
“Qərb ölkələri İranı vurmaq üçün Türkiyəni Liviya və Suriya kimi dağıtmaq istəyirlər”. Bu fikirləri politoloq Vəfa Quluzadə Türkiyədə günlədir davam edən etiraz aksiyalarının mahiyyətini Modern.az-a şərh edərkən bildirib. V.Quluzadənin sözlərinə görə, Türkiyə artıq Qərbin “qara siyahısı”na salınıb. Bunun əsas səbəbi isə İranı məhv etməkdir.
“Ərdoğan öz düşmənini xalqa elan etməlidir”
“Mən bir il bundan əvvəl bəyanat vermişdim ki, İrandan sonra növbə Türkiyənin olacaq. Türkiyəni dəyişmək lazımdır. Çünki Türkiyə demokratik dövlətdir, eyni zamanda müsəlman dövlətidir. Əgər Qərb İranın əleyhinə hərbi əməliyyata başlasa, Türkiyə bu prosesdə iştirak etməyəcək. Əksinə, Türkiyənin müsəlman əhalisi İrana hücum edən qüvvələrə qarşı döyüşəcəklər. İran bu gün hədəfdədirsə, bu yolda Türkiyə maneədir. Türkiyədə baş verən hadisələri bu şəkildə başa düşmək olar. Çünki Türkiyə stabil dövlətdir. Bu günə qədər Ərdoğan iqtidarına qarşı bir dəfə də etiraz olmayıb. Nümyişlərə baxanda görürsən ki, onların əksəriyyəti Türkiyənin yerli əhalisi deyil, uşaq-muşaqdır. Çoxları tələbələr, uzun saçılılardır. Bu insanları da üsyana qaldıran Qərb qüvvələridir. Onları stabil Türkiyə heç də təmin etmir. Əksinə, Türkiyə parçalansa, orada da xırda vilayətlər yaradıb, onların hamısını İranın əleyhinə yönəltmək olar. Bu danılmaz faktdır ki, Qərb heç vaxt dünyada güc mərkəzlərini istəmir.
Ərdoğan başa düşməlidir ki, onun düşməni kimdir. Ərdoğan öz düşmənini xalqa elan etməlidir. Qərb Türkiyəni Liviyanın, Suriyanın gününə salıb, dağıtmaq istəyir. Qərbin əsas məqsədi Türkiyədə vətəndaş müharibəsinə nail olmaqdır”-deyə politoloq bildirib.
V.Quluzadə hesab edir ki, Türkiyəni bu durumdan xilas etmək üçün Ərdoğan ya mübarizə aparmalı, ya da istefa verib getməlidir. Politoluqun sözlərinə görə, əks təqdirdə Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir.
“Türkiyə vəziyyətdən çıxmaq üçün ilk növbədə NATO-dan çıxmalı, İranla əsgəri müqavilə bağlamalıdır. Bu yolda Türkiyə İranın köməyindən faydalanmalıdlır. Türkiyə İranla əlbir olub ölkəsini vətəndaş müharibəsindən xilas etməlidir. Başqa çıxış yolu yoxdur. Yoxsa Ərdoğanın da sonu gözlənilir”.
Avropa ölkələrini Türkiyəni qarışdırmaqda günahlandıran V.Quluzadə bəzi xarici KİV-ləri də aksiyaya dəstək verməkdə ittiham edib. Onun fikrincə, Qərb açıq-aşkar Türkiyədə vətəndaş müharibəsi etmək niyyətindədir.
“Dünya KİV-lərini BBC-ni, Euronews-u, CNN-i, Rusiya telekanallarını izləmək bu qənaəti verir ki, bunların hamısı Taksim meydanındakı nümayişçiləri dəstəkləyir. Ərdoğanın xalqla görüşünə həmin KİV-lər cəmi 5 saniyə vaxt ayırırlar, amma aksiyaları dolğunluğu ilə yayımlayırlar. Buradan da görünür ki, Avropa, Rusiya üsyançıları dəstəkləyir. Bu baxımdan Ərdoğan hakimiyyəti başa düşməlidir ki, vəziyyət çox ciddidir. Onların əleyhinə hazırlanmış planla ya Misir inqilabı variantı, ya da Liviya variantı nəzərdə tutulub. Ərdoğan hakimiyyəti mübarizəyə hazır deyilsə, uduzacaq.
Aksiyaçılar əgər xaricdən dəstəklənirsə, onlarla kompromisə də getmək lazım deyil. Ərdoğanın gücü çatırsa, mübarizə aparsın, əks təqdirdə istefa verib getməlidir. Türkiyəni təhvil verib getməlidir”.
V.Quluzadə daha sonra qardaş Türkiyədə baş verən hadisələrin Azərbaycana təsiri məsələsinə toxunub. Həyəcan təbili çalan politoloqun fikrincə, Türkiyənin sonu Azərbaycan üçün ölüm-dirim məsələsidir.
“Türkiyənin sonu Azərbaycanın ölüm məsələsidir”
“Türkiyəni parçalama halları Azərbaycan üçün böyük təhlükədir. Bu ideya havada fırlanır, amma heç kim bilmir ki, bu nə cür həyata keçiriləcək. Suriyanı, Misiri, Liviyanı darmadağın etdikləri kimi, Türkiyəni də məhv eləmək istəyirlər.
Türkiyəni darmadağın edib, ermənilərə də ərazi iddası üçün şərait yarada bilərlər. Türkiyəyə ərazi iddiaları həyata keçiriləndə Azərbaycan bütün şanslarını itirəcək. Bizim regionda yeganə dayağımız Türkiyədir. Türkiyənin bölünməsi bizim ölüm-dirim məsələsidir. Bu baxımdan Türkiyənin sonu Azərbaycan üçün böyük təhlükədir”.
Qeyd edək ki, artıq 14 gündür ki, Türkiyədə AKP hakimiyyətinə qarşı kütləvi aksiyalar davam edir.

Anar RÜSTƏMOV