Modern.az

“Şirməmməd Hüseynov mükafatı” səfirə təqdim olundu - FOTO

“Şirməmməd Hüseynov mükafatı” səfirə təqdim olundu - FOTO

Media

14 Mart 2023, 14:14

Bu gün Mətbuat Şurasında "Şirməmməd Hüseynov Mükafatı"nın təqdimat mərasimi olub. 

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, mərhum alim, görkəmli mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanım, Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlı, millət vəkilləri Aqil Abbas, Vüqar İskəndərov və media təmsilçiləri iştirak ediblər. 


Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid giriş nitqi ilə açaraq, Şirməmməd Hüseynovun Azərbaycan mətbuatındakı xidmətlərindən və onun adına təsis edilmiş mükafatın önəmindən danışıb.

 

O çıxış üçün sözü Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovaya verib. "Şirməmməd Hüseynovla bağlı mükafatın təsis edilməsi məni sevindirir. Şadam ki, Şirməmməd müəllimin tələbələri onun adını yaşatmaq üçün çalışırlar",- Ülkər xanım söyləyib.

 

Parlament Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elşad Eyvazlı Şirməmməd Hüseynovun jurnalistlərin sevimli müəllimi olduğunu, onun ölkəmiz üçün böyük işlərə imza atdığını bildirib. 

 

Elşad Eyvazlı, həmçinin səfir Vilayət Quliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, diplomatiyamızın uğuru, tarix və ədəbiyyatın araşdırılması sahəsindəki xidmətlərindən söz açıb. PJB sədri vurğulayıb ki, fəaliyyəti dövründə böyük əmək sərf edən V.Quliyev ciddi nailiyyətlər qazanıb, Azərbaycan dövlətçiliyinə, tarixinə və mənəvi dəyərlərin qorunmasına misilsiz töhfələr verib.

 

"Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqatçı alim kimi fəaliyyəti, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qurucuları barədə araşdırmaları ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, Şirməmməd Hüseynov mükafatına layiq görülüb", - deyə Elşad Eyvazlı əlavə edib.

 

O, daha sonra "Şirməmməd Hüseynov mükafatı"nı Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevə təqdim edib.

 

Səfir Vilayət Quliyev mükafata görə təşəkkürünü bildirib: "Azərbaycanda dövlət mükafatları da daxil olmaqla bir çox mükafata layiq görülmüşəm. Ancaq mənim üçün bu mükafatın yeri ayrıdır. Hamımız Şirməmməd müəllimin tələbəsiyik. O, yazılarımla maraqlanırdı. Bir dəfə görüşəndə mənim yazımdan bəhs etdi. Dedim ki, vaxtınızı ayırıb, cızma-qaralarıma baxdığınıza görə  təşəkkür edirəm. O isə bildirib ki, "özünü aşağı tutma, sən alimsən".  Mən Polşada Azərbaycan mühacirətini tədqiq etmişdim. Məndə hər zaman istək olub ki, öyrəniləcək məsələləri tədqiq edim. Mükafatlandırmanın olması insana özünü yaxşı hiss etdirir. Çünki bilirsən ki, əməyin boşa getmir, onu dəyərləndirənlər var. Buna görə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm",- səfir deyib. 

 

Daha sonra deputatlar Aqil Abbas və Vüqar İsgəndərov çıxış edərək Vilayət Quliyevin yaradıcılığından danışıblar. Onlar belə bir mükafatın ərsəyə gətirilməsinə görə, PJB sədri Elşad Eyvazlıya təşəkkür ediblər.


Əməkdar jurnalist Akif Aşırlı isə qeyd edib ki, Şirməmməd müəllimin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatları misilsizdir: "Onun adına belə mükafatın təsis edilməsi çox yaxşı haldır. Buna görə Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlıya təşəkkür edirəm. Vilayət müəllimin yazıları olduqca mühümdür. Bu mükafatın ona verilməsi düzgün qərardır".

 


Yekunda Parlament Jurnalistlər Birliyinin üzvü Aqil Camal mükafatla bağlı təşkil olunan səsverməyə aydınlıq gətirib. O bildirib ki, səsvermə 50-60 jurnalist arasında keçirilib.

 

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərarı Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti 12 noyabr 2019-cu il tarixində qəbul edib. Əsasnamədə qeyd olunub ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.


“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir.

 

Təsisçilərin bildirdiyi kimi, mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək. Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühitində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi