağ olun. Təşəkkür edirəm. Bu ideya konkret olaraq “APA Holding”in prezidenti Vüsalə Mahirqızına və şirkətin direktorlar şurasının sədri Nurşən Quliyevə aiddir. Sadəcə olaraq bu insanlar ideyalarını reallaşdırmaq istəyəndə mənə müraciət etdilər. Oturub söhbət etdik, anlaşdıq. Hesab elədim ki, bu insanlarla işləməyə dəyər. Böyük məmnuniyyətlə razılıq verdim. Televiziyanın qurulmasında təbii ki birbaşa onların köməkliyilə iştirak etdim.

– Bu gün Azərbaycan teleməkanında kifayət qədər televiziyalar fəaliyyət göstərir. Maraqlıdır, APA TV digər televiziyalardan nə ilə fərqlənəcək?

– Azərbaycanda kifayət qədər televiziya yoxdur. Say baxımından kifayət qədər demək olar. Ümumiləşdirəndə bir televiziya var. Azərbaycanda yayımlanan televiziyaların bir-birindən o qədər də fərqlənmir.

– Deməli, APA TV birinci və fərqli olacaq?

– Məncə, ikinci olacaq. Amma tamaşaçı baxımından sevilmək baxımından birinci.

– Siz çox əminliklə danışırsınız. Bu qədər əminsiniz?

– Əminəm. Ümumiyyətlə yazı işi içində, jurnalistika sahəsində ən çətin iş televiziyada işləməkdir. Televiziya uzaqdan gələnə asan görünür. “Filankəs efirdədir, tanınır-filan” kimi fikirlər söylənilir. Amma televiziyanın pərdəarxası böyük çətinlikləri var. Televiziya işi agentlik və qəzet işindən çox çətindir. Biz hesab edirik ki, bu çətinliyin öhdəsindən həqiqətən gələ biləcəyik. Əvvəla peşəkar televiziya jurnalistlərini dəvət etmişik. İkincisi, çox geniş operativ informasiya bazasının üzərində oturmuşuq. Bütün Azərbaycan teleməkanı tam əminliklə deyirəm ki, istinad elədilər-eləmədilər APA-nın xəbərlərindən yararlanır.

– Yeni televiziyanın yeni işçiləri arasında dost-tanış jurnalistlərinizdən var?

– İşə götürdüyümüz işçilərə yaxın dost prizmasından yanaşmırıq. İşçilərə yaxşı jurnalist kimi yanaşırıq. Bizim çox qohumlarımız var ki, jurnalistika sahəsini bitirib ayrı-ayrı sahələrdə işləyirlər, amma bizimlə deyillər və bizlə də olmayacaqlar. Tanınmış simaları ona görə cəlb etməmişik ki, biz onların simalarını tanıyırıq, onların işini bildiyimizə görə dəvət etmişik. Hətta hamının peşəkar hesab etdiyi jurnalistlər olub ki, gəlib bura düşəndən sonra vəziyyətin bir az da fərqli olduğunu görüb, geri çəkiliblər. Biz xəbərə tamam fərqli yanaşırıq. İstənilən bir mövzunu götürə bilərik. Deyə bilərsiniz ki, filan kanalda bu veriliş var. Amma bizdə yayımlanan verilişə baxandan sonra təəssüratlarınız tamam başqa cür olacaq. Görəcəksiniz ki, biz mövzuya tamam başqa cür yanaşmışıq.

– İşçilərin yaş fərqi sizdə necədir? Mütləq gənc işçilər olmalıdır?

– Gənc kadrlara xüsusilə üstünlük veririk. İlqar Rəsul, Nəsimi Nəbizadə televiziya sahəsində çalışıblar. Bura gəldikdən sonra anladılar ki, onların məşğul olduqları iş tamam fərqli və ciddi işdir. Bir də yaş meyarı yoxdur. Qeyri-peşəkarlıq vaxtilə bizim düşdüyümüz durumdur. İndiki gənclərə keçmişdəki “mən” kimi baxıram. 2000-ci ilə qədər Azərbaycan televiziya məkanında inkişaf oldu. 2000-ci ildən sonra TV sahəsində durğunluq yarandı.


– O zaman bunun səbəbi olmalıdır.

