Dünyanın və Avropanın yüksək ağıl-vicdan sahibləri zaman-zaman etiraf ediblər ki, İslam dini ən sülhsevər, başqa dini inanclara olduqca anlaşıqlı yanaşan, insana ən böyük dəyər verən bir inancdır. Çünki İslam dini bütün yüksək mənəvi dəyərləri ilə yanaşı, hansısa bir insanın həyatına qəsd etməyi ən böyük günah sayır. Müqəddəs kitabımız bir insanı öldürməyi bütöv bəşəriyyəti öldürməyə bərabər tutur. Nə yazıqlar ki, bəşəriyyətə verdiyi bütün saysız mənəvi dəyərlərə baxmayaraq tarix boyu ən çox acı çəkənlər də elə İslam ümmətinə məxsus olan insanlar olub. Bəzən bu qanı axıdanlar müsəlmanlarla bir inanca sahib olan cahil başçılar, qansız hakimiyyət hərisləri olubsa, digər tərəfdən müsəlman qanı tökənlər başqa dinin təmsilçiləri, İslamın mövcudluğunu özlərinə təhlükə hesab edən davakar dini və siyasi mərkəzlər olub.
Bu gün bütün dünyaboyu müsəlman qanı axır. Əfqanıstanda artıq otuz ildən artıqdır ki, bircə gün də olsun axan müsəlman qanı dayanmır. Pakistanda günaşırı terrordan ölənlərin sayı döyüş meydanlarında ölənləri üstələyir. İraq illərdir ki, başdan-başa qanlı döyüş meydanına çevrilib. Çeçenistanda Putinin “yandırılmış torpaq” siyasəti bu məmləkətdə yeddidən yetmişə kişi cinsinin axırına çıxıb. Dağıstanda hər gün “terrorçu” adıyla öldürülənlərin də sayı həndəsi silsiləylə artır. Bütün bunlar azmış kimi artıq üç ildir ki, dövriyyəyə buraxılmış “ərəb baharı” İslam dünyasını qan çanağına döndərib. Elə gün olmur ki, Suriyanın hansısa şəhərində hökumət və müxalifət qüvvələrinin tankının, topunun atəşindən onlarla dinc müsəlman qanına qəltan olmasın.
Siyasi ekspertlər “ərəb baharı”nın İslam dünyasına qarşı Qərbin növbəti bir “projesi” olduğunu açıq dəlillərlə sübut etsələr də, təəssüf ki, bu açıqlamalar da vəziyyətə heç bir təsir göstərmir. Artıq əsrlərdir ki, Qərb özünə əsas rəqib saydığı Şərqə qarşı mübarizəni gah açıq müstəvidə-döyüş meydanlarında, gah da pərdə arxası çirkin oyunlarla, müxtəlif formalı sabotajlarla davam etdirir.
Elə yaxın illərədək ərəb dünyasının siyasi mənzərəsi də fərqli idi. Əksəriyyəti monarxiya quruluşlu bu ölkələrin zəngin karbohidrogen ehtiyatları uzun illər onları Qərbin və Avropanın ən yaxın tərəfdaşına çevirmişdi. Hakimiyyət kürsüsündə oturanlar kral, sultan, əmir, yaxud prezident adlandırılmalarından asılı olmayaraq öz ölkələrinin şəriksiz və alternativsiz sahibləri idilər. Bunlar isə öz ölkələrinin milli sərvətlərinə öz dədə-baba malı kimi baxır, neft və qazın gətirdiyi milyonları kefləri istəyən kimi xərcləyirdilər. İnsafən onların arasında xalqın həyat şəraitini yaxşılaşdıranları olsa da, lakin onların topluma öz kölələri kimi baxmaları sonda əks reaksiya yaratmaya bilməzdi.
Bütün dünyaya demokratiya dərsi keçən Vaşinqtonun və Avropanın zaman-zaman opponentləri tərəfindən ən çox qınaq və zəif nöqtələri də məhz ərəb ölkələri ilə olan ilişkilərlə bağlıydı. Artıq Qərbdə anlamağa başlamışdılar ki, diktatorlarla köhnə bağları saxlamaqla dünyaya yenidən demokratiya mesajı vermək yalnız ironiya yarada bilər. Həm də qloballaşmanın və inteqrasiyanın internet sürəti ilə artdığı bir zaman kəsiyində daha köhnə diplomatik etiketlər də işə yaramırdı. Diktatorları dəstəkləmək isə yalnız bu ölkələrin xalqlarında “demokratiya carçıları”nın özlərinin əleyhinə işləyirdi. Ona görə də Qərb və Avropa ərəb iğtişaşlarının ilk günündən ərəb xalqının “yanında olduqlarını” bəyan etdi. Təssüflər olsun ki, ərəb diktatorları, ən çoxbilmişləri belə dəyişən zamanı və xalqın ovqatını vaxtında dərk edib, dəyərləndirə bilmədilər.
Həm də onların hakimiyyət və var-dövlət hərisliyi minlərlə günahsız soydaşlarının qanlarının axıdılmasına və özlərinin rəzil şəkildə iflasına səbəb oldu. Qırx ilin hakimi- mütləqləri – Qəzzafi və Mübarəkin acı sonluğu nə yazıqlar ki, Suriya prezidenti Bəşər Əsədə dərs olmadı və o, manyakcasına öz xalqının qanını axıtmaqda davam edir. Hətta onun ən yaxın adamları belə diktatorun sonunun necə olacağını açıq şəkildə dilə gətirsələr də, sütül diktator çılğıncasına öz dindaşlarının qanını axıtmaqda davam edir.
Ərəb ölkələrində və digər məmləkətlərdə müsəlman qanı axıdanların ehtirasları hələ də soyumaq bilmir. Müsəlman qanına susayan transmilli silah və sərvət alverçiləri bu dəfə də Türkiyəni oyuna qatmağı planlaşdırırlar. Uzun illərdirdir ki, öz stabil inkişafı ilə Avropanın hüzurunu qaçıran Türkiyəni “PKK terroru” ilə çökdürə bilməyənlər indi də “türk baharı” ssenarisini dövriyyəyə buraxmaq istəyirlər. Ancaq onlar bu dəfə öz istəklərinə yetişməyəcəklər. Buna türx xalqı icazə verməyəcək. Çünki hələ də dünyaboyu müsəlman qanı axır və bu qanı durdurmağın vaxtı çatdığını, hamıdan yaxşı türk qardaşlarımız bilir.