Modern.az

Buyruq qulları, “kəbinsiz arvadlar” - QUL+LUQ+ÇU

Buyruq qulları, “kəbinsiz arvadlar” - QUL+LUQ+ÇU

9 İyun 2013, 14:30

Mahir Qabiloğlu


Mənim adım Mahirdir.  1966-cı ildə doğulmuşam. 47 ildir ki, bu adı daşıyıram. Atam-anam qoyub mənə bu adı. Artıq onlar bu dünyada yoxdurlar. Dəyişmək istəyirəm adımı. Bilmirəm Kəbinqulu qoyum, yoxsa ki, Allahqulu. Görəsən hansı milli, hansı müasir səslənir? Qızlarımın da adını atam qoyub. Biri nənəmin, o biri də anamın adını daşıyır. Onların da adını dəyişsəm yaxşı olar. Axı atam artıq ölüb?! Deyəcəksiniz ki, ay Mahir, başın xarab olub? Ad  adama bir dəfə qoyulur. Ad taledir, ad koddur, Doğum və Ölüm şəhadətnamələridir. Ad qoyan ölən kimi həmən adı dəyişərlər? Amma nədənsə adımı dəyişməyim gəlir. Belə çıxır ki, mən bu addımı atsam məni qınayacaqsınız? Axı bir nəfərin adının dəyişməyi çox şeyi dəyişmir. Axı Azərbaycanda qınanılası çox şey var. Heç Əkrəm Əylisli də qınanılası bir sima deyildi. Çünki o da fərd idi. Tək idi. Əgər belə qınamaq istəyirsinizsə, gəlin Sizə nə qədər istəyirsiniz ünvan verim.

20-ci əsr 

Məni qınamaq istəyənlər, Sizə cavabı içində olan  suallarım var. O hansı xalqdır ki, 20-ci əsrdə ona rəsmi olaraq tatar, türk, azərbaycanlı deyiblər? O hansı xalqdır ki, bir əsrdə rəsmi olaraq tatar, türk, Azərbaycan dillərində yazıb-danışıb? O hansı xalqdır ki, 100 illik bir dövrdə fars, latın, kiril, yenidən latın əlifbasında yazmağa başlayıb? O hansı xalqdır ki, 20 dəfə dövlət bayrağının siması dəyişib? Familiyası zadədən ov-yevə, ov-yevdən yenidən 5-6 cür sonluğa keçib? Küçələrinin, meydanlarının, mədəniyyət saraylarının, rayonlarının, kəndlərinin adları, möhürü cilddən-cildə keçib? Bakı studiyası, Televiziya və radio verilişləri komitəsi, sonra dövlət şirkəti, daha sonra isə qapalı səhmdar cəmiyyət olan AzTV-ni daha hansı adlar gözləyir? Mərkəzi – Milli, Milli – Mərkəzi. Görəsən bununla bankımızda hansı dəyişikliklər oldu. Əlbəttə ki, heç bir. Xalqımız elə həmin böyük xalqdır, dilimiz elə həmin qədim, zəngin dildir, əlifba isə texniki bir vasitə.

“Yan”la bitən familiyanı eşidəndə bu ermənidir deyirik. Yumşaq yerimizi göstərərək ”yanlar” deyib, gülürük də. “dze”, “şvili” görəndə gürcüləri tanıyırıq. Bəs görəsən azərbaycanlıları hansı sonluqla tanıyıblar və  tanıyacaqlar? Hər şey dəyişib. Daha doğrusu dəyişməyib, dəyişdirilib. Biri ad qoyub. Sonra ölüb. Yerinə başqa bir başbilən gəlib. Əvvəlkini inkar edib. O da dəyişdirib. Beləcə özləri dəyişdikcə bu xalqın nə adı var, dəyişiblər. Müstəqillik illərində türklər demişkən, kəndinə qayıdış kimi müsbət tendensiyalar da olub. Amma bu ağ nöqtələr qara parçadakı kimi heç də  gözə görünmür. Zaman-zaman bu cür adqoymaları həm də inkişafın göstəricisi kimi də qiymətləndiriblər. Axı Rusiya imperiyası çökdükdən sonra demokratlar hakimiyyətə gəlib. Onlardan sonra kommunistlər. Daha sonra yenidənqurmaçılar. Sonra keçmiş kommunistlər. Sonra cəbhəçilər. Və ən nəhayət ... 
Hamısı da yeni ad islahatlarıyla. Deyəcəksiniz ki, söhbət fərdlərdən yox, müxtəlif hakimiyyətlərin dövründə xalqımıza göstərilən təzyiqlərdən gedir. Bəs onda beş addımlığımızda yaşayan erməni, gürcülərə niyə belə təzyiqlər edilməyib? Onlar müstəmləkə əsarətində olmayıblarmı? Soyadlarında xan, bəy, imam, Allah sözləri olan, lı-li, zadə sonluqlu Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Artur Rasizadə, İbrahimbəyovlar, Məmmədxanlılar kimi  neçə-neçə ədəbi, siyasi xadimimiz sovet vaxtında şöhrət qazanmayıblarmı? Məhsəti türkləri öz adlarını saxladıqları halda biz bunu niyə bacarmamışıq? Görəsən hansısa gəncəli Sovet dövründə özünə kirovabadlı deyibmi? Əsla. Deməli bu təzyiq söhbəti deyil.  

