Hakim yeni Azərbaycan Partiyasının dünən keçirilən qurultayında bəzi təşkilati məsələlər baxılıb, YAP-ın 90 nəfərdən ibarət Siyasi Şurası seçilib. Modern.az saytının araşdırması zamanı məlum olub ki, hakim partiya dünənədək Siyasi Şuranın üzvü olan 13 nəfər tanınmış YAP-çını qurumdan kənarlaşdırıb.
YAP Siyasi Şurasından çıxarılanlar arasında sabiq maliyyə naziri Əvəz Ələkbərov da var.
Modern.az YAP-ın qurultayında qəbul edilən bu qərarla bağlı Əvəz Ələkbərovdan münasibət öyrənib.
“YAP Siyasi Şurasından uzaqlaşdırılmağımla bağlı xəbəri eşidəndə çox məyus oldum”. Bu sözləri Modern.az-a açıqlamasında sabiq maliyyə naziri bildirib.
”Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi”-deyə Ə.Ələkbərov hakim partiyanın qurultayında özü haqda qəbul edilən qərara münasibət bildirib.
Qeyd edək ki, 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndə və Heydər Əliyev hakimiyyətə gələndə Ə.Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyirdi. Heydər Əliyevin komandasında təmsil olunan Ə.Ələkbərov 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda qaldı. O, ilk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir. Çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub.
1999-cu ilin iyulunda mərhum prezident onu maliyyə naziri vəzifəsinə təyin etdi. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı.
2006-cı ildə istefaya göndərilən Ə.Ələkbərov hazırda işsizdir, YAP Nəsimi təşkilatının İdarə Heyətinin üzvüdür.
Pərvin ARZUQIZI