Modern.az

Milli Qəhrəman övladı: “ ... Gədəbəyin deputatı olmaq istəyirəm” - MÜSAHİBƏ

Milli Qəhrəman övladı: “ ... Gədəbəyin deputatı olmaq istəyirəm” - MÜSAHİBƏ

11 İyun 2013, 10:08

“Dünən atamı səngərdə tək qoyanlar bu gün üzümüzə baxa bilmir”


Modern.az
saytı “Milli Qəhrəman övladı” layihəsini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun qızı Təhminə Rüstəmovadır. O, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin 4 kurs tələbəsidir.   

Milli Qəhrəman haqda arayış: Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub və  1986-cı ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində işləməyə başlayıb. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışıb. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetirilməsi Məzahiri də narahat edib. O, 1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Orduya yazılıb. Məzahir Şınıx cəbhəsinə gəlib və komandir müavini vəzifəsinə təyin edilib.
Döyüşlər müddətində bir sıra qəhrəmanlıqlar göstərən M.Rüstəmov “Milli Qəhrəman” adı almağa qədər uzun bir yol keçib.
Milli Qəhrəmanın qızı ilə söhbəti təqdim edirik.

– Mən ailənin tək övladıyam. Anamla bir yerdə Xətai rayonunda yaşayırıq.

– Atanızla bağlı ananız sizə nələri danışır?

– Onun ailəsini sevən və hörmət edən yaxşı ailə başçısı olduğu haqda anam hər zaman ürək dolusu danışır. Atam hətta döyüşə gedərkən arxasında bir körpəsinin belə, olduğunu düşünmədən öz vətəni, torpağı uğrunda savaşda iştirak üçün könüllü olaraq Milli Orduya yazılıb, vətəni üçün canından keçməyə hazır insan olub.

– Məzahir Rüstəmov şəhid olduqdan sonra sizə kimlər dəstək oldu? 

– Atam rəhmətə gedəndən sonra bizə yaxın qohumlarımız həm maddi, həm də mənəvi cəhətdən dəstək olublar. Onlar bizə atamın yoxluğunu əllərindən gəldiyi qədər hiss etdirməməyə çalışıblar.

– Milli Qəhrəman övladı olmaq sizi atacağınız hansı addımlardan çəkindirib?

– Atdığım bütün addımlarımda ilk öncə atamı, sonra isə anamı düşünmüşəm. Ailəmi hər zaman başa düşməyə çalışıram, davranışlarıma, istəklərimə hər zaman  öz içimdə sədd qoymuşam. Tələbə olaraq mənim əlimdən gələn yaxşı oxumaq və təhsilimdə  uğurlar əldə etməkdir. İstər universitet həyatımda, istərsə də gələcəkdə atamın adına layiq olmağa çalışacağam. Təhsilimi xaricdə davam elətdirmək fikrindəyəm.

– Bəs ananız necə?

– Mən hara getsəm anamı da özümlə aparacağam. Çünki o mənim həm atam, həm də anamdır. Bütün dəstəyimi, dayağımı anamdan alıram.

– İstər məktəbdə oxuyanda, istərsə də universitet illərində Milli Qəhrəman övladı olaraq yoldaşlarınız arasında özünüzü fərqləndirirsiniz?

– Xeyr, mən heç vaxt belə bir davranış göstərməmişəm. Bunu hər zaman içimdə yaşamışam və Milli Qəhrəman övladı olmağımı istər məktəbdə oxuyanda,  istər universitet həyatımda heç kimə hiss elətdirməmişəm. Nəticədə hər birimiz bərabərhüquqlu insanlarıq. 

– Milli qəhrəmanların İctimai Birliyi var. Orda tez-tez tədbirlər keçirilir. Keçirilən tədbirlərə dəvət alırsınız?

– Orda heç vaxt olmamışam və məni keçirilən tədbirlərə dəvət etməyiblər. Amma çağırsalar əlbəttə gedərəm.

– Atanıza daha çox nə zaman ehtiyacınız olduğunu hiss edirsiniz...

– Elə bir məqam yoxdur ki, mən atamı xatırlamayım və onun yoxluğunu hiss etməyim. Çünki ata hər bir övladın arxası, dayağıdır. Atamın  yoxluğunu sadəcə içimdə çəkirəm və  bunu əlimdən gəldiyi qədər heç kimə hiss elətdirməməyə çalışıram.

– Təhsil aldığınız universitetdə sizin Milli Qəhrəman övladı olduğunuzu bilirlər?

– Bəli. Bütün tələbələr kimi mən də  universitetə qəbul olanda ailələrimiz haqqında anket doldurduq və o zamanda bilmişdilər ki, mən Milli Qəhrəman övladıyam.

– Bunu biləndən sonra sizə qarşı münasibət dəyişdimi?

– Çox dəyişdi. İstər müəllimlərim, istərsə tələbə yoldaşlarım mənə daha həssas yanaşmağa çalışırlar. Və heç vaxt xətrimə dəymirlər.

– Atanızın döyüş yoldaşlarından kimlərsə sizinlə əlaqə saxlayırmı?

– Sağ ikən gəlib gedirdilər. Amma atam rəhmətə gedəndən sonra onların heç biri bizimlə əlaqə saxlamadı. Biz o insanlardan sadəcə mənəvi dəstək gözləyirik.

- Sizcə, atanızın döyüş dostlarının bu gün sizi axtarmamağının əsas səbəbi nədir?

– Bu gün o insanların bizi axtarmamağının səbəbi səngərdə atamı tək qoyub getmələri ilə bağlıdır. Bəlkə elə bu səbəbdən onlar bizimlə üz-üzə gəlməyə utanırlar. Çünki ən azından bilirlər ki, mən onlardan atamı səngərdə nəyə görə tək qoyub qaçdıqlarını soruşacağam. Və onlarda mənə atamla bağlı  heç nə danışa  bilməyəcəklər. 