Görəsən ad dəyişmələri nəvaxtsa başa çatacaqmı? Orta məktəb, orta ümumtəhsil məktəb, tam orta məktəb, lisey, nəhayətdə, sözün əsl mənasında mükəmməl təhsil verən, vahid dərslikli, 10-15 şagirdlik sinif otağından ibarət məktəbə nə vaxt çevriləcək? DK, DŞ, QSC nəhayətdə AzTV olacaqmı? Fərqi yoxdur Mərkəzi ya milli – bankımız manatın məzənnəsini süni yox, təbii şəkildə qoruya biləcəkmi?
Suallar çoxdur. Bu sualları doğuranlar isə məmurlardır. Bir sorğu keçirək. Məmurlarımız savadlı yazmaq üçün lüğət, izahlı lüğət, tərcümə lüğəti  kitabları almağa üstünlük verirlər, yoxsa yaxşı saymaq üçün kalkulyatora?   Axı qınaq obyekti  mənim kimi tək-tük özünün adını dəyişmək istəyən yeganə, nadir ekzemplyarlar yox, onlar olmalıdırlar. İstər indiki, istərsə də 100 il bundan əvvəlki.

Bu yaxında babamın pasportu əlimə keçdi. 1937-ci ildə - sürgündən əvvəl alıbmış. Orda onun milliyyəti türkdür. Burdan bir sual doğur. Görəsən 1937-ci ildə atası türk olan Qabil və onun kimi milyonlarla Qabillər sonradan azərbaycanlıya necə çevriliblər? Səməd Vurğundan Stalinə salam göndərən “çadrasız, boyasız türk qızları” hansı sehrli çubuğun işarəsindən sonra “şərq qızları” ilə əvəz olunublar? Əlbəttə ki, bütün bunlar xalqın iradəsiylə yox, bir-iki adamın, məmurların  əmriylə baş tutub.

Amma nədənsə onları qınamaq istəməzsiniz. Çünki artıq azərbaycanlı olan böyük bir nəsil yaranıb. Onu yaralamağa isə heç kim cürət etməz.

İkincisi də ki, buna heç lüzum da yoxdur. Çünki şəxsiyyət vəsiqəsində də, milli pasportumuzda da bu bənd çoxdan çıxarılıb. Türk ol, azərbaycanlı ol fərqi yoxdur – heç yana yazılmır. Təkcə arxivlərdə qalan anketlərdən və dükan, bazar, marşrut, kabinetlərdə eşitdiyimiz “haralısan?” dialoqundan başqa . Şair Qabil demişkən:

Mən də türkəm – öz-özümə qurban olum mən,
Ancaq xeyli fərqlənir də bu türk, o türkdən...

Amma mənim adımın dəyişdirilib Kəbinqulu və ya Allahqulu olması hökmən İctimailəşdiriləcək. Sensasiya. Hay-küy. “Şair Qabilin oğlu çönüb Allahqulu olub? Danq. Hansı xalq şairinin oğlu adını dəyişdi? Danq”.
Və sairə, ilaxır. 

