Azərbaycanın siyasi düşərgəsində ölkənin dövlət və milli maraqlarını xarici dairələrə satmaqla bağlı qarşılıqlı ittihamların səsləndirilməsi seçki ilində xüsusilə aktuallaşır. Qarşılıqlı “münasibətlər” şəraitində deyilən bu cür fikirlər artıq cəmiyyətə də açıq şəkildə bəllidir. Neçə ildir ki, belə bəyanatların istər hakimiyyət, istərsə də müxalifət tərəfindən səsləndirilməsini eşitmək ictimaiyyət üçün adi hala çevrilib.
Ancaq xarici dövlətlərə satılmaq kimi sərt ittihamlar qarşı tərəfin ünvanına deyilsə də, bu xarici qüvvələrin hansı ölkə və ya təşkilat olduğu açıqlanmır. Sual doğuran məqamlardan biri də odur ki, həmin siyasi dairələr özləri əsas prioritet kimi Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi olduğunu verdikləri açıqlamalarda söyləsələr də, yenə də birləşib çəkici bir nöqtəyə vurmaqda fikir ayrılıqları yaranır.
Görəsən Azərbaycanın müstəqillik aktına imza atan istiqlalçı-deputatlar bu barədə nə düşünür? Modern.az məsələ ilə bağlı Azərbaycanı ikinci dəfə müstəqilliyimizə qovuşdurmaqda iştirak etmiş həmin şəxslərdən mövqe öyrənib. “Azərbaycan siyasi düşərgəsi hansı şəraitdə bir araya gəlməlidir?” sorğusunun cavablarını təqdim edirik.
ACP sədri Sülhəddin Əkbər vurğulayıb ki, milli maraqlar çərçivəsində nəinki hakimiyyət və müxalifət, bütövlükdə Azərbaycan xalqı vahid birlik nümayiş etdirməlidir.
“Ölkənin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, sərhəd toxunulmazlığı, konstitusion quruluşu, demokratiyaya keçid, hakimiyyətin mənimsənilməsi cəhdlərinin qarşısının alınması məsələsində xalq bir yerdə olmalıdır”, – deyən istiqlalçı-deputat xarici təzyiq anlayışına da aydınlıq gətirib.
“Baxır hansı məsələlərdə xarici təzyiq ifadəsi işlədilir. Bir sıra siyasi ambisiyalara görə müxtəlif ölkələrin Azərbaycanda maraqları olur. Həmin dövlətlər, təşkilatlar öz maraqlarını həyata keçirmək üçün bu və ya başqa təsir mexanizmlərindən istifadə etməyə çalışırlar. Beynəlxalq və dövlətlərarası münasibətlərdə bu faktor həmişə mövcud olub və bundan sonra da davam edəcək”.
İstiqlalçı-deputat AMİP lideri Etibar Məmmədov isə məsələyə münasibət bildirmədi. Maraqlıdır görəsən müstəqillik aktının lehinə səs verən, milli məsələdən danışan Etibar Məmmədov niyə görə bu barədə heç bir şey demədi? AMİP lideri siyasətdən getdiyinə görə deyəsən Azərbaycanın müstəqilliyinə təhdidlərlə bağlı məsələyə də aydınlıq gətirmək istəmir. Hər halda öz seçimidir.
Ali Məhkəmənin keçmiş sədri, istiqlalçı-deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, düşmən mövqeyi bir kənara qoymalı, müstəqillik, Qarabağ məsələsində birlik nümayiş olunmalıdır.
“Azərbaycanın tarixi keçmişi də bu suala cavab verib. Məgər Azərbaycanda vaxtilə xanlıq idarə-üsulu olduğuna görə torpaqlarımız işğal olunmadı? Bu baxımdan düşünürəm ki, iqtidarla müxalifət arasında barışmaz münasibətlər mövcud olsa da, Azərbaycanın dövlət və müstəqillik məsələlərində heç bir güzəştə getmək olmaz. Hansısa xarici qüvvədən istifadə etməklə, Qarabağı güzəştə getməklə hakimiyyətə gəlmək yolverilməzdir. Gələcək nəsillər qarşısında məsuliyyəti dərk edəndə dərhal Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü göz önünə gəlir. Biz Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən, ölkəmizi zəbt etmək istəyən qüvvələrin qarşısında parçalanmış vəziyyətdə olmamalıyıq”.
Müstəqillik Aktının lehinə səs verən, Azərbaycanda xalq hərəkatının öncüllərindən olan, VHP sədri Sabir Rüstəmxanlı da keçmiş həmkarlarının fikirlərini bölüşüb. “Milli tale ilə bağlı bütün məsələlərdə bir olmalıyıq. Qarabağın geri qaytarılması, Güney Azərbaycan məsələsi, milli əxlaq və tərbiyə, Azərbaycanın gələcəyi ilə bağlı məsələlərdə hamı bir olmalıdır”.
Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub qovşağında yerləşdiyindən bura can atan ölkələr çoxdur. “Bu mənada bütün tərəfdən bizə qarşı dişlər qıcanıb”. VHP sədri daha sonra əlavə edib: “Dövlət və onun qorunması bir-iki ilin işi deyil. Bu, əbədi bir proses və mübarizədir. Kim Azərbaycanı istəyirsə, bu mübarizəni davam etdirməlidir”.
Aqşin KƏRİMOV