– Sadəcə olaraq insanlarda peşəyə maraq azalıb. İnsanlar saat 6 olmamış saata baxır. Vaxt vardı ki, mən ANS-də işləyəndə 2 günlərlə evə getməmişəm. Vağzalda yatıb “cənnət ananın ayağı altındadır” ifadəsilə görüntü yaratmaq üçün Göytəpər arvadı səhər saat 6-ya qədər gözləmişəm ki, onun ayağını çəkə bilim. Təbii ki, hamı istəyir istirahət etsin. Deyirlər, “incəsənət qurban tələb edir”, bu fikri jurnalistikaya da şamil edərdim. Həvəsin yoxdursa, nələrdənsə keçə bilmirsənsə, istədiyinə nail ola bilməyəcəksən.

– Uzun müddət ANS-də işləmisiniz. Orada öyrəndiklərinizi burada tətbiq edirsiniz?

– Jurnalistika sahəsində ANS mənə çox şey öyrədib. Həmişə Mirşahin Ağayevə minnətdar olmuşam. Jurnalist həyatımda Mirşahin bəyin müstəsna xidmətləri olub. Bu gün Azərbaycan teleməkanında elə vəziyyət yaranıb ki, xəbərə qulaq asmaq istəyən adam qulaq asmaq istəmir. Bütün xəbərlər eynidir.

– Bəs sizin televiziyada xəbərlər nə ilə fərqlənəcək?

– Öncə operativliyilə. Bir saatdan bir efirdəyik, özü də peşəkar xəbər veririk. İkincisi, balansı qorumağa çalışırıq. İstənilən mövzuyla bağlı balans qorunmursa, biz o materialı qoyuruq kənara. Ta o vaxta qədər ki qarşı tərəfin mövqeyi bilinsin. Canlı efirlə fərqlənirik. Bütün layihələrimizin 95%-i canlıdır.

– Nə vaxtsa peyk vasitəsilə bütün ölkə ərazisini əhatə edəcək APA TV ola bilər?

– İnşallah sentyabr ayına qədər hədəfimizdə var. Yəqin ki, o vaxta qədər peykdə olacağıq.

– Çoxlu sayda tamaşaçı ordusu toplayacağınıza ümid varmı?

– Bir gündə efirimizi 25-30 min insan izləyir.

– Etiraf edək ki, yeni yaranan hər şeyə maraq bir qədər çox olur.  Amma sonra...

– Bu, uzaqbaşı 3 gün ola bilər. Bizim efir məkanımızda isə bu artan sürətlə gedir.

– Verilişlərinizin içində şouya da yer vermisiniz...

– Öncə şoudan birmənalı şəkildə imtina etmək istəyirdik. Direktorlar şurasında oturub bu məsələni müzakirə etdik. Qərara gəldik ki, şoudan imtina etmək doğru deyil. Çünki şounun da öz tamaşaçısı var. Buna da ehtiyac var. Eyni zamanda verilişlərimizin siyasi yükünü nəzərə aldıq ki,  tamaşaçını yormayaq, tamaşaçıya istirahət hüququ verək. Bizim şoumuzun özündə də bir ciddilik var. Üzr istəyirəm, hansısa xanım müğənninin intim söhbəti bizim efirimizdə getməyəcək. Elmin Həsənin aparıcısı olduğu “Bizim şəbəkə” adlı veriliş var. O veriliş böyük marağa səbəb olub. Hər gün yarım saat efirdə olur. Gənclərə uyğun bir verilişdir. Gün ərzində ən maraqlı sitatlar olur. Belə bir sitat vardı. Mən 3 gün o sitata güldüm. Biri yazır: “Adamın ateist olmağı gəlir Allah haqqı!”. “Müharibə adamı” verilişimiz var. Maarifləndirici verilişlərimiz də həmçinin.

– APA TV yarananda digər televiziyalardan sizə təbriklər gəldimi?

– Təbriklər gözlədiyimiz səviyyədə olmadı.

– Deyəsən, qısqandırmağı bacarmısınız...

– Buna normal baxıram. Əslində onların qısqanmaqları normal deyil. Sadəcə, bu qısqanclığa biz normal baxırıq. Əslində onlar belə də etməli idilər. Çünki onlar bilirlər kimi qısqanırlar.

– Bəs ANS-dən təbrik gəldi?

– İcazə verin susmaq hüququmdan istifadə edim.



Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi