Modern.az

Türkiyə seçkiləri: Türk dünyası onu DƏSTƏKLƏYİR

Türkiyə seçkiləri: Türk dünyası onu DƏSTƏKLƏYİR

Analitika

14 Mart 2023, 14:58

Türkiyə prezident seçkilərinə hazırlaşır. Qardaş ölkənin vətəndaşları mayın 14-də növbəti beş ildə prezidentin kim olacağını müəyyən etmək üçün səsvermə hüququndan istifadə edəcəklər.

 

Seçkilərin favorit namizədləri artıq bəllidir. Belə ki, ötən il AKP və Milliyyətçi Hərəkat Partiyasını (MHP) birləşdirən “Cumhur İttifaqı” hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Martın 6-da isə "Millət İttifaqı” – “Altılı Masa” prezidentliyə vahid namizədinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olduğunu açıqlayıb. Onlardan başqa daha iki nəfərin - Muharrem İnce və Sinan Oğanın da namizədliyi irəli sürülüb.

 

Türkiyədəki seçkilər təkcə region ölkələrini deyil, eləcə də Türk dünyasını yaxından maraqlandırır. 

 

Bəs, Türkdilli ölkələr Türkiyədə kimi prezident görmək istəyir?

 

 

Əvvəlcə onu bildirək ki, Türk dünyasında prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslənilir. Məhz onun hakimiyyəti dövründə Türkiyənin bütün Türkdilli ölkələr ilə əlaqələri genişlənib, Türkiyənin nüfuzu, siyasi və iqtisadi təsirləri daha da artıb. Eyni zamanda Türk dünyası daxilində inteqrasiya prosesləri də sürətlənib. Bundan əlavə, 2009-cu ildə Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildə təşkilat statusuna qaldırılıb və Türk Dövlətləri Təşkilatı adlandırılıb.

 

Ərdoğanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına yeni üzvlər də cəlb edilib. Cəmi 4 üzvlə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) yaradılan təşkilata daha sonra Özbəkistan üzv qəbul edilib. İllərdir tərəfsizliyini elan edən Türkmənistan, həmçinin, Macarıstan və Şimali Kipr təşklilatda müşahidəçi statusu qazanıb. Bu fəaliyyətlərinə görə Ərdoğan "Türk Dünyasının Ali Ordeni"nə layiq görülüb.

 

Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, Türkiyədə keçiriləcək seçkilər təkcə region ölkələri üçün deyil, bütövlükdə dünya üçün önəmlidir:

 

“Sözsüz ki, seçki İslam aləmi, Türk dünyası üçün çox önəmlidir. 2023-cü ildə Türkiyədə keçiriləcək seçki həm də əsrlər boyu əzilmiş, təbii resursları istismar olunmuş Afrika və Asiya xalqları üçün böyük əhəmiyyətə malikdir. Çünki “Ərdoğan Türkiyəsi” adını çəkdiyimiz ərazilərin ümididir. Rəcəb Tayyib Ərdoğan 2002-ci ildən bu yana iqtidardadır və mübaliğə etmədən deyə bilərik ki, bu səbəbdən Türkiyə bu gün dünya çapında nüfuza və gücə malikdir. Ərdoğan dünya səviyyəli nadir liderlərdəndir”.

 

 

Deputatın sözlərinə görə, Türkiyənin müxalifət partiyaları da ölkənin gələcəyi naminə Ərdoğanı dəstəkləməlidir:

 

“Əslində, Türkiyənin, Türk dünyasının gələcəyi, milli maraqlar naminə müxalif siyasi partiyalar da Milliyətçi Hərəkat Partiyası kimi Ərdoğanın namizədliyini dəstəkləməlidir. Bu gün dünya ağır böhran içindədir. Türkiyə və Türk dünyası üçün çox ciddi təhdidlər mövcuddur”.

 

Parlamentarinin fikrincə, Azərbaycan xalqı Rəcəb Təyyib Ərdoğanın növbəti dəfə prezident seçilməsini arzulayır: "Amma seçki hər dövlətin daxili işidir. Beləliklə, kimin seçilib-seçilməyəcəyi Türkiyə vətəndaşlarının qərarına bağlıdır".

 

 

Qazaxıstanlı jurnalist Amangəldi Kurmetuly də Türkiyədəki seçkilərlə bağlı fikirlərini Modern.az-la bölüşüb.

 

“Məncə, prezident seçkilərində Ərdoğan qalib gələcək. Amma bu, çox az fərqlə olacaq. Deputat seçkilərində hər hansı proqnoz vermək mənim üçün çətindir. Bildirim ki, Türkiyədəki seçkilərdə hansı namizəd qalib gəlsə də, Ankaranın Türk dünyası ilə münasibətləri dəyişməyəcək. Hətta seçkilərdən sonra daha da güclənə bilər. Bundan sonra Türk dövlətlərinin təşkilatlanması ilə yeni proseslərə start verilə bilər. Ən azından zəlzələ, sel, yanğın kimi fövqəladə hallar zamanı ortaq koordinasiya mərkəzinin yaradılması mümkündür. Ankara və Bakı Xəzərin Türk dünyası üçün “körpü” olmasına çalışacaq. Orta Asiyada bu məsuliyyət Qazaxıstan və Özbəkistanın üzərində olacaq. Qazaxıstan və Özbəkistan artıq ittifaq müqaviləsi imzalayıb. Bu, türk dünyasında yeni inteqrasiya səviyyəsinə aparan yol ola bilər”.

 

Ümumilikdə, Türkdilli ölkələrin siyasətçiləri, jurnalistləri, ictimai-xadimləri arasında Rəcəb Tayyib Ərdoğana simpatiyanın olduğu sezilir. Azərbaycan və Qazaxıstanla yanaşı, digər türkdilli ölkələrdə də Ərdoğanın prezident seçilməsini istəyənlərin sayı kifayət qədər çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir