Martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini qəbul edib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı 130-dan çox etirazçı saxlanılıb. Etirazların kəskinləşməsi fonunda Gürcüstan hökuməti geri addım atıb və bu gün "Xarici agentlər" haqqında qanun layihəsi parlamentdən geri götürülüb.
Maraqlıdır, rəsmi Tbilisi niyə geri addım atdı? Qonşu ölkədə baş verən hadisələrdə Qərbin rolu varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, siyasi şərhçi Fuad Çıraqov vurğulayıb ki, parlament qəbul olunan qanunla Gürcüstanda xarici donorların fəaliyyətini məhdudlaşdırmaq istəyirdi.
"Orada hesab edirdilər ki, Gürcüstan müharibəsi demokratiya və Avrointeqrasiyaya zərbədir. Məhz verilən qərarın nəticəsidir ki, insanlar küçələrə çıxaraq etiraz etdilər. Müxalifət iddia edirdi ki, qanun layihəsi Rusiyadakı analoji qanunun eynisidir. Yəni, onlar həmin qanunun müxalifəti məhdudlaşdırmaq üçün qəbul olunduğunu düşünürdülər. Buna görə də müxalifət etiraza qalxdı", - deyə o bildirib.
F.Çıraqov vurğulayıb ki, etirazların nəticəsini müxalifətin qələbəsi kimi dəyərləndirmək olar:
"Gürcüstan tarixində belə etiraz olmamışdı. Hakimiyyət düşünürdü ki, etirazlar dağıdıldıqdan sonra insanlar bir daha çölə çıxmayacaq. Ancaq gözləntilərin əksinə Gürcüstan əhalisi daha çox təşkilatlanaraq öz mübarizələrini davam etdirdilər. Sözün düzü, etirazçıların etdikləri hakimiyyət üçün çox ağır oldu. Hətta ölkə prezidenti də insanlara dəstək verərək, qanuna veto qoyacağını bildirmişdi. Ümumiyyətlə, gürcü müxalifəti Ukrayna müharibəsinə qədər çox aktiv idi. Onlar mütəmadi olaraq etiraz aksiyaları keçirirdi. Amma müharibə fonunda Gürcüstanda siyasi durğunluq müşahidə olunurdu. Hakimiyyət isə söyləyirdi ki, müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləməyə çalışır. Həmçinin, etiraz aksiyalarının ölkə təhlükəsizliyinə xələl gətirdiyini vurğulayırdılar. Bundan sonra Gürcüstanda siyasi proseslərin canlanması gözləniləndir. Qanun layihəsinin geri çəkilməsini gürcü müxalifətinin qələbəsi hesab etmək olar".
ReAl partiyasının icraçı katibi Natiq Cəfərli Modern.az-a deyib ki, xaricdən gələn etirazlar da hakimiyyətə təsir edən amillər sırasındadır.
"Gürcüstan vətəndaşlarının qanunun geri çəkilməsində çox böyük payı var, ancaq hakimiyyəti çəkindirən böyük amillərdən biri də Qərb tərəfdaşlarının onlara qarşı çıxmasıdır. Qanun lahiyəsinin əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən KİV və QHT-lərin maliyyə mənbələrinin şəffaflığı ilə bağlı tələblərin sərtləşdirilməsidir. Ümumiyyətlə, Gürcüstanda indiyə qədər mövcud olan qanunlar həddindən artıq liberal idi", - deyə ReAL funksioneri bildirib.
N.Cəfərli qeyd edib ki, insanlar qəbul olunmuş qərarın söz azadlığı və vətəndaş cəmiyyətinə mane olacağı üçün etiraz ediblər:
"Bunun nəticəsidir ki, hakim partiya səhər saatlarında qanunu geri çəkdi. Ümumiyyətlə, Gürcüstanda seçki institutu pis-yaxşı fəaliyyət göstərir. Hər seçkidən soran müəyyən qədər narazılıq olsa da, son 20 ildir ki, ölkədə seçki institutu formalaşıb. Yerli hakimiyyət orqanlarında seçkilər daha fərqli keçirilir. Hətta, müxalif olan partiyaların qubernator olduğu bölgələr var. Yəni seçki institutlarının yaxşı formalaşdığı ölkələrdə hakimiyyətin küçə etirazları vasitəsiylə dəyişməsi mümkün deyil. Gedişat onu göstərir ki, böhran dərinləşsə, erkən seçki ola bilər. Hətta Gürcüstan prezidenti də çıxışında bu məsələyə eyham vurdu. Əgər ölkə ərazisində gərginlik artsa, erkən seçki prosesi başlaya bilər".