“2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, yenidənqurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar 2013-cü il iyul ayının 1-dən stansiyaının əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib.
Tikinti müddəti ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər. Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
""28 May" stansiyasında aparılan yenidənqurmanın növbəti mərhələsi çərçivəsində, əvvəlcədən tərtib olunmuş plana əsasən, stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində olan əsas çıxışı müvəqqəti bağlanacaq.
Burada yeni giriş-çıxış konstruksiyası inşa olunacağından stansiyanın bu hissəsində də söküntü işlərinin genişləndirilməsi vaxtı yetişib. Bu günə qədər metropoliten rəhbərliyi sərnişinlərin bu çıxışdan istifadə etməsi üçün müxtəlif tədbirlər görmüşdü. Lakin söküntünün və inşaatın bundan sonrakı mərhələsində, sərnişinlərin tam təhlükəsizliyi nəzərə alınaraq, əsas çıxışın bağlanması zərurəti yaranıb. Bununla yanaşı, 1967-ci ildə istifadəyə verilmiş stansiyanın istismar müddətini başa vurmuş və yararsız hala gəlmiş avadanlıqları da dəyişdiriləcək.
Bakı Metropoliteninin rəhbərliyinin çıxışın bağlanmasını məhz yay tətilləri dövrünə salması, bu aylarda sərnişin axınının nisbətən azalması ilə izah olunur.
Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə stansiyanın əsas çıxışı iyulun 1-dən müvəqqəti olaraq bağlanacaq.
Bu müddət ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasından istifadə edə biləcəklər"-deyə metropolitendən bildirilib.