Vaxtilə Yeni Azərbaycan Partiyasının (YAP) əsas söz sahiblərindən olan sabiq deputat Şahlar Əsgərov hakim partiyanın V qurultayında İdarə Heyətindən çıxarılmasına münasibət bildirib. Bu barədə Modern.az-a açıqlamasında “köhnə qvardiya” üzvü, “91-lər”dən olan Ş.Əsgərov YAP rəhbərliyindən uzaqlaşdırılmasına normal yanaşdığını, heç kimdən incik düşmədiyini söyləyib.
Ş.Əsgərov uzun illər söz sahibi olduğu YAP-ın bu qərarını təmkinlə qarşıladığını deyib.
“Mən bu addımı normal qarşıladım. Təəssüf etmirəm, əksinə alqışlayıram ki, bundan sonra daha çox vaxtım olacaq ki, elmlə məşğul ola bilim”-deyə Ş.Əsgərov vurğulayıb.
Xatırladaq ki, YAP-ın ötən həftə baş tutan qurultayında sabiq təhsil naziri Misir Mərdanov, keçmiş maliyyə naziri Əvəz Ələkbərov, “köhnə qvardiya”dan olan Şahlar Əsgərov, Əli Əlirzayev və digərləri YAP rəhbərliyindən kənarlaşdırılıb.
Anar RÜSTƏMOV