Çox maraqlıdır. Bəs görəsən dilimizin, millətimizin, əlifbamızın, daha nəyimizin, kimliyimizin adı dəyişəndə niyə bu “danq”lar eşidilmədi? Eşidildi- 1937-ci ildə “KQB”nin “podvalları”nda, sürgünlərdə. Amma o “danq” bu “danq”dan deyildi. Deməli hələ də daş yuxulardayıq. O ki qaldı bu adları dəyişənlərə... bu adqoymada onlardan çox uduzan olmadı.. Nə vaxt? Əlbəttə ki, özlərinə ad qoyanda.

Gül kimi “məmur”, “dövlət məmuru” sözü var. Gözəl, təmtəraqlı səslənir. Rus demişkən “zvuçit”. Bu sözdən imtina edib oldular qulluqçu – dövlət qulluqçusu. Adqoymada sözün fərqinə, mənasına, kökünə də varmadılar. Nə bir alim, nə də dilçi dəvət edib məsləhət də  aldılar. Bilmədilər ki, qulluq, qulluqçu, quldar, quldarlıq, qul-beçə, Qulam, quldur, qulaq sözləri qul sözündən yaranıb. Deyəcəksiniz ki, quldur, qulaq sözü hardan çıxdı? Onun qula nə dəxli? Əgər elə olmasaydı qul+luqçular xalqın problemlərini qulaqardına vurmağı özlərinə peşə etməzdilər axı. Camaat özünü pis aparanda qul kimi qulaqlayıb qoduqluğa salmazdılar axı? Ən nəhayət Soljinitsin sürgünündən bəhs etdiyi əsəri “Qulaq” adlandırmazdı axı.

MTN, DİN, XDMX, Müdafiə Nazirliyi, Sərhəd Xüdmətində çalışan zabitlərdən soruşsanız ki, harada işləyirsən, ümumi deyəcək ki, xidmətdəyəm. Bəs hər hansı nazirlik, icra, aparat işçisi bu suala nə cavab verir? – Qul+luq+da – Dövlət Qul+luqunda. Yaxud da ... Bir qohumu soruşanda ki, “ə, niyə gəlib, getmirsən, niyə görünmürsən?”
O saat cavab verir: “Vallah işim dövlət işidir. 9-da girib 6-da çıxıram. Müdirin kəbinsiz arvadıyam”. Bəziləri isə “müdirin kəbinli arvadıyam” da deyir. Ya da bunları ümumiləşdirirlər: Kəbinqulu. Çünki müdir evdə-eşikdə arvadına, oğul-uşağına belə, buyura bilmədiklərini işçilərinə elətdirir. Rəsmi vəzifələrindən ta ev-eşik qayğılarına qədər. Nəinki onların fiziki imkanlarını, hətta beyinlərini də istismar edirlər. Görəsən hətta adlarını belə, çətinliklə yazan bəzi məmurlar cild-cild kitabları, dissertasiyaları, ssenariləri, verilişləri, xırda məqalələri hansı başla ərsəyə gətiriblər? Əlbəttə ki, buyruq qullarına, “kəbinsiz arvadlarına” dövlətin ayırdığı maaş hesabına. Hələ bu adlar toya getməlidir. Məmurların yaşı 65-70- ötdükcə isə daha yeni adlar meydana gəlməyə başlayır. Avtobusda, küçədə, hətta kiçik dövlət qulluqçuları tərəfindən tez-tez “pampersli məmurlar” kəlmələri eşidilməyə başlanıb. Neynəsinlər? Axı onlar da kabab yemək istəyirlər, qatıq yox?!

Nə isə mətləbdən uzaqlaşmayaq. Qayıdaq bunların rəsmi adına. Qulluqçu – Dövlət qulluqçusu. “Gözəl, və möhtəşəm” səslənir, elə deyilmi? Bütün bunlardan xəbərsiz məmurlar kapitalizm, sosializm, feodalizmi də “adlayıb” ta quldarlıq dövrünədək gedib çıxdılar. Özlərinə ad seçdilər də. Qarşısına utanmayıb hələ bir “dövlət” sözü də əlavə etdilər.  Hətta bununla  fəxr etdilər də. Yüksək məvacib, pensiya da kəsdilər. Şəninə fəxri ad, orden-medal da qoşdular. Hər şey etdilər, amma sözün qrammatik təhlilinə varmadılar. Sadəcə Allah qullarının – Allahquluların  öhdəsinə buraxdılar:  Qul+Qulluq+Qulluqçu.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi