Millət vəkili Vahid Əhmədov bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə etiraz edib. Belə ki, ötən gün ANS televiziyasına müsahibə verən Rövnəq Abdullayev bildirib ki, Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq.
V. Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanı qazla o zaman təmin edə bilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsin. Onun sözlərinə görə, nə qədər ki, torpaqlar işğal altındadır belə bir şey mümkünsüzdür: “Bununla bağlı fikrim mənfidir. Düzdür, Azərbaycan Ermənistana qaz verə bilər. Bu yalnız o halda baş verə bilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsin. Dövlət başçısı da bir neçə dəfə bəyan edib ki, nə qədər ki, torpaqlar işğal altındadır işğalçı dövlətlə heç bir iqtisadi layihələr həyata keçirilməyəcək. Rövnəq Abdullayev bunu nə mənada deyib deyə bilmərəm. Yalnız Azərbaycanın ərazi bütövlü tam təmin ediləndən sonra bu məsələ həyata keçirilə bilər. Nə qədər ki, torpaqlarımız işğal altındadır belə bir məsələnin reallaşmasını qeyri-mümkün hesab edirəm. Azərbaycan xalqı da heç vaxt buna razılıq verə bilməz”-deyə millət vəkili bildirib.
Gültəkin ƏLƏSGƏR