– Bu il universiteti bitirəcəksiniz. Gələcəklə bağlı hansı planlarınız var?

– Hələ orta məktəbdə oxuyandan diplomat olmaq arzusunda olmuşam. Və Allah qismət edərsə, uşaqlıq arzumu reallaşdırmaq istəyirəm. Bu da olmasa, ata-baba yurdumuz olan Gədəbəydən millət vəkili seçilməyə çalışacağam.

– Sizcə, orda yaşayan insanların daha çox nəyə ehtiyacı var? Və onlara necə köməklik etmək istəyərdiniz?

– Mən demirəm ki, o insanların nəyəsə ehtiyacı var. Əgər gələcəkdə mənim arzum gerçəkləşərsə ilk öncə onlara mənəvi dəstək olmaq istəyərəm. Daha sonra isə onların problemlərini və istəklərini ictimaiyyətə çatdıraram.

– Atanızın adı əbədiləşdirilibmi?

– Bəli, hazırda yaşadığımız küçə atamın adınadır. Atamın təhsil aldığı 32  saylı orta məktəbə də onun adı verilib. Eyni zamanda Gədəbəydə atamın adına büst qoyulub. 

– Rayonla əlaqələriniz varmı?

– Orda nənəm-babam yaşayır. Tez-tez də olmasa da, arada imkan olanda onlara gedib baş çəkirik.

– Bu gün  bir çox gəncimiz Milli qəhrəmanlarımızın dəqiq sayını belə, bilmir. Milli Qəhrəman övladı olaraq təhsil aldığınız ali məktəb ocağında bununla bağlı hansısa təbliğat aparırsınız?

– Mən tək universitetdə deyil, sosial şəbəkələrdə də əlimdən gəldiyi qədər bu məsələlərin təbliğinə geniş yer verirəm. Xarici səhifələrdə paylaşmalar edirəm ki, orda yaşayan gənclərə də Azərbaycan həqiqətlərini çatdırıram.

– Millət vəkili olmaq arzusunda olduğunuz dediniz. Bunun üçün universitetdə hansısa ictimai işlərlə məşğul olursunuzmu?

– Geniş fəaliyyətim olmasa da, bəzi fəaliyyətlərim olur. Çalışacağam ki, bundan sonra daha fəal olum.

– Milli Qəhrəman övladı olaraq bugünkü gənclərin vətənə sevgisindən və davranışlarından hansı nəticəni çıxarmaq olar?

- Çox xoşbəxtəm ki, ətrafımda olan gənclər vətənini sevən və xalqına bağlı vətənpərvər insanlardır. Amma tək ətrafı nəzərə almasam, elə gənclərimiz var ki, bəzi şeyləri hakimiyyətlə əlaqələndirir. Əslində bu tamamilə fərqli şeylərdir. Vətəni sevməyin hakimiyyətə aidiyyatı yoxdur. Bir neçə ay bundan əvvəl çox acınacaqlı bir hadisənin şahidi oldum. Almaniyada təhsil alan bir qrup tələbə Xocalı soyqırımı ilə bağlı məsələni təbliğ etmədilər ki, hakimiyyət dəyişilməlidir. Amma bu hadisələrə bir az real baxmaq lazımdır. Bu gün gənclərimiz belə məsələlərə bəsit yanaşırlar.  

– Milli Qəhrəman övladlarının status məsələsini necə qiymətləndirirsiniz? Sizcə onlara bu status verilməlidirmi?

–Yaxşı olardı ki, onların övladlarının da status məsələsi qaldırılsın və məsələ öz həllini tapsın. 90-cı  illərdən ta bu vaxta qədər bu məsələ müzakirə olunur. Ailə vəziyyətimiz hələ ki pis deyil. Anam pensiya ilə təmin olunur. Dövlət tərəfindən mənə verilən pulu isə  müəyyən yaşıma qədər ala bilərəm. Daha sonra işlə bağlı problemim ola bilər. Zənnimcə, bütün Milli Qəhrəman övladları işlə təmin olunmalıdırlar.

– Bu gün gənclərimiz Milli qəhrəmanları tanımır.  Sizcə bu təbliğatın zəif olmasından irəli gəlir?

-Yaxşı olardı ki, radio və televiziyada gedən verilişlərdə Milli qəhrəmanlarımızla bağlı təbliğata geniş yer verilsin.  Televiziyada mənasız və bayağı verilişlər hazırlanır. Onun yerinə vətənpərvərliklə bağlı verilişlər hazırlanarsa, daha yaxşı olar. Çünki nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, hər an müharibəyə hazır olmalıdır və gənclərə vətənpərvərlik hissi aşılanmalıdır.
Çox istərdim ki, təhsil aldığım  ali məktəbdə də Milli qəhrəmanlara aid guşə yaradılsın.  Mənim fikrimcə, hər bir ictimai yerdə bu guşələr olmalıdır. Bu gün şəhərin mərkəzində parklar yaradılır.  Və yaradılan bu parklarda görkəmli dövlət xadimlərinin, ictimai-siyasi adamların  büstləri qoyulmaqla  yanaşı,  yaxşı olardı ki Milli qəhrəmanlara aid bir guşə də yaradılsın.  Bunlar tək  gənclərimizin deyil, ölkəmizə gələn turistlərin də diqqətini cəlb edəcək. Həm də Dağlıq Qarabağ məsələsində onlarda müəyyən fikirlərin  formalaşmasına yardımçı olacaq.


Pərvin ARZUQIZI
Foto: Elçin AĞAYEV